Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Meydan Tamaşaları Festivalından qayıdıb  - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Meydan Tamaşaları Festivalından qayıdıb  + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Sentyabrın 1-dən 5-dək İran İslam Respublikasının Mərivan şəhərində ənənəvi Beynəlxalq Meydan Tamaşaları Festivalı keçirilib. AZpress.AZ xəbər verir ki, həmin nüfuzlu sənət yarışmasında Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov ekspert qismində iştirak edib.
İranın mədəni həyatında bu festivalın mühüm əhəmiyyət kəsb etdiyini bildirən T.Heydərov bir sıra xarici ölkə teatrlarının təqdimatında maraqlı tamaşalara baxdığını bildirib:”Hər tamaşadan sonra biz həmçinin teatrların kollektivləri ilə də görüşərək fikir mübadiləsi aparmaqla yanaşı, qarşılıqlı əməkdaşlığın perspektivlərini də müzakirə etdik”.
T.Heydərovun sözlərinə görə, festival çərçivəsində oynanılan tamaşalar xalqların və mədəniyyətlərin bir-birinə nə qədər yaxın olduğunu ortaya qoyub:”Müxtəlif xarici ölkə teatrlarının rejissor və aktyorları ilə apardığımız yaradıcılıq söhbətləri bir daha sübut etdi ki, sənət sərhəd tanımır”.
Lənkəran teatrının direktoru Mərivandan sonra Tehran şəhərinə gəlib və burada da rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra layihələrin planlaşdırılması məsələlərində iştirak edib:”Tehranda İran İslam Respublikasının Teatr Sənəti Baş İdarəsinin rəisi Şəhram Kərəmi, Beynəlxalq Fəcr Teatr Festivalının rəhbəri Nadir Burhanimərənd, Tehran Mərkəzi Teatrının rəhbəri Fazil Əsədi, Teatr sənəti üzrə regional şöbənin müdiri Atabəy Naderi, 3 il öncə teatrımızda B.Beyzayinin “İlan Sultan” əsərinə quruluş vermiş rejissor Xeyrullah Təğiyənipur və digər mötəbər şəxslərlə görüşlərimizdə kollektivimizin İran sənətçiləri ilə qarşılıqlı əlaqələri barədə müzakirələr aparıldı. Son nəticə olaraq, İrandan quruluşçu rejissor və bir neçə aktyorun iştirakı ilə Lənkəran teatrında müştərək tamaşanın hazırlanması, həmçinin qonşu ölkənin türkdilli vilayətlərində truppamızın qastrol səfərlərinin təşkil edilməsi, Lənkəran teatrının perspektivli rejissor və aktyorlarının İran teatrlarında təcübə keçmələri barədə ümumi razılaşma əldə olundu ”.

Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )