Alman şirkəti "AzərEnerji"ni əvəz edəcək?... -

Alman şirkəti "AzərEnerji"ni əvəz edəcək?...

Azərbaycan hökuməti Bakı və Abşeron yarımadasında "müasir elektrik enerjisi təchizatının qurulması" üçün Almaniyanın "Uniper" şirkəti ilə əməkdaşlıq edə bilər.

Energetika Nazirliyi "enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstəyin verilməsi" üçün "Uniper" şirkətinə təklif verib, qurumdan BBC News Azərbaycancaya bildirilib.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əiyevanın sözlərinə görə, indilik sadəcə "Uniper" şirkəti ilə enerji təchizatı sahəsində əməkdaşlıq nəzərdən keçirilir, ortada konkret heç nə yoxdur. Bununla belə, "Uniper"ə artıq təkliflər göndərilib.


"Uniper" şirkətinin sərmayəçi və yaxud sərmayə qoyaraq, idarəetmə proseslərində məqbul şərtlər daxilində (məsələn, səhmdar cəmiyyətdə müəyyən paya sahib bir şirkət kimi) iştirakı nəzərdən keçirilir. Hazırda enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstəyin verilməsi "Uniper" şirkətinə rəsmi olaraq təqdim edilmiş təkliflər sırasındadır", o bildirib.

"Yarımstansiyaların tikintisindən abonentə elektrik enerjisinin verilməsinə qədər..."


"Enerji təchizatının qurulması dedikdə, yarımstansiyaların tikintisi, elektrik verilişi xətlərinin çəkilişi, yarımstansiyadan abonentə elektrik enerjisinin verilməsinə qədər bütün digər işlər (dispetçerləşmə, sayğaclaşma və s.) nəzərdə tutulur", Energetika Nazirliyi deyir.


Hökumət adıçəkilən şirkətlə daha bir sahədə əmədaşlıq etmək niyyətindədir - "texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan" ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatın məsələsində də "Uniper"in məsləhətindən yararlanmaq istəyir.


Azərbaycan hökuməti Bakı və Abşeron yarımadasında "müasir elektrik enerjisi təchizatının qurulması" üçün Almaniyanın "Uniper" şirkəti ilə əməkdaşlıq edə bilər


Enerji sektorunda gəlib-keçmiş "Siemens", "Fonder", "Barmek"...


Azərbaycanda alman şirkəti ilə enerji təchizatı sahəsində əməkdaşlıq barədə birinci dəfə danışılmır.

Əməkdaşlıq meyillərinin tarixi 2000-ci illərə gedib çıxır. O zaman Almaniyanın "Siemens" şirkəti Azərbaycanda tenderi udmuşdu.

"Həmin vaxt şirkət Sumqayıtda 525 meqavatlıq elektrik stansiyası tikmişdi. Düzdür, başıbəlalı oldu. Vaxtından çox gec istifadəyə verdi. O dövr üçün yetərincə bahalı layihə idi. Hətta "Azərenerji" layihəni 2 il gecikdiridiyinə görə "Siemens"i Arbitraj Məhkəməsinə verməyə hazırlaşırdı. Yəqin ki, sonradan Azərbaycan-Almaniya əlaqələrini, Almaniyanın Avropada əlahiddə rolunu nəzərə alıb bu fikirdən daşındılar", - enerji məsələləri üzrə İlham Şaban xatırlayır.

Amma başqa yerli iqtisadçılar o zaman "Siemens"in başqa səbəblərdən Azərbaycanı tərk etdiyini düşünürlər.


"Siemens" o zaman İqtisadi İnkişaf Nazirliyinin elan etdiyi tenderi qazanaraq "Bakıelektrikşəbəkə"ni idarə etməyə götürmüşdü. 700 milyon dollar investisiya yatırmaqla bağlı öhdəlik də götürmüşdü. Ancaq bizə bəlli olmayan səbəblərə görə həmin tenderin nəticələri ləğv edildi, "Bakıelektrikşəbəkə" "Barmek"ə verildi", - iqtisadi məsələlər üzrə təhlilçi Qadir İbrahimli danışır.

O, başqa bir nümunəni xatırladır: "2005-ci ildə Azərbaycan iqtisadiyyatına 300 milyon dollar investisiya yatırmış Hollandiyanın "Fonder" şirkəti Azərbaycandan getdi. Bunun ardınca "Barmek" də Azərbaycanı tərk etdi. "Barmek"in məhkəmə prosesləri, onun rəhbəri Hüseyn Arabulun bir müddət həbsdə saxlanması heç də uzaq keçmişdə olmayıb".

Bəzi təhlilçilər elektrik enerjisi sektorunda xarici şirkətlərin davamlılığına şübhə ilə yanaşsalar da, bəzi şirkətlər Azərbaycanda işləməyə maraq göstərirlər.


"Siemens" son illər Azərbaycanda bir sıra kiçik layihələrdə iştirak edib. Məsələn, "Azərenerji" ASC ilə birgə 525 MVt gücündə "Sumqayıt" Elektrik Stansiyasını və 330 kV-luq "Ağcabədi" yarımstansiyasını inşa edib.

Amma bu son deyil, "Siemens"in Azərbaycandakı iş tarixçəsində digər yarımstandiyalarla bağlı fəaliyyət var.

Energetika Nazirliyindən BBC News Azərbaycancaya o da bildirilib ki, 59 faizi "Siemens"ə məxsus "Siemens Gamesa" şirkəti ilə birgə ölkənin alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilir.


SOCAR-la "Uniper"-in qaz tədarükü haqqında bağladığı müqaviləyə əsasən, 2045-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya hər il 1,5 milyard kub metr qaz ixrac ediləcək


"Uniper" Azərbaycanla 5 ildir əməkdaşlıq edir


Elə "Uniper" də Azərbaycanda yeni deyil. 5 illik əməkdaşlıq təcrübəsi ilə şirkət SOCAR-la bir sıra layihələrə imza atıb.

Şirkət 2012-ci ildə Abşeronun qazpaylayıcı şəbəkəsinin yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasını hazırlayıb.

SOCAR-la "Uniper"-in qaz tədarükü haqqında bağladığı müqaviləyə əsasən, 2045-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya hər il 1,5 milyard kub metr qaz ixrac ediləcək.


2016-cı ilin mayında imzalanmış sazişə görə isə enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərən "SOCAR-Uniper" MMC yaradılıb. Müəssisədə SOCAR 51, "Uniper" 49 faiz paya malikdir.

Energetika Nazirliyi bildirir ki, "SOCAR-Uniper" MMC-nin enerji ilə əlaqədar sektorlarda səmərəliliyin optimallaşdırılması, investisiyaların təmin edilməsi məqsədilə enerji layihələri həyata keçirmək, eləcə də Azərbaycanda enerji stansiyalarının idarə edilməsi, istismarı, optimallaşdırılması və saxlanılması üçün xidmətləri həyata keçirməsi nəzərdə tutulub.

"Uniper" Azərbaycandan elektrik enerji təsərrüfatının idarə olunması ilə bağlı təklifi şərh etməyib, amma SOCAR-la yaxın əməkdaşlıqdan bəhs edən məlumat verib.


"Uniper" burda alma satmayacaq"


Təhlilçi İlham Şabanın qənaətincə, Azərbaycan 2019-cu ildə "Uniper"-lə bu əməkdaşlığın "real nəticələrini" görə biləcək. İndiki məqamda nəzərdən keçirilən elektrik enerjisi sahəsindəki əməkdaşlığı isə mümkün sayır:

"Uniper" burada alma satmayacaq. Azərbaycana deyir ki, elektrik enerjisi sahəsində itkilərini azaldacam. Bunun üçün də hökumət avadanlıqlar alır, o da buna görə xidmət haqqı alacaq. Gətirib 10 illik investisiya qoyub sonra çıxarmayacaq. "Barmek"ə gəlincə, o paylayıcı şəbəkə idi, "Uniper" xidmət sektorunu idarə edəcək".

"Rusiyada 10,8 geqabaytlıq elektrik enerjisinin hasilatı, ötürülməsi və paylanması "Uniper"in əlindədir. Bütün Avropada onun əlində o qədər aktiv yoxdur ki, nəinki Rusiyada", İlham Şaban əlavə edir.

Ekspertin sözlərinə görə, indiki məqamda söhbət bir şirkətlə sənəd imzalanmasından yox, Azərbaycan-Almaniya sahəsində əməkdaşlıqdan, ölkədə elektrik enerjisi sahəsində islahatlardan gedir.

"Azərbaycanda elektrik enerjisi sektorunda böyük itkilər var. Bu itkilərin aradan qaldırılması üçün alman şirkətləri öz əllərində olan müasir texnologiyaları tətbiq edirlər. Məsələ budur ki, hökumət həmin sistemləri Azərbaycan üçün daha məqbul şərtlərlə almaq istəyir. Həmin texnologiyalar çox bahalıdır, hökumət onları Almaniya hökuməti vasitəsilə kreditləşmə yolu ilə, daha sərfəli şəkildə əldə etməyi müzakirə edir".


Foto. Arxiv. Bu ilin iyulunda Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra ölkə saatlarla elektriksiz qalmışdı


Bu ilin iyulunda Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra ölkə saatlarla elektriksiz qalmışdı. Bundan sonra dövlət komissiyası yaradılmış, dövlət başçısı bu qəzanı "ciddi siqnal" adlandırmış və Azerenerjinin rəbəri Etibar Pirverdiyevi vəzifəsindən azad etmişdi.

Bundan sonra hökumət elektrik enerjisi sahəsində modernləşmə aparacağını, bu sahəyə investisiya yatıracağını bəyan etmişdi. 

BBC AZƏRBAYCANCA

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !