Sumqayıt Dövlət Dram Teatrında yeni layihə... -

Sumqayıt Dövlət Dram Teatrında yeni layihə...

AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında bundan sonra kiçik yaşlı tamaşaçılar üçün hazırlanmış tamaşaları məktəblilər özləri müzakirə edib qəbul edəcəklər. Teatr rəhbərliyi alternativ bədii şura yaradılması barədə qərar qəbul edib.
Belə ki, teatrda fəaliyyət göstərən bədii şuradan əlavə uşaqlar üçün hazırlanmış tamaşaları Sumqayıt şəhər 22, 28,31,34 saylı tam orta məktəblərinin, Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyinin, Təfəkkür və İstedad liseylərinin əlaçı və ədəbiyyata, incəsənətə maraq göstərən şagirdlərdən ibarət bədii şura üzvləri ictimai baxışda iştirak edərək, əsəri müzakirə edəcək, aktyor oyunu, rejissor işi, tamaşanın musiqisi, tərtibatı və s. barədə fikirlərini bildirəcəklər.
“Nümunəvi və fəal uşaqlar arasından seçilmiş alternativ bədii şura hazırladığımız tamaşalar haqqında uşaqların fikirlərini, istək və arzularını öyrənmək bizim üçün çox önəmlidir. Biz eyni zamanda bununla orta məktəb şagirdlərinin nitq mədəniyyətinin, məntiqi fikir yürütmək qabiliyyətini, habelə onların gələcəkdə bu sahəyə maraq dairələrinin formalaşmasına və inkişafına da məkan vermiş oluruq. Çünki uşaqlar böyüklərdən fərqli olaraq hər şeyi görüb başa düşdükləri kimi səciyyələndirirlər.
Düşünürəm ki, teatrımızda bu layihə uğurla reallaşacaq və işimizin keyfiyyətinə-hazırladığımız tamaşaların daha da mükəmməl və təbii alınmasında bizə kömək olacaq.”- deyə teatrın drektoru, bədii şuranın sədri, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirmişdir.
Teatrda tamaşalar nümayiş olunarkən tamaşaçıların rəyini, irad və təkliflərini öyrənmək üçün rəy kitabı da tərtib edilmişdir.
Hər bir tamaşaçı öz arzusu və istəyi ilə seyr etdiyi tamaşa barədə ürək sözlərini, arzu və istəklərini, irad və təkliflərini sərbəst şəkildə ifadə edə bilər.
Sumqayıt Dövlət Dram Teatrının yaxın günlərdə daha bir neçə layihəyə imza atması nəzərdə tutulmuşdur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )