“YUĞ” Teatrı Türkiyəyə yola düşüb -

“YUĞ” Teatrı Türkiyəyə yola düşüb

28 oktyabr tarixində Azərbaycan Dövlət “YUĞ” Teatrının kollektiviTürkiyəyə yola düşüb. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrAdanada keçiriləcək “V Şəhər Teatrları Görüşü” festivalında iştirak edəcək. Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin keçirdiyi festivalda YUĞ Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşası ilə təmsil edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov (Stepan Stepanoviç Çubukov), aktyorlar Zümrüd Qasımova (Natalya Stepanovna) və Elgün Həmidov (İvan Vasilyeviç Lomov) çıxış edirlər.

Proqrama əsasən, YUĞ Teatrının “Təklif. Elçilik” tamaşası 1 noyabr tarixində, yerli vaxtla saat 19.00-da Adana Böyükşəhər Bələdiyyəsinin tamaşa zalında nümayiş olunacaq.

Festival çərçivəsində teatr həmçinin 2-3 noyabr tarixlərində Türkiyənin Mersin və Tarsus şəhərlərində “Təklif. Elçilik” və “Metamorfoza” tamaşaları ilə çıxış edəcək.

Qeyd edək ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış “Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada Zümrüd Qasımova (Mən), Oqtay Mehtiyev (Sən) və Elgün Həmidov (O) çıxış edirlər.