Pakistanın Vertex International jurnalı Azərbaycana aid xüsusi buraxılış dərc edib - (+FOTOLAR)

Pakistanın “Vertex International” jurnalı Azərbaycana aid xüsusi buraxılış dərc edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və həmçinin, Azərbaycan-Pakistan münasibətlərinə həsr olunmuş Pakistanın “Vertex International” jurnalının oktyabr buraxılışında dərc olunan məqalələrdə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibəsi, jurnalın baş redaktorunun müəllifi olduğu Xocalı soyqırımına dair məqalə, eyni zamanda AXC-nin 100 illiyinə, Azərbaycan-Türkiyə münasibətlərinə, Naxçıvanın 2018-ci il İslam mədəniyyətinin paytaxtı olması, ölkəmizin turizm potensialına aid məqalələr dərc edilmişdir. Jurnalda həmçinin Azərbaycan iqtisadiyyatının perspektivləri, Azərbaycan mətbəxinə dair materiallar öz əksini tapmışdır. Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibəsində Pakistan-Azərbaycan ikitərəfli münasibətlərindən, ölkələrimizin bir-birinə verdiyi dəstəkdən söhbət açılmış, Dağlıq Qarabağ münaqişəsinə, bununla bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə toxunulmuş, insanlararası əlaqələrin inkişafı, Pakistandan ölkəmizə gələn turistlərin sayındakı artım, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrə dair məlumatlar oxuculara çatdırılmışdır. Səfir eyni zamanda, Pakistanda həyata keçirilən layihələr ilə bağlı fikirlərini bölüşmüş, Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə bağlı məlumat vermiş, Azərbaycan-Pakistan iqtisadi-ticari əlaqələrini şərh etmişdir.

               “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”

Məqalədə müsəlman dünyasında ilk parlament respublikası olan AXC-nin siyasi sistemi, quruluşu, xarici siyasəti, qadınlara bir çox Qərb dövlətlərindən daha əvvəl seçki hüququ verməsindən ətraflı şəkildə bəhs olunur. Xüsusən, AXC-nin beynəlxalq birlik tərəfindən tanınması uğrunda apardığı fəaliyyət, Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyəti, Konfrans iştirakçıları tərəfindən de-fakto tanınma, AXC-nin qonşu dövlətlərin müxtəlif şəhərlərində açmağa nail olduğu konsulluqlar, eyni zamanda ölkəmizdə müxtəlif xarici dövlətlərin nümayəndəliklər təsis etməsi barədə ətraflı danışılır. Məqalədə həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunduğu qeyd olunur, cəmi 23 ay ömür sürmüş AXC-nin Azərbaycan tarixində dərin müsbət iz buraxdığı vurğulanır.

              “Naxçıvan – 2018-ci il İslam Mədəniyyətinin Paytaxtı”

Məqalədə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qeyd olunur. Daha sonra isə Naxçıvan şəhəri və ümumilikdə Muxtar Respublika (MR) ilə bağlı məlumat verilir, Naxçıvanın tarixinə nəzər salınır. Naxçıvan MR-nın iqtisadiyyatından danışan müəllif statistik rəqəmlərə də yer verir. Sonda Naxçıvanın turizm potensialına toxunulur, Muxtar Respublikanın görməli yerləri, landşaftı, bitki və heyvanat aləmi, iqlimi ilə bağlı məlumat verilir.

               “Xocalı qətliamı –Unudulmaz hadisə”

Jurnalın baş redaktorunun müəllifi olduğu məqalədə Dağlıq Qarabağ bölgəsinin tarixinə nəzər salınır, ermənilərin bu ərazilərə köçürülməsindən danışılır, həmçinin Sovet İttifaqının dağıldığı ərəfədə başlanan münaqişə barədə məlumat verilir. Müəllif Xocalı soyqırımı barədə danışır, bu hadisənin erməni barbarlığının bariz nümunəsi olduğunu vurğulayır. Daha sonra işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxunulur, eyni zamanda Pakistan Parlamentinin Xarici Əlaqələr Komitələrinin Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını pisləyən qətnamə qəbul etdiyi vurğulanır. Müəllif sonda işğal olunmuş Azərbaycan torpaqlarının ya sülh yolu ilə, ya da hərbi güc işlədərək geri qaytarılmalı olduğunu bildirir.

             “Azərbaycan ən cəlbedici turizm məkanlarından biridir”

Məqalədə Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verilir, ölkənin tarixən mədəniyyətlərin kəsişməsində yerləşdiyi vurğulanır, bəzi tarixi və müasir abidələr sadalanır. Daha sonra isə Azərbaycana səfər etməyə təşviq edən 10 səbəb göstərilir.

             “Azərbaycan iqtisadiyyatına baxış”

Müəllif Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) və adambaşına düşən ÜDM ilə bağlı məlumat verir, aprel ayında keçirilmiş prezident seçkilərindən sonra ölkədə iqtisadiyyatın müxtəlif sahələrində ciddi islahatların aparıldığını qeyd edir. Məqalədə Azərbaycanın iqtisadi göstəriciləri, idxal-ixrac balansı, əsas ticarət tərəfdaşları barədə statistik rəqəmlərə yer verilir, həmçinin müxtəlif şəkil və qrafiklərdən istifadə olunur.

              “Azərbaycan mətbəxi və yemək reseptləri”

Məqalədə Azərbaycan mətbəxinin Şərq mətbəxinə aid olduğu vurğulanır və müxtəlif Azərbaycan yeməklərinin adları sadalanaraq qısa məlumat verilir. Həmçinin Azərbaycan səfirinin xanımı Aynurə Əlizadə tərəfindən təqdim edilmiş toyuq və balıq ləvəngisinin, Azərbaycan paxlavasının resept və hazırlanma qaydalarına da yer verilir.

                “Azərbaycan mədəniyyəti”

Məqalədə Azərbaycan mədəniyyətinin əsasən İslam mədəniyyəti, milli ənənələr və dəyərlər əsasında formalaşdığı qeyd olunur,mədəniyyətin əsas göstəricilərindən birinin memarlıq olduğu vurğulanır və Azərbaycan memarlığının bəzi incilərinin adları çəkilir. Müəllif həmçinin, Azərbaycan musiqisinin müxtəlif janrları, milli rəqslər, kişi və qadınların milli geyimləri barədə məlumat verir.
Jurnalın sonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı barədə oxuculara məlumat təqdim olunur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !