DƏRD DEMƏYƏ KİMSƏMİZ YOX - - Əbülfət MƏDƏTOĞLU

DƏRD DEMƏYƏ KİMSƏMİZ YOX - Əbülfət MƏDƏTOĞLU

Öncədən deyim ki, barəsində fikirlərimi yazmaq istədiyim şeirlərin müəllifini üzbəüz heç vaxt görməmişəm. Ola bilsin hansısa bir tədbirdə qarşılaşmışam. Amma şəxsi tanışlığımız yoxdu. Sadəcə olaraq, mən 80-ci illər ədəbi nəslinə aid olan və imzası da yetərincə tanınan Fəxrəddin həkimi sözünə görə tanımışam. Bu arada "həkim" sözünü ona görə xüsusilə vurğulayıram ki, Azərbaycanda söz dünyasında öz imzasını oxucuya tanıdıb sevdirən həkim şairlərimiz say baxımından bir xeyli var. Onların arasında mənim dostum Paşa Qəlbinur, eləcə də bu kitabın redaktoru Tofiq Nurəli və digərləri oxucuların həmişə diqqət mərkəzində olublar. Bax, bu mənada ixtisasca həkim olan və Masallıda yaşayıb-yaradan Fəxrəddin Ziya insanlara həm cismani baxımdan, həm də mənəvi baxımdan xidmət göstərir, şəfalı əllərilə müalicə edir, kövrək qələmiylə onların duyğularını, hisslərini kökləyir, həyat eşqlərini, yaşam istəklərini artırır. Və demək olar ki, şeirlərinin bir çoxunda da həmişə ixtisasca həkim olmasından, həkimlik peşəsindən sevgiylə, sayqıyla söz açır.

Və bildirir ki:


Mən sənin yolunda ömrümü qoydum

ay ümman sənətim, ay hikmət peşəm.

Sənə vurğunluqda iftixar duydum,

təki bu dəryadan bir damla içəm.

 
Sən mənim gözümdə ən uca adsan,

qəlbimdə istəksən, başımda tacsan.

Ən acı həddə də bir şirin dadsan,

sən şəfa verəndə yaşamaq asan.

 
"Həkimlik peşəmə" adlanan bu şeirdə Fəxrəddin Ziya öz işinin ən önəmli cəhətlərini, ən diqqət çəkən cizgilərini poetik dillə, şair qələminin gücüylə oxucuya elə təqdim edir ki, şeiri oxuduqca həm şairin özünün təqdimatına, həm də bu sənətdən aldığı zövqə inanırsan. Və üstəlik də qələm sahibinin öz peşəsini digərlərindən üstün tutmadığına, hər bir peşəyə sayqıyla yanaşdığına da şahid olursan. Ümumiyyətlə, şair-həkimin və yaxud da həkim-şairin bir müstəvidə, bir nöqtədə dayanıb insanlara həm biliyi, həm də ürəyi ilə baxması çox təqdirəlayiqdi. Bunu öz şeirlərində Fəxrəddin Ziya da etiraf edir. O, "Həkim şair" şeirində yazır:

 
Həkimlik peşələr içində inci,

loğmanlar bu yolda ad qoyubdular.

Sənət meydanında şair birinci,

burda nəsimilər soyulubdular.

 

Həkim bir müqəddəs yolun yolçusu,

insanı nütvədən öyrənən odur.

Qanında zərrəcə varsa duyğusu,

həkim şair olur, nəğməkar olur.

 
Şairlik ilahi qüdrətdir, onun

nə bənzəri vardır, nə bərabəri.

Duyan ürəklərdə, sevən qəlblərdə,

ucadır, əzizdir şairin yeri.

 
... Kaş bütün şairlər həkim olaydı,

insanı öyrənə bilsin büsbütün.

Kaş əksər həkimlər şair olaydı

Duyğunu ağrıdan ayırmaq üçün.

 

Mənə elə gəlir ki, kiçik bir parçasını təqdim etdiyim bu şeirdəki təkcə ifadə tərzi, təkcə şeirdəki obrazlar deyil, bütövlükdə mənzərənin özü və bu mənzərəyə yanaşmanın da şeirləşməsi artıq Fəxrəddin Ziyanın oturuşmuş qələminin nəyə qadir olduğunu göstərir. Bu həm də həkim-şairin sözü cilalamağı, onu oxucuya çatdırmağı, lap bir az da açıq desəm, xəstəsinə dərmanı bal kimi içirtməyi kimi bir şeydir. Bunun da mayasında, kökündə təbii ki, Fəxrəddin Ziyanın zəngin mütaliəsi, sözlə işləmək peşəkarlığı və bir də həssas duyğuları, ruhu dayanır. Yəni o, sözün üstündə şeh olmasına, tər çiçək kimi qoxumasına çalışır və buna da nail olur.

Ona görə də hətta o, sevgi notları üstündə danışanda da, kədərə üz tutanda da özlüyünü, yəni Fəxrəddin Ziya ruhunu qoruyub saxlaya bilir.

 

Şair yazır:

Hərdən diqqətsiz anımı

Dərd eləmə, dərdin alım.

İstəsən verrəm canımı,

Dərd eləmə, dərdin alım.

 
Oğrun-oğrun, xumar-xumar

Hər baxanda içim yanar.

Tək mənəmmi qəlbi qubar,

Dərdə eləmə, dərdin alım.

 
... Arzu gözümdə qaxsıdı,

Ümid qəlbimdə axsadı.

Bəlkə də belə yaxşıdı,

Dərd eləmə, dərdin alım,

Dərd eləmə, dərdin alım.

 
Gətirdiyim bu nümunədə də Fəxrəddin Ziya təkcə üz tutduğu doğmasına, həmsöhbətinə yox, həm də biz oxuculara da öz çevrəsini, öz həkim-şair dünyasını bir növü sərgiləyir. Bu sərgidə onun təkcə özəl dünyası yox, bütövlükdə məmləkətin coğrafiyası canlanır. Bizim hər birimizin nələr yaşayıb nələrdən keçdiyimiz poetik şəkildə sıralanır və bütün bunlara görə də şair bizə dərd etməməyi, üstəlik, həmsöhbətinin, doğmasının dərdini almağa hazır olduğunu dilə gətirir. Buradan da şəxsən mən belə nəticə çıxarıram ki, Fəxrəddin Ziya təkcə öz həkimliyinə, öz şair Məninə sığınıb qalmır. O, ətrafı da, cəmiyyəti də, coğrafiyanı da görür, onlarla həmfikir olur, onlarla dərd bölüşür.

Söylədiyim fikirlərin davamı kimi başqa bir şeir nümunəsini də ortaya qoyuram. Bu da hər birimizin müşahidə etdiyi, hər birimizin artıq cəmiyyətin probleminə çevrilməkdə olan insani münasibətidi. Burada söhbət valideyn-övlad qarşılaşmasından, onların birgə yaşayışından gedir. Təəssüf ki, bu gün atılan, qocalar evi umuduna qalan kifayət qədər atalar, analar, babalar, nənələr, uşaq evlərinə verilən körpələr var. Bax, Fəxrəddin Ziya bu problemi ürəkağrısı ilə dilə gətirir və yazır ki:

 

Aman Allah, nə sitəmdi qocalar çəkir,

Bu cür dərdə nə baş dözər, nə ürək dözər.

Qaçqınlar, köçkünlərin gününə şükür,

Övlad, nəvə didərgini olmaqdan həzər.

 
Bir yerdə ki, valideynə ehtiram olmaz,

Batsın o yurd, uçsun o ev, sönsün o ocaq.

Vətənə də vətəndaş yox, ləkədi ancaq,

Anasına, atasına xor baxan alçaq!

 

Mən bu şeiri təkcə poetik nümunə kimi yox, həm də bir ürək ağrısı, həm də bir haray, həm də bir küfr kimi qəbul edirəm. Böyüyə ehtiramsızlığa, sayğısızlığa, sevgiyə küfr kimi görürəm. Bunun başqa bir adını indiki anda tapmaq çətindir. Çünki bu ağrının Fəxrəddin Ziya qaçqının, köçkünün faciəsindən də betər olduğunu çox məharətlə qələmə alıbdı. Axı qaçqın, köçkün müharibənin, düşmənin fitnələrinin, mərmilərinin qurbanıdı. Qocalar evinə, körpələr evinə verilənlər isə itirilən insanlığın qurbanlığıdı. Ona görə də şairin bu cür insanların vətəndaş və hətta vətən daşı olmaq hüququna iddialı olmasına etiraz edir, barışmır bu iddia ilə, bu istəklə.

Şair burda həm də bir söz adamından çox ziyalı kimi çıxış edir. O, övladın ata-ana qarşısındakı borcunun müqəddəsliyini dilə gətirir.

Zənnimcə, bu həm də tərbiyə edir, indiki işlək dilimizdə desək, mesaj verir, ismarıc verir.

Deməli, hər bir sözün, hər bir fikrin arxasında konkretlik, eyni zamanda ürək və ağıl durursa, onda söz də çəkili olur, sanballı olur. Bax, Fəxrəddin Ziya da öz şeirlərini məhz bu tutumda, bu biçimdə bizlərə təqdim edir. Heç də təsadüfi deyil ki, onun barəsində fikir söyləyən filologiya elmləri doktoru, professor, tənqidçi Vaqif Yusifli yazır ki: "Fəxrəddin Ziya çox həssas şairdi və bu həssaslıq o qədər güclüdür ki, şair yaşadığı dövrün, dolaşdığı, təmasda olduğu mühitin müəyyən qüsurlarını, insanların bir-birinə münasibətindəki mənfilikləri, cəmiyyətdə, ictimai-siyasi həyatda yaranan xaos hərc-mərcliyi çox əziz sandığı şeirindən də gizlədə bilmir".

Düşünürəm ki, mənim də bu və ya digər formada ifadə etdiyim fikirlərin yığcam, daha dolğun şəklini məhz hörmətli Vaqif müəllim Fəxrəddin Ziya barəsində qələmə alıb.

Doğrudur, bu gün sözlə nəfəs alan, sözlə yaşayan, sözü həyatının ifadəsinə çevirən kifayət qədər şairlərimiz, yazıçılarımız var. Və hətta xalq arasında da, ictimaiyyətdə də şairlərin çoxalması barəsində fikirlər də səslənilir. Amma bu, heç də həqiqi şeirin, həqiqi şairin çoxluğu, artımı deyil. Buna görə də toxunduğum mövzunu ustalıqla qələmə alan Fəxrəddin Ziya yazır ki:

 
Haçandır ortada gəzir söz-söhbət,

Susur xiridarlar, meyar hardadır?

Şairlər çoxalır, söyləyir xilqət,

Şairin çoxluğu təşviş yaradır.

 
Xalqına töhfədir hər şair "mən"i,

Şairdən elinə gəlməz ki, xətər.

Yurdun əsrarəngiz gözəlliyini

Kimsə vəsf etməmiş şairlər qədər.

 
... Yetər, bir söz desin əbədiyaşar,

Təki ömür-günü ötməsin hədər.

Şairə sənətdə həmişə yer var,

Cənnətdə möminə yer olan qədər.

 


Bu şeirdə də Fəxrəddin Ziya sözə ürəyinin şirəsini, ürəyinin bütün yaşamını hopduranları, yeni söz yaradanları alqışladığı kimi, şairliyi özünə bir nam kimi, nişanə kimi götürənləri də unutmur. Və vurğulayır ki, söz dünyası həm də bir ələkdi. Orda həqiqi söz, həqiqi şair qalacaqdır. Həqiqi sözün, həqiqi şairlərin də yeri möminlərin yeri kimi Cənnət olmaqla yanaşı, bir də oxucu ürəyidi.

Şeir kitabları ilə baş-başa qaldığım Fəxrəddin Ziyanın misraları arasında mən onun səmimiyyətinin də şahidi oldum.

Oxuduğum şeirlərdə aydın şəkildə görüb və qəbul etdiyim nəticə bu oldu ki, Fəxrəddin Ziya mövzu dalınca qaçmır, mövzu axtarmır. O, yaşadığını, duyduğunu və bir də müşahidələrini yazır. Ona görə də özünün dediyi kimi o sızıldamır, o ağlamır. O, sözü yaradır, sözü dünyaya gətirir.

 
Mən şeirimdə sevgim qədər qısqancam,

Köçürmürəm hər duyğunu kağıza.

Ya qanımla bəslədiyim misranı,

Ya qəlbimdən qopan sözü yazıram.

 

... Mən dünyaya söz gətirdim özümlə,

Söz zinətdi, zəriflikdi gözümdə.

Görsəm sözə yük oluram sözümlə,

Ayağımdan asılmağa hazıram.

 
Sizinlə fikirlərimi bölüşüb, misralarına işıq salmağa çalışdığım şair Fəxrəddin Ziya şeirlərində mənim də qəlbimi oxuyub və yazıb ki:

 
Məmləkətin haqsızı çox,

Anlamayır bir acı tox.

Dərd deməyə kimsəmiz yox,

Bu boz üzlər arasında.

 
Məncə ömrünün önəmli mərhələsinə qədəm qoyan Fəxrəddin Ziyanın söz dünyası hələ demədiyi, bizə söyləmədiyi fikirlərlə qol-boyun qalmaqdadı. Zaman, məqam gözləyir ki, misralanıb biz oxucuların qapısını döysün. 

adalet.az

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )