176 min insanın ölümünə səbəb olan Aşqabad zəlzələsi... -

176 min insanın ölümünə səbəb olan Aşqabad zəlzələsi...

Türkmənistanın paytaxtı Aşqabadda baş vermiş dağıdıcı zəlzələdən 70 il ötür.
Təbii fəlakətin ildönümündə Türkmənistanda və ölkənin xaricdəki nümayəndəliklərində dövlət bayraqları endirilir, zəlzələ qurbanlarının anım gününə həsr olunan tədbirlər keçirilir.

1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində Aşqabad bir göz qırpımında xarabalığa çevrilib. Zəlzələdən sonra ölənlərin dəqiq sayı açıqlanmasa da, 2010-cu ildə Türkmənistan Prezidenti çıxışlarından birində 176 min türkmənin öldüyünü bildirmişdi.

Həmin təbii fəlakət zamanı ölkənin birinci Prezidenti Saparmurad Niyazov anasını və iki qardaşını itirmişdi. Şəhərdə tikililərin 90-98 faizi yerlə-yeksan olmuşdu. 1995-ci ildə Prezidentin sərəncamı ilə zəlzələ qurbanlarına abidə qoyulub və hər il oktyabrın 6-sı Türkmənistanda zəlzələ qurbanlarının anım günü kimi qeyd edilir.

Bu fəlakəti aradan qaldırmaq üçün Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan və digər qonşu ölkələr Türkmənistana kömək göstərib. Türkmənistan Mərkəzi Dövlət Arxiv İdarəsində 1948-ci ildə zəlzələdən sonra Bakıya göndərilən uşaqların siyahısı olan sənəd saxlanılır. Siyahıda 390 aşqabadlı uşağın qardaş Azərbaycanın paytaxtında isti sığınacaq tapdığı qeyd olunur.

Qeyd edək ki, Aşqabadda baş vermiş zəlzələnin təsiri həmin vaxt Azərbaycanda da hiss edilmişdi.
UNESCO Aşqabad zəlzələsini XX əsrin dağıdıcı fəlakəti kimi tanıyıb.
Anım günü ilə əlaqədar oktyabrın 6-sı Türkmənistanda qeyri iş-günü sayılır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )