Namiq Dəlidağlı: - 3 BAL GÜCÜNDƏ HƏR-HANSI BİR NAZİRİMİZİ...SİLKƏLƏSƏK...

Namiq Dəlidağlı: 3 BAL GÜCÜNDƏ HƏR-HANSI BİR NAZİRİMİZİ...SİLKƏLƏSƏK...

İllərdir ki, üzləşdiyimiz maddi sıxıntılara, qarşılaşdığımız haqsızlıqlara baxmayaraq, ümidimizi gələcəyə bağlayıb tab gətirirdik. Sonuncu (hələ ki, sonuncu) devalvasiya və “başbilənlər”imizin aşikar söylədikləri yalanlar olan-qalan ümid və gümanımızın da üstündən xətt çəkdi.

Hər kəsə bəllidir ki, əhalimizin əksər hissəsi bu gün banklardan kredit götürüb və demək olar ki, borc içindədir. Devalvasiya dalğasına qədər insanlarımız yaxşı-pis bir təhər götürdüyü kreditinin ödənişini edirdi. İndiki durumda isə bu ödənişlər əhalinin imkansız təbəqəsi üçün olduqca müşkül bir problemə çevrildi. Ümid qaldı “yuxarılara”. Onsuz da illərdir ki, yağlı vədlərlə, gəlişi gözəl sözlərlə aldadılan vətəndaşlarımız bu dəfə də kreslo sahiblərinin yalanlarına tuş gəldi. Öncə krediti olan vətəndaşlarımıza müxtəlif güzəştlər ediləcəyi vədi verilsə də, sonradan onların bu “beş mətəbəli” yalanları da “ayaq tutmadı”, yəni tüpürdüklərini yaladılar. Üstəlik, “kredit götürəndə bizimlə məsləhətləşmişdiniz...” kimi sərsəm və həqarət dolu ifadələr işlətməklə, vətəndaşlarımızı ələ saldılar, aşağıladılar. Çünki kredit götürən vətəndaşlarımız (söhbət əhalinin aşağı təbəqəsindən gedir) heç də kefindən və yaxud ehtiyacı olmadığı halda bu addımı atmayıb. (Buna onların aldıqları cüzi məvacib də imkan vermir ki, hər hansı bir xoş niyyətli işləri üçün kredit götürsünlər və yavaş-yavaş geri ödəsinlər.) Ehtiyac üzündən belə riskə gediblər. Ona görə risk dedim ki, ümumiyyətlə, bizim məmləkətdə kredit götürmək fəlakətdir, bilə-bilə məhvə sürükləməkdir. Buna krediti ödəyə bilmədiyi üçün evi, mülkü əlindən çıxanları, müxtəlif növ intihara əl atanları misal gətirmək olar. Banklarda faizlər o qədər yüksəkdir ki, bu oyuna girən hər kəs uduzub çıxır. Əslində biz banklardan pulu kredit deyil, sələmə götürürük. Sələm isə dində haram buyrulub, qanun isə buna yol vermir.

Bu gün ölkəmizdə yaranan iqtisadi böhran, vətəndaşlarımızın maddi sıxıntıları hər kəsə bəllidir. Bütövlükdə dünyada bu və buna bənzər çətinliklər hökm sürməkdədir. Ancaq mən inanmıram ki, əhalinin qayğı və problemlərinə bizdəki kimi bu qədər biganəlik olsun, saymamazlıqla yanaşılsın. Dünyanın hər yerində zəlzələlər, sunamilər, digər təbii fəlakətlər baş verir, iqtisadi böhranlar olur. Hər kəs “dağ boyda” dərdini, problemini yoluna qoyur, həll edir. Xalqla həmrəyliyini nümayiş etdirir. Bizim məmurlar kimi yəqin ki, kimsə vətəndaşın düşdüyü durumdan öz xeyri və yaxud istəyinə uyğun istifadə etmir.

Yuxarıda qeyd etdiyim kimi, bizim “baş bilənlərimiz” vətəndaşlarımıza kömək etmək əvəzinə, onların düşdüyü çətin durumunu bir az da dərinləşdirirlər. Çünkü əhalimiz hökumətdən güzəşt və yardım gözlədiyi halda, yeni-yeni problemlərlə üzləşir, ayrı-ayrı məmurların şəxsi mənafelərinin qurbanına çevrilir. Bu xalqımıza qarşı haqsız, ədalətsiz addım olmaqla yanaşı, dövlət başçısının da tövsiyə və tapşırıqlarına ziddir.
Ancaq görünür ki, bütün bunlar gözünü xalqdan oğurladığı var-dövlət tutmuş reket məmurlara bəs və təsir etmir. Kimin əlində hansı imkan varsa, onu millətin ziyanına tuşlayıb və istifadə edir.
Son vaxtlar ən orijinal təkliflər əvvəllər “balıq Hafiz” dediyimiz, indi isə balıqsız-zadsız qalan Hafiz Hacıyevdən gəlir. Cənab Hacıyevin reket məmur və nazirlərlə bağlı təklifinə mənim də bir əlavəm var: çox demirəm, 3 bal gücündə hər-hansı bir nazirimizi yaxasından tutub silkələsək, onun “üst-başından” tökülən pulla vətəndaşlarımızın banklara olan bütün borcunu ödəmək olar. İndi söz sizindi, cənablar...

Namiq Dəlidağlı 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !