Laçın rayonu Taxtakörpü qəsəbəsində təhsil işçilərinin konfransı keçirilib - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Laçın rayonu Taxtakörpü qəsəbəsində təhsil işçilərinin konfransı keçirilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində təhsil işçilərinin 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunan konfransı keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünü ziyarər edərək, önünə tər gül dəstələri qoyublar.
Laçın rayon təhsil şöbəsinin müdiri Nicat Həsənovun məruzəsində ötən dərs ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, 2017-2018-cı tədris ilində 80 tam orta, 25 ümumi orta məktəb, 2 məktəbdən kənar təhsil müəssisəsi fəaliyyət göstərib. 1194 sinif komplektində 11 min 998 şagirdin təlim-tərbiyəsi ilə 2746 müəllim məşğul olub. Dərs ili ərzində rayon təhsil şöbəsi təlimin keyfiyyətinin yüsəldilməsini, metodiki işin müasir tələblər səviyyəsində qurulmasını, qabaqcıl təcrübənin öyrənilməsini, istedadlı şagirdlərin aşkara çıxarılmasını, onların müsabiqə və yarışlarda, olimpiadalarda iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb. Ötən tədris ilində Çıraqlı kənd tam orta məktəbi üçün yeni bina tikilib. Çaylı, Qorçu, Nərmaniya kənd ümumi orta məktəbləri Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilən yaşayış massivindəki məktəb binasının birinci korpusuna köçürülüb. Rayonun 6 nömrəli, 46 nömrəli və Çıraqlı kənd tam orta məktəblərində təmayüllü siniflər təşkil olunub.
Diqqətə çatdırılıb ki, bu il ümumtəhsil məktəblərini bitirən 939 məzundan 744 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib, onlardan 472 nəfəri tələbə adını qazanıb. Bu, Laçın rayonu üzrə son 26 ildə ən yüksək göstəricidir. Məzunlardan 92 nəfəri 500-dən yüksək, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb. Bundan başqa 61 nəfər məəzun orta ixtisas müəssisələrinə qəbul olub.
Yeni dərs ilinə hazırlıqla əlaqədar təhsil ocaqlarında cari təmir işləri aparılıb, 116 adda 52 min 562 ədəd dərslik, 2378 ədəd müəllim vəsaiti alınaraq məktəblərə paylanıb. Müəllimə olan ehtiyacı olan məktəblərdə işləmək üçün 107 nəfər gənc müəllim müsabiqədən keçərək rayona göndərilib.
Tədbirdə çıxış edənlər rayon təhsilinin inkişafı istiqamətində görülən işləri, əldə olunan uğurlu nəticələri və nöqsanları geniş təhlil ediblər.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Təhsil Problemləri İnstitutunun şöbə müdiri Hümeyir Əhmədov çıxış edərək, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb, onlara yeni dərs ilində uğurlar arzulayıblar.
Tədbirdə qabaqcıl təhsil işçilərinə və ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərmiş gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edilib. Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Fotomüxbir Mais Amin AZpress.AZ.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )