Rauf Zeyni: - Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir...

Rauf Zeyni: Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir...

Sülh təşəbbüsü Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyandan, yaxud Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurovadan deyil, baş nazirin özündən gəlməlidir. Çünki Azərbaycan torpaqları Ermənistan hakimiyyətinin təşəbbüsü, Erməni Milli Assambleyasının ssenarisi ilə işğal olunub və 30 ilə yaxındır ki, işğal altında saxlanılır.

Bunu açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

O qeyd edib ki, dünya ictimaiyyətini aldatmaq lazım deyil:

“Əgər sən demokratiyadan, beynəlxalq hüquqdan, hüququn aliliyindən, ərazi bütövlüyündən, dövlətçilikdən danışırsansa, qonşunun torpağını hansı əsasla, hansı beynəlxalq prinsiplə 30 ildir işğal altında saxlayırsan?! Yəni bu, məntiqsizlikdir. Demokratik dalğa adı ilə hakimiyyətə gəldiyini deyən adam ilk növbədə qonşunun ərazisindən öz işğalçı ordusunu çıxarmalıdır. Sülh təşəbbüsü bu cür başlamalıdır. Əgər beynəlxalq ictimaiyyətin rəğbətini qazanmaq, “həqiqətən də sülh tərəfdarıyam” demək istəyirsənsə, bunu kiminsə vasitəsilə etmək lazım deyil. Paşinyan Düşənbədə təmas xəttində atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduğunu bildirib. Ancaq atəşkəs rejimi barədə öz hərbçilərinə göstəriş vermək lazım deyil. İşğalçı ordunun ərazidən çıxarılmasına dair göstəriş vermək lazımdır. O zaman demək olar ki, bax bu, sülh təşəbbüsüdür. Məsələnin mahiyyəti bundan ibarətdir”.

R.Zeyni əlavə edib ki, işğalçı ölkə nə demokratiyadan, nə də insan hüquqlarından danışa bilməz:

“Sən işğalçısansa, demək artıq haqq-ədalətdən danışmaq haqqını itirmisən. Bunu bərpa etmək istəyirsənsə, işğal edilmiş ərazilərdən çıx”.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının yaradıcılarından olan R.Zeyni qeyd edib ki, hətta Azərbaycan ilk dəfə olaraq erməni ictimai-siyasi xadimlərini də ora dəvət edib:

“Onlar gəldilər, platformanın işində iştirak etdilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həll olunması istiqamətində QHT-lər ilk dəfə olaraq həqiqətən də qeyri-adi addım atmışdılar. Azərbaycan dövləti və hökuməti də bu tədbirin keçirilməsinin təhlükəsizliyinə təminat vermişdi. İndi isə daha ciddi addımlar atılmalıdır. Düşünürəm ki, baş nazir kimi Paşinyanın əlində çox böyük imkanlar var. O, bu imkanları dəyərləndirməli, əldən çıxarmamalıdır. Çünki bu imkanları dəyərləndirməsə, onun da aqibəti Ermənistanın əvvəlki rəhbərlərinin aqibəti kimi olacaq”.

 

Teleqraf.com 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )