Rafiq Yusifoğlu: - ONSUZ DA BİLİRDİM BELƏ OLACAQ...(+ViDEO)

Rafiq Yusifoğlu: ONSUZ DA BİLİRDİM BELƏ OLACAQ...(+ViDEO)

ONSUZ DA BILIRDIM
BELƏ OLACAQ

 

Hansı arzuylasa gizli yanmısan,
Sirrindən sevgilin tez agah oldu.
Əzizim, eşitdim nişanlanmısan,
Ürəyim dərdlərə nişangah oldu…

Tapa bilmədinsə səadətini,
Nə vaxtsa fırtına qoparacaqsan.
Qəlbin məndədisə, sən qamətini
Necə ər evinə aparacaqsan?!

Zərif bir çiçəyin taleyinə bax,
Həyəcan içində yaşayacağam.
Nə o, ürəyinə sahib olacaq,
Nə mən qamətini oxşayacağam.

Onsuz da faydası yoxdu gileyin,
Təşnəsən, həmişə su arasan da!
Bilmirəm nə qədər sənin taleyin
Qalacaq od ilə su arasında?!

Mənim əzablarım ölçüyə gəlməz,
Nə üzlə üzümə gözün baxacaq?
Müqəddəs mə’bədlər boş qala bilməz,
Yenə taleyimə günəş doğacaq…

Dalma xəyallara sən köks ötürüb,
Yalançı peymanlar kimə lazımdı?
Əzəldən mənimki belə gətirib,
Görüşlər, vidalar alın yazımdı.

Sən sevgi közümlə çatmısan ocaq,
Həsrət gözlərimdən alov saçılır.
Onsuz da bilirdim belə olacaq, -
Məni sevənlərin bəxti açılır… 

 

                                                                                ***

 

YAŞADIM

 

Mən sevdalar diyarında
Olub ulu şah yaşadım!
Bir kimsəyə əyilmədim,
Ömrüm boyu şax yaşadım!

Az dodaqdan söz çəkmədim,
Az ocaqdan köz çəkmədim,
Gözəllərdən göz çəkmədim
Edib yüz günah yaşadım.

Yarı yalan, yarı doğru,
Hey can atdım yara doğru.
Ürəyimdə nisgil, ağrı,
Dodağımda ah yaşadım.

Danışanda sözüm güldü,
Nəfəsinlə közüm güldü,
Həmişə bir gözüm güldü,
Gah ağladım, gah yaşadım.

Qonaq çağır yar, odana!
Alovlanım yar oduna!
Ömrüm boyu Yaradana
Aparıb pənah yaşadım...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )