Zamin Hacı: - ...camaatımız da həvəslənmişdi. Hamı kredit götürürdü.

Zamin Hacı: ...camaatımız da həvəslənmişdi. Hamı kredit götürürdü.

“Bu bozqırda han olsaydım,
Yıxıq, pərişan olsaydım,
Yenə sevərmiydin məni,
Simsiyah duman olsaydım”
(Yusuf Hayaloğlu, Türkiyə)

 

Neftin qiyməti dünya bazarında kəlləçarxa vuranda bundan camaatımız da həvəslənmişdi. Hamı kredit götürürdü. Özü də barı krediti bir fərli işə sərf etsək... Maşın alıb avtoşluq və qonşuya fors edən, içində insan yaşamayan qırx otaqlı evlər tikən, iki ay sonra debil ərinin şapalaqlarına dözməyib ata evinə qaranəfəs qaçan qız üçün cehiz, nə bilim, uşağın sünnətinin bazburutlu restoranda keçməsi üçün xərclər və sairə. Bizim kredit tarixçələrimiz adətən bu kimi əhvalatlardan o yana getməz. Ta kredit götürüb nəsə yeni iş quraq, startap yaradaq, gerçək təhsilə pul qoyaq, millətə, dünyaya, özümüzün gələcəyimizə yatırım edək – bunlar bizlik deyildir. Biz birtəhər bu günlə yaşayırıq, sabahı neyləyirik? Anar Nağılbazın hələ 90-cı illərdə uzaqgörənliklə oxuduğu ironik mahnıdakı kimi: “Sabah olmayacaq”. Ya da Polad Alemdar müəllim demişkən: “Sonunu düşünən qəhrəman olamaz”.

Hə. Biz də sonumuzu düşünmədik, milyardlarla neft pulu hardan gəldi, hara getdi heç bilmədik. Az qalmışdı qəhrəman olaq, bir gün devalvasiya oldu, manat çökdü, uca millətin ayağı, türkün məsəli, qaldı göydə. Elnən gələn dərd-bəladır dedik, eyib etməz. Çün hökumət də bizimlə birgə işə düşmüşdü. Ancaq məsələ ondadır ki, hökumət öz maliyyə problemlərini Beynəlxalq Bankın-zadın belinə şəlləyib aradan çıxdı, millət isə valyuta kreditlərinin əlində əsir qaldı. Sözün əsl mənasında – çünki bəzi banklar manatın ölməsi üzündən göydə uçan kredit faizlərini ödəməkdə çətinlik çəkən zəhmətkeşləri girov saxlayırdılar. Bankların zirzəmisində bu məqsədlə fərdi türmələr yaradılmışdı. Zarafat eləmirəm. Adamı tuturdular, ailəsi pul yığıb gətirirdi, azad edirdilər. Neçə ailəyə qulaq, barmaq kəsib yolladılar.

Əhvalatın qızğın çağlarında camaatın yadına düşdü ki, ey dili-qafil, axı bizim Konstitusiya Məhkəməsi adında bir idarəmiz vardır, bəlkə ona üz tutaq, yoxsa banklar bizi qıracaqlar. (İnsafən, bankların da xeylisi ara yerdə qırğına verildi). Həmin KM ali qanun sayılan konstitusiyanın keşiyindədir, konstitusiya isə guya vətəndaşı qoruyan ən ali sənəddir. Bu məntiqlə ora üz tutduq. Lakin bir neçə il KM söhbəti hərlətdi-fırlatdı, nəhayət keçən həftə bankların xeyrinə qərar verdi. Qərarın əsaslandırılmasındakı bir cümlə mənim çox xoşuma gəldi. KM yazıb ki, manatın devalvasiyası gözlənilməz situasiya sayıla bilməzdi. (Bank qanunlarımıza görə hansısa gözlənilməz hadisə olsa, loru dildə yazsaq, kredit faizini dollarla qaytarmaya bilərsən). Sitat: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz”.

Buyur. Ali məhkəmə orqanı gözgörəti işarə edir ki, biz manatın öləcəyini qabaqcadan bilirdik, zəhmət çəkəydiniz siz də biləydiniz. Halbuki, devalvasiyadan qabaq müxalifət, jurnalistlər, müstəqil və xarici ekspertlər dəfələrlə bu xəbərdarlığı edib, bizi gözləyən “Holland sindromu” haqda kilometrlərlə yazılıb, qiqabaytlarla görüntülü verilib, ancaq hökumət qurumları tam əksini iddia edirdi, manatın əbədi ölməzliyi mifi yaradılırdı. Bizim başımız altına yastıq qoyan qurumlar indi məhkəməsinin diliylə iddia edir ki, burda gözlənilməz heç zad yoxdur, necə deyərlər, “öz cəzandı, çək, Balaş”. Üstəlik, manatın devalvasiyası gözlənilən olsa da, iki dəfə devalvasiya sən demə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi sayılmırmış. Ortaya belə mənzərə çıxır: hakimiyyətin məhkəmə qanadı icraedici qanadını inkar edir.

14 sentyabrda Türkiyə polisi İstambulda bir azərbaycanlı dilənçini tutmuşdu. Dilənçinin üstündən çıxan pullar hamını təəccübləndirmişdi: 2500 türk lirəsi, 530 avro, 421 dollar, həmçinin, İranın, Küveytin, Qatarın, Birləşmiş Ərəb Əmirliyinin, Səudiyyə Ərəbistanının və sairə dövlətlərin valyutaları. Mənə maraqlı gəldi ki, görəsən soydaşımızın üstündən Azərbaycan manatı da çıxıbmı. Xəbərdən fotoları özəlliklə incələdim, çünki orda dilənçidən çıxan valyutaları masaya düzüb şəklini çəkmişdilər. İlkin təxminimdə yanılmadım, orada manat doğrudan da yox idi.

Belə çıxır, hətta dilənçi də bizim pula etibar eləmir, onun üçün də manatın devalvasiyası hər an gözlənilən imiş. Konstitusiya Məhkəməsi olanda nə olar, haqlıdırlar.

Zamin HACI                                                                                                                            musavat.com

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !