Sona Vəliyeva: - İçindən talanan qadın (+VIDEO)

Sona Vəliyeva: İçindən talanan qadın (+VIDEO)

İçindən talanan qadın



Varını, yoxunu,
inamını, qürurunu
taladırlar.
Ömrünü yalana satdılar.
Əvəzində əyarı
ucuz bir həyat
verdilər sənə.
Göz yaşların gecələr
ömrünü yudu,
səhərlər bəxtəvər görünəsən deyə
göz yaşının parıltısını –
dözüm mükafatını
qulağından, boynundan
asdın,
göz yaşının nəmi
kiflətdi bəxtini.
Duymasınlar deyə
gülümsədin həmişə.
yalan şöhrətin,
yalan bəxtəvəliyin üzünə.
Amma olmadı ki,
olmadı.
Üzündən asıldı
ömrün acı dadı,
bir ömür dözə-dözə,
əzilə-əzilə
yalanlara satıldın...
Bəxtəvər görünən,
“İçi özünü, çölü özgəni
yandıran”,
dözümündən hər gün
özünü asan
dərdli qadın.
Soruşdularmı,
heç olmasa, bir kərə
nələr çəkdiyini?
Dinlədilərmi
Ürəyinin qəm səsini?
Ərinin yalan
təriflərinin, vədlərinin
arxasından xəyanətin
acı qəhqəhəsini necə,
eşitdinmi,
bəxtəvərliyi yalan qadın?
“Güclüsən” deyə-deyə
gücünü aldılar,
qadın olduğun üçün
dözümündən asdılar.
Dözəcəksən balan üçün,
“el nə deyər” üçün dözəcəksən,
başqasını bir də
belə sevə bilmədiyin
üçün,
dözəcəksən sonacan,
ölüm qapıdan
girənəcən
dözəcəksən, dözəcəksən
qadın olduğun
üçün dözəcəksən.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )