Ağalar İdrisoğlu: - Bayrağı etibar eləyə biləcəyimiz idmançı (+FOTOLAR)

Ağalar İdrisoğlu: Bayrağı etibar eləyə biləcəyimiz idmançı (+FOTOLAR)

Bayrağı etibar eləyə biləcəyimiz idmançı
(Portret cizgiləri)

 

Zaur Məmmədov: “ Onlar mənim mənəvi övladlarımdır. Bütün ümidlərini də mənə bağlayıblar. Onların imidlərini qırmaq mən tərəfdən cinayət olar”.

 

Yolum Lənkəran rayonuna düşmüşdü. Orada, Liman şəhərində Cənub bölgəsində peşəkar boksun yaradıcısı, idmanın böks və başqa növlərinin yayılmasında, inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmiş, SSRİ İdman Ustası, Əməkdar məqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, idman sahəsinin əfsanəvi qəhrəmanı Əlizadə Əsədovla görüşdüm. Mən qətiyyətlə deyə bilərəm ki, bu insan dövrümüzün tarixi şəxsiyyətlərində biridir. Çünki o, sağlığında adını Azərbaycan idmanının böks növü üzrə tarixə əbədi yazdırmış idman mütəxəssislərimizdən biridir.
Hələ özü böksla məşğul olduğu vaxtlarda dəfələrlə ölkə birinciliyinin, ümumittifaq yarışların qalibi olmuş Əlizadə Əsədov idmanın bu növü üzrə İdman ustası olanda artıq tam qət etmişdi ki, Cənub bölgəsində idmanın boks növünü dirçəltmək onun alnına yazılıb. Bu onun alın yazısı olmalıdır. Bu çətin və ağır iş həqiqətən də onun alın yazısı oldu. Çünki öz evinin zirzəmisində Liman qəsəbəsində və qonşu kəndlərdə yaşayan uşaqlar üçün təmənnasız olaraq böks məktəbi yaradan Əlizadə müəllim o arzularla yaşayırdı ki, çətin də olsa idmanın bu növünü Cənub bölgəsində məşhurlaşdıracaq. Məşhurlaşdırdı da. Həmin "zirzəmidən" çıxan uşaqlar sonralar təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində və dünyada tanındı. SSRİ və Dünya çempionları oldular… Bu insanların demək olar ki, hamısı idmanda əldə etdikləri uğurlara görə, həddindən artıq təvazökar, hər bir tələbəsi üçün ömrünü çıraq edən, gördüyü bu işdə heç bir təmanna güdməyən Əlizadə Əsədova borcludurlar.
Biz Əlizadə müəllimlə artıq “ağzı günə qalan”, həyətindəki asfaltı da ot basmış Cənub Regional Boks Mərkəzinə getdik. Əlizadə Əsədovun rəhbərlik etdiyi Lənkəran “Neftçi” Cəmiyyətinin maliyyəsi hesabına bir vaxtlar tikdirdiyi və burada da çoxlu idmançılar yetişdirdiyi, hər yerdə adla deyilən Cənud Regional Boks Mərkəzi, Respublika Boks Fodorasiyasının əli ilə Əlizadə müəllimin əlindən “mədəni surətdə” alınandan sonra bu bina artıq bərdad günə qalıb. Burada demək olar ki, artıq boks məşqləri də keçirilmir. Ən böyük dözülməz hal odur ki, Əlizadə Əsədovun özu burada məşqlər keçirmək istəyəndə gərək kimlərdənsə icazə almalı və kimlərsə gəlib qapının açarını ona verməlidir ki, yetirmələrilə zala keçə bilsin. İnanılmazdır deyilmi? Amma bu, həqiqətdir. Bu haqda dəfələrlə yazılsa da, deyilsə də nə Lənkəran rayon rəhbərliyi, nə də Respublika Boks Fodorasiyası bu işə bir əncam çəkmək istəmir... Deməli, onlara Cənub bölgəsində boks lazım deyil. Amma ölkə başçısı İlham Əliyev və Birinci Vitse prezident Mehriban xanım Əliyevə idmanın inkişafına əllərindən gələni etsələr də yəqin ki, Cənub bölgəsindəki bu “oyundan” onların da xəbərləri yoxdur. Bu, əlbəttə, başqa bir yazının mövzusudur. Yəqin ki, biz, tezliklə bu mövzuya qayıdıb və şəxsən Əlizadə Əsədova Cənub bölgəsində boksu inkişaf etdirməyə kimlərin mane olduqları məsələsilə bağlı ayrıca yazı hazırlayacağıq. Amma söhbətimiz əsnasında Əlizadə Əsədov tələbəsinin-tələbəsi Zaur Məmmədovun son vaxtlar idmanda əldə etdiyi böyük uğurlar haqqında ürək dolusu danışdı. Onun bu söhbəti məndə böyük maraq yaratdı və biz Əlizadə müəllimlə Lənkəran şəhərinə gedib, Zaur Məmmədovla görüşdük. Onunla görüşüb söhbət etdikdən sonra mən anladım ki, biz Azərbaycanda mislilsiz xidmətləri olan dünya şöhrətli bir idmançı haqqında demək olar ki, heç nə bilmirik. Belə bir insan demək olar ki, təbliğ olunmur. Onun gördüyü böyük işlər haqqında demək olar ki, heç nə yazılmır. Bu qədər böyük xidmətləri olan belə bir insan tam yaddan çıxıb. Belə qərara gəldim ki, onunla çoxminli oxucuları yaxından tanış edim.
Qısa arayış: Zaur Mais oğlu Məmmədov Lənkəran rayonunun Şilavar kəndində 1977-ci ilin may ayının 10-da anadan olub. İdmanla məşğul olmağa 13 yaşından sərbəst güləş və karate do növlərilə başlayıb. On üç il idmanın bu növləri ilə məşğul olub. Onun məşqçisi, Lənkəran Dövlət Universitetinin məzunu Firdovsi Əhmədov olub. O, idmanın bu növlərində demək olar ki, məğlubedilməz sayılıb. 1994-95-ci illərdə respublika çempionu pilləsinə yüksəlib. Ordu sıralarında xidmətə çağrılan Zaur Mımmədov Sərhəd Qoşunlarında xidmət edib və burada da idmanla məşğul olmaqla sərhədçilərin sırasında dəflərlə respublika hərbiçiləri arasında çempionu olub. Ordudan tərxis olunduqdan sonra Rusiya Fedorasiyasının Ural Diyarı yığma komandasına dəvət olunub. Altı il Rusiya Fedorasiyasının idman şərəfini qoruyub. Zaur Məmmədovun orada müəllimi idmanın sambo növünü yaradanlardan birinin tələbəsi olan Aleksandr Aleksandroviç Kazlov olub. Altı il ondan idmanın sambo növünün sirrlərini öyrənən Zaur Məmmədov həm də qarışıq döyüş növlərilə də məşğul olub. İdmanın bu hər iki sahəsində böyük uğurlar əldə edib. Yeddi dəfə Dünya çempionu və Dünya kubokunun sahibi olub. Bundan başqa Zaur dəfələrlə Avropa və Avroaziya çempionu da olub. Bütün bu xidmətlərinə görə İdman ustası və Əməkdar məşqçi adlarına da layiq görülüb. Hal-hazırda isə Lənkəran Dövlət Universitetinin idman üzrə müəllimidir. SSRİ İdman ustası, Əməkdar məqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Əlizadə Əsədovla birlikdə bu təhsil ocağında idmanın inkişaf etməsi üçün əlindən gələni edir.
-Siz Rusiya ölkəsini dünya yarışlarında təmsil edirdiniz. Bu yarışlardan yaddaşınızda nələr qalib?
- O yarışların demək olar ki, hamısı yadımdadır. Axı dünya səviyyəli idmançılarla döyüşə çıxırdım. Mən hər bir qələbəmi böyük zəhmətimin hesabına əldə eləmişəm. Türkiyədə və Ukraynada olan yarışlarım mənə elə gəlir ki, ən çətin yarışlarım olub. Çünki bu yarışlarda qarşılaşdığım idmançıların hamısı idman sahəsində böyük uğurlar əldə edən peşəkar idmançılar idilər. Hamısı da dəfələrlə düyna və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdular. Belə adamlara qalib gəlmək idmançıdan təkcə böyük zəhmət yox, həm də böyük inam tələb edir. Son görüşlərimdən biri isə İrandan olan idmançı ilə olub. O, İran Prezidentinin mühafizə dəstəsində qulluq edir və əlbəyaxa döyüşdə həmişə məğlubedilməz olub. Çünki mən videoda onun yarışlarına baxmışdım. Görürdüm ki, belə güclü idmançını məğlub etmək mümkün deyil. Özümə inamım və gecə-gündüz öz üzərimdə işləməyimin nəticəsində mən onu 15 xal hesabı ilə məğlub etdim. Hətta ona bir xal qazanmağa da imkan vermədim. Açığı o, buna heç cür inana bilmirdi. İnana bilmirdi ki, axır ki, onu məğlub edən idmançı tapıldı.
-Siz Rusiyada sayılıb-seçilən idmançılardan və məşqçilərdən biri idiniz. Bəs niyə yenidən Azərbaycana qayıdıb burada işləməyə qərar verdiniz?
-Açığı valideyinlərim yaşlıdır və bir də Vətən həsrəti məni məcbur elədi ki, Azərbaycana qayıdım. Bakıda iş təklif eləsələr də Lənkəranda işləməyi üstün tutdum. Mən sizə bir həqiqəti deyim ki, Rusiyada yaşayan azərbaycanlıların demək olar 80 faizi Vətən həsrətilə yaşayırlar. Əgər onlara Azərbaycanda lazım olan şərait yaradılsa, onlar bir gün belə Rusiyada qalmazlar və Vətənə dönərlər. Orada bizim millətin çoxlu peşəkar idmançıları da var ki, dünya və Avropa yarışlarında Rusiyanı təmsil edib, qalib olurlar. O idmançılara da respublikamızda lazım olan şərait yaradılsa, Azərbaycana gəlib, burada idman sahəsində görürməmiş uğurlar əldə edərlər. Mən də Lənkərana gələn kimi məşqçiliyimi davam etdirdim. Bundan başqa özüm də idmançı kimi yarışlara qatıldım. Bu müddətdə çoxlu peşəkar idmançılar yetişdirmişəm. Amma ən acınacaqlısı odur ki, yüksək peşəkar idmançıalarım Azərbaycanda özlərinə lazım olan iş tapa bilmədiklərinə və onlarla Respublika idman təşkilatları lazım olan kimi maraqlanmadıqlarına görə onlar ölkəni tərk ediblər. Hal-hazırda dünyanın ən aparıcı ölkələrində 6 nəfər mənim yetişdirdiyim idmançılar var ki, onlara orada lazım olan bütün şəraitlər yaradılıb. Mən onlara Azərbaycandan getməyə bir şərtlə icazə verdim ki, onlar hansı ölkəni təmsil etməklərindən asılı olmayaraq, qalib gələndə həmin ölkənin bayrağı ilə yanaşı Azərbaycanın da bayrağını götürsünlər. Onlar da sağ olsunlar ki, mənim bu təklifimi qəbul ediblər. Həmin idmançılardan Namik Məmmədov Rusiyanın K-1 yığma komandasının üzvüdür. Zabit Səmədovla bir komandadırlar. Rusiya idmanının şərəfini qoruyan Amin Qasımov dördüncü peşəkar döyüşün dünya üzrə çempionu oldu. Amin Qasımov inanıram ki, tezliklə bütün dünyada ən güclü idmançılardan biri kimi tanınacaq. Ukraynanı idman üzrə dünyada təmsil edən tələbəm Ruslan Məmmədov bu yaxınlarda əlbəyaxa döyüşdə ermənilərin ən peşəkar döyüşçüsünü məğlub edib, dünya çempionu oldu. O, indi Ukraynanın Peşəkar Sambo Fodorasiyasının üzvüdür. Əlbəyaxa və kinq boks yarışlarına da qatılır. O, bu vaxta qədər dünya səviyyəsində 20 döyüş keçirib. Yalnız üçündə məğlub olub. Ona Ukraynada böyük ümid bəslənir və hər cür şərait yaradılıb.
- Bu vaxta qədər neçə tələbəniz dünya yarışlarının qalibi olub?
-50 tələbəm dünya yarışlarının və Avropa yarışlarının qalibi olublar. Mən həm də Lənkərandakı güc strukturlarının da məşqçisiyəm. Polisdə, Milli Təhlükəsizlik idarəsində mənim bir neçə tələbəm də dünya səviyyəli yarışların qalibidirlər. Onlarla da ciddi işləyirik. Mən peşəkar döyüşçülər yetişdirməklə yanaşı Lənkəran Dövlər Universitetində də Əlizadə müəllimlə, Vüqar müəllimlə birlikdə işləyirik. Əlbəyaxa döyüşlərdə Əlizadə müəllim, Vüqar müəllim idmançılara boksu öyrədirlər və mən də başqa döyüş növlərini, güləşi öyrədirəm. Bu Universitetin artıq üç tələbəsi də dünya kubokunun sahibi olublar. İki ay bundan qabaq Biləsuvarda keçirilən Beynəlxalq səviyyəli Avroasiya çempionatında qarışıq döyüşdə Lənkəran Dövlət Universitetinin tələbəsi İdris də çempion oldu.
-Lənkəranda yeni Olimpiya Kompleksi tikilib istifadəyə verilib. Belə bir söhbət vardı ki, sizi həmin kömpleksin rəhbəri təyin edəcəklər. Bəs niyə başqasını təyin etdilər?
-Açığı mən özüm də bilmirəm niyə belə oldu. Çünki məni bir neçə ay bundan əvvəl Kanada Respublikasının İdman Nazirliyi peşəkar döyüş növu üzrə məşqçi işləməyə dəvət etmişdi. Kanadadan nazirin kuratoru və başqa nümayəndələr də gəlmişdi mənimlə görüşməyə və söhbət etməyə. Onlar mənə hər cür şərait yaradacaqlarına da söz verdilər. Hətta məni ondan əvvəl Rusiyaya, Almaniyaya, Türkiyəyə də məşqçi işləməyə dəvət etmişdilər. Amma mən dedim ki, Lənləranda Olimpiya Kompleksinə rəhbərlik edəcəm və bu bölgə üçün idmançılar yetişdirəcəm. Hətta fikrim vardı ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayıb həmin ölkələrin idman şərəfini qoruyan tələblərimi də bura gətirim və onlar da bundan sonra Azərbaycanın idman şərəfini qoruyacaqdılar. Hətta Əlizadə müəllimlə çoxlu planlar da qurmuşduq ki, orada hansı işləri görəcəyik ki, qısa vaxtda respublikada və dünyada öz sözümüzü deyə bilək. Fikrimiz vardı ki, orada Hotel yaradaq və Azərbaycanın bütün bölgələrindən olan güclü idmançıları seçib Lənkərana gətirmək istəyirdik. Onlar həmin Hoteldə yaşayacaqdılar. Məktəbdə oxuyanlar da Lənkəran məktəblərində öz təhsillərini davam etdirəcəkdilər. Hətta həmin uşaqlara təqaüd verməyi də planlaşdırmışdıq. Yəni həmin Olimpiya Kompleksində bir neçə idman növünün böyük bazasını yaratmaq fikrimiz vardı. Və hər il idmanın ayrı-ayrı növləri üzrə 3-4 dünya çempionu yetişdirəkəydik. Əfsus ki, bizə belə şəraiti yaratmadılar.
-Bu vaxta qədər siz nə qədər idmançı yetişdiribsiniz?
-Üç mindən çox mən idmançı yetişdirmişəm. İndi hal-hazırda 150 idmançı ilə işləyirəm. Təsəvvür edin ki, həmin 150 nəfər və başqa yerlərdən gələn 200-250 nəfər idmançı ilə nələr əldə etmək olardı. Axı bu idmançılar Olimpiya Kompleksinin başqa trinajor zallarından, üzgüçülük hovuzlarından və başqa sahələrindən istifadə etməklə necə böyük uğurlara imza ata bilərdilər.
- Sizə Olimpiya Kompleksinə rəhbərlik etməyə imkan verilmədiyi tərzdə nə etmək fikriniz var? Rusiyaya, Almaniyaya, Türkiyəyə və ən nəhayət Kanadaya işləməyə getmək istəyirsinizmi?
-Açığı valideyinlərim halallıq vermirlər ki, mən başqa yerə işləməyə gedim. Onlar yaşlı insanlarıdır. Həm də son illərdə bu qədər tələbə yetiçdirmişəm. Onları da başsız qoyub getmək heysiyyatıma toxunur. Axı onların hər biri mənim mənəvi övladlarımdır. Bütün ümidlərini də mənə bağlayıblar. Onların imidlərini qırmaq mən tərəfdən cinayət olar. Mən ümid edirəm ki, gec-tez haqq öz yerini tapacaq. Yəqin ki, Respublika səviyyəsində idman sahəsinə rəhbərlik edənlər fikirləşəcəklər ki, onlar niyə belə addım atdılar? Məgər onlara Cənub bölgəsində idmanın inkişafı lazım deyil? Onlar Əlizadə Əsədovla belə insafsız, haqsız hərəkət etməklə bu bölgədə boksu məhv etdilər. İndi də əlbəyaxa döyüşü, sərbəst güləşi, sambonu, kinq boksu məhv etmək istəyirlər. Bax bütün bunlarla, bu bəd əməllərlə onlar nə əldə edəcəklər?
-Beynəlxalq səviyyəli Avroasiya əlbəyaxa döyüşü Lənkəranda keçirilməli idi. Daha doğrusu Liman şəhərindəki Beynəlxalq Regional Boks Mərkəzində. Hətta embilemin və medalların üstündə Lənkəran sözü qalmaqla yarış Biləsuvarda keçirildi. Bəs necə oldu ki, bu yarış Biləsuvara aparıldı?
-Orada 17 ölkənin 250-dən çox idmançıları iştirak edəcəkdi. Lənkəran rayonunda da insanlar bu yarışın keçirilməsini səbirsizliklə gözləyirdilər. Onlar üçün qalmağa yerlər də ayrılmışdı. Lənkəranda, Limanda insanların maliyyə imkanlarına da bir kömək olacaqdı. Təsəvvür edin ki, 250-dən çox idmançı, onların müəllimləri, jurnalistlər bu rayondan alış-veriş edəcəkdilər. Yerli nəqliyyatın xidmətlərindən də iastifadə etməklə insanlara maliyyə köməkliyi edəcəkdilər. Gələn komandalar üçün Cənub bölgəsinin rayonlarına, yaxşı istirahət yerlərinə, mənzərəli meşələrə turist gəzintisi də təşkil etməyi planlaşdırmışdıq. Xəzər dənizi sahilindəki çimərlikdə onlar üçün lazım olan şəraitlər də yaradılmışdı. Yarışın təntənəli alınması üçün açılış və bağlanışla bağlı yaxşı ssenari fikirləşmişdik. Bu yarşlar da respublika televiziyalarında göstəriləcəkdi. Bütün bu işlərə də Əlizadə müəllim rəhbərlik edəcəkdi. Amma bilmirəm necə oldu ki, kimlərsə bu işə maneçilik etdilər və yarış Biləsuvara keçirildi. Emblemin və medalların üstündə Lənkəran sözü də qaldı. 17 ölkədən yeddisi yarışın Biləsuvarda keçirilməsindən imtina edib, geri qayıtdılar. Çünki yayın istisində onlar Biləsuvarın hansı vəziyyətdə olduğunu gördülər. Axı Lənkəranla Biləsuvarın təbiətində də böyük fərq var. Bu, əlbəttə, ölkə başçısına, dövlətimizə qarşı idmanla bağlı təxribat oldu. Əlbəttə, biz bilirik buna mane olanlar kimlər olub. Zaman gələcək həmin adamların adları çəkiləcək. Həmin adamlar Cənub Regional Boks Mərkəzini də bu gün kor günün qoyublar. Bununla onlar təkcə boksu yox, boksla bağlı idmanın başqa növlərini də məhv ediblər. Dəhşətə baxın ki, həmin bina Lənkəran rayon “Neftçi” İdman Cəmiyyətinin balansında olsa da həmin təşkilatın idmançılarına orada məşq etmək yasaq olunub. Bu, inanılmaz olsa da bir həqiqətdir. Elə bil kimsə həmin binanı özəlləşdirmək istəyir. Amma bu mümkün olan iş deyil. Biz, Lənkəran idmançıları Prezidentin sadiq əsgərləriyik və buna heç vaxt imkan vermərik. Qoy həmin binanı özəlləşdirmək istəyən həmin adamlar da eşitsinlər və bu fikirdən tam əl çəksinlər.
-Əlizadə müəllim, son söz kmi siz nə deyə bilərsiniz?
-Əlbəttə, Cənub bölgəsində idmana qarşı bu biganəlik təxminən 7 illərdir ki, davam edir. Elə bil ki, bu adamlar sözləşiblər. Harada ki, mənim məktəbimi keçənlər var onlara qarşı çox məkirli oyunlar gedir. Zaur mənim tələbəmin tələbsidir. Deməli, mənim nəvəm sayılır. Onlar məndən, tələbələrimdən qurtarıb, indi də nəvələrimə qarşı səlib yürüşünə çıxıblar. Mən Zaurun işini gördükdə öz cavanlığım yadıma düşür. Görürəm ki, o, çox çalışqandır. İdman üçün əlindən gələni mənim kimi təmənnasız edir. Gördüyü işə görə heç kimdən də heç bir təmənna ümmur. Məni də bir vaxtlar dünyanın bir neçə ölkəsinə həm idmançı və həm də məşqçi kimi dəvət etmişdilər. Amma mən Vətəndə yaşayıb, Azərbaycan idmanına xidmət etməyi üstün tutdum. Həmin ölkələrə getsəydim həm böyük uğurlar əldə edərdim və həm də çox varlı insanlardan biri ola bilərdim. Amma mən “Vətən iman əsərimizdir” deyib Azərbaycanda, Lənkəranda qalmağı üstün tutdum. Ona görə də mənim ürəyim ağrıyır ki, Zaur Məmmədova burada lazım olan şərait yaradılmır. Bax buna görə də sizdən xahiş etdim ki, onun gördüyü işlərin heç olmasa kiçik bir hissəni qələmə alıb, respublika mətbuatına çıxarasınız. Onun haqqında, gördüyü bu böyük işlər haqqında demək olar ki, heç nə yazılmır. Axı belə olmaz. Əslində belə insanları yüksək səviyyədə təbliğ etmək, onlara lazım olan şərait yaratmaq lazımdır ki, belə adamlar daha böyük həvəslə işləyib, Azərbaycan idmanını düynada daha yaxşı tanıtsınlar. Mən istəmirəm ki, vaxtı ilə mənim çəkdiyim əziyyətləri indi onlar çəksinlər. Əgər Zaur kimi məhsuldar məşqçilərə lazım olan şəraitlər yaradılsa Azərbaycan idmanını daha böyük uğurlar əldə edər. Zaur Məmmədov az bir zamandır ki, Lənkəran Dövlət Universitetində işləyir və burada həm müəllimlər və həm də tələbələr arasında böyük hörmət qazanıb. Axı onun və mənim yetişdirdiyim idmançılara lazım olan şəraitlər yaradılsa onlar işlədikləri xarici ölkələrdən Vətənə gələr və Azərbaycan idmanının inkişafına daha çox xeyir verə bilərlər. Belə insanlara şərait yaradılsa Azərbaycan bayrağını həmişə dünya yarışlarında dalğalandırarlar. Belə insanlara bayrağı etibar etmək olar. Şünki onlarda Vətən sevgisi çox yüksəkdir. Nəyin bahasına olursa olsun yarışlarda qalib gəlib, bayrağımızın yüksək pillədə dayanmasına nail olacaqlar. Bilirsiniz ki, bayraq yalnız iki şəxsin şərəfinə qaldırılır. Bir Prezidentin və bir də qalib idmançının. Mən ömrürün 40 ildən çoxunu peşəkar idmana həsr edən bir mütəxəssis və beynəlxalq səviyyəli hakim kimi Zaura və onun kimi idmançılara çox inanıram. Azərbaycan idmanına rəhbərlik edənlər bu haqda indi ciddi düşünməlidirlər. Çünki sabah gec ola bilər. Axı sabahın da öz işləri var.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !