80 yaşlı döyüşən Qazax teatrı - - Ağalar İdrisoğlu (+FOTOLAR)

80 yaşlı döyüşən Qazax teatrı - Ağalar İdrisoğlu (+FOTOLAR)

Saqif İskəndərov: “Bizim teatr döyüşən və öz Mənini sübut edən teatrdır”.

 

Qazax mahalı tarixlər boyu Azərbaycanın ən böyük mədəniyyət qalalarından, elm, ədəbiyyat, incəsənət mərkəzlərindən biri olub. Bu mahal məmləkətimizə böyük dühalar bəxş eləyib. Hələ bir vaxtlar Qori Müəllimlər Seminariyasını bitirən çoxlu müəllimlər, elm adamları həmin bölgədə təhsilin, mədəniyyətin inkişafına böyük töhfələr veriblər. Qazax mahalı Azərbaycan ədəbiyyatına Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, Mehdi Hüseyn, Mirvarid Vilbazi, İsmayıl Şıxlı və başqa çoxlu məşhur şairlər, yazıçılar bəxş edib. Azərbaycanın əfsanəvi ilk artilleriya generalı Əliağa Şıxlinski, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilov, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev həmin torpağın yetirməsidi. Məşhur Qaçaq Kərəmi bu torpaq yetişdirib. Bu torpaq Azərbaycan elminə, səhiyyəsinə onlarla məşhur insanlar bəxş edib. Məhz buna görə də 80 il bundan qabaq Qazax Dövlət Dram Teatrının burada açılması labüd idi və bu maraqlı incəsənət ocağı çox böyük təntənə ilə və tarixi hadisə kimi açıldı. Bu 80 ildə teatr çox böyük çətinliklərlə də üzləşdi. Ayrı-ayrı səbəblərdən teatr bağlanası da oldu. Amma qazaxlılar yenidən özlərində güc, inam tapıb, 1988-ci ildə bağlanmış teatrı bərpa etdilər. Həmin vaxtı teatrın baş rejissoru, çox istedadlı insan, Xalq artisti Zülfüqar Abbasov, direktoru isə teatrşünas, teatrla bağlı maraqlı ressenziyaların müəllifi, mərhum Fərman Rzayev təyin olundu.
Fərman Rzayev bir il işləyəndən sonra teatrdan çıxıb Bakıya qayıtdı. 1993-cü ildə Zülfüqar Abbasovu da əvvəlki iş yerinə, Mingəçevir Dövlət Dram Teatrına bədii rəhbər və direktor təyin etdilər. Sonra maraqlı dramaturq, vaxtı ilə aktyorluq fakültəsini bitirmiş mərhum Firudun Aşurov bu teatra dörd il rəhbərlik etdi. Teatrı iki dəfə Bakı şəhərinə qastrol səfərinə apardı. O, dörd il bu teatra uğurla rəhbərlik edəndən sonra hansı səbəbdənsə işdən çıxarıldı. Xalq artisti, Prezident təqaüdçüsü Tariel Qasımovu teatrın bədii rəhbəri və direktoru təyin etdilər. Tariel müəllim də maraqlı rejissor və həmin vaxtı onunla birlikdə Dövlət Gənc Tamaşaçılar Teatrında işləyən Xalq artisti, Prezident təqaüdçüsü Rafiq Əliyevi tamaşalara quruluş verməyə dəvət etdi. O, bu teatrda bir tamaşaya yüksək peşəkarlıqla quruluş verdi. Onun quruluşunda Mehdi Hüseynin “Alov” tamaşası çox yaxşı qarşılandı. Bu vaxt teatrda yenidən dirçəliş başladı.Tariel Qasımov da maraqlı tamaşalar hazırladı. Onun ən maraqlı tamaşalarından biri Ramiq Muxtarın “Şəhərli kürəkən” və Nəcəf bəy Vəzirovun “Hacı Qənbər” oldu. Teatr 1998-ci ildə Ramiq Muxtarın “Şəhərli kürəkən” tamaşası ilə Bakı şəhərinə qastrol səfərinə getdi.
Bu gün Qazax Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biridir. Mən 28 sentyabr 2018-ci il tarixində həmin teatrın yeni 81-ci mövsümünün açılışı günü Mar Bayciyevin “Toy günü ayrılıq” tamaşasına baxanda buna bir daha əmin oldum ki, bu teatrın heç bir teatra oxşamayan öz yolu, öz üslubu var. Teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubov tərəfindən hazırlanan tamaşa aktyorlar tərəfindən yüksək peşəkarlıqla oynanıldı. Mənimçün ən maraqlısı bir də o idi ki, tamaşaya baxan tamaşaçıların demək olar ki, 80 faizi qadınlar idi. Böyük teatr islahatçısı, məşhur rejissor Vladimir Nemeroviç-Dançenkonun belə bir fikri var: “Tamaşaya əgər qadınlar daha çox baxırsa həmin yerdə mədəniyyət çox yüksək səviyyədədir”. Deməli, Qazaxda mədəniyyətin çox yüksək səviyyədə olması həmin tamaşaya gələn tamaşaçılardan bir daha aydın oldu. Onlar tamaşaya maraqla baxmaqla, səhnədə gedən hadisələrə lazım olan yerlərdə əl çalmaqla öz münasibətlərini yüksək səviyyədə bildirirdilər. Bu da bir daha zalda əyləşənlərin əsl teatral olmasına sübut idi.
Tamaşadan sonra teatrın kollektibilə maraqlı söhbət etdik. Onların söhbətindən bir daha başa düşdüm ki, Azərbaycan KİV-ləri bu teatrı demək olar ki, yaddan çıxarıb. Əlbəttə, teatr kollektivinin məşhurlasşmasının, respublikada və ondan kənarda tanınmasının ən əsas cəhətlərindən biri onun mətbuatda tez-tez işıqlandırılmasıdır. Bu təbliğat həm də teatra tamaşaçı marağı yarada bilər. Ona görə də belə qərara gəldik ki, Qazax Dövlət Dram Teatrı haqqında mütəmadi yazıb, bu teatrın maraqlı işlərilə oxucularımızı da yaxından tanış edək.
Qazaxda olduğum iki gündə teatrın direktoru Saqif İskəndərovla yaxından tanış oldum. Onun yüksək mədəniyyəti, teatr sənətini mükəmməl bilməsi, yüksək erudisiyası, yaxşı təşkilatçılığı, kollektiv üçün əlindən gələni etməsi və maraqlı aktyor olması çox xoşuma gəldi. Teatrın keçmişi, bu günü və sabahı haqqında onunla müsahibə apardım. İlk öncə onu oxucularımızla daha yaxından tanış edim.
Qısa arayış: Saqif Sarı oğlu İskəndərov Bakı Mədəni-Maarif Texnikumunu və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Sonra Tovuz Xalq teatrının rejissoru işləyib. Orada bir-birindən maraqlı tamaşalara quruluş verib. Qazax Dövlət Dram Teatrı 1988-ci ildə özünün ikinci həyatına başlayanda onu həmin vaxt teatrın baş rejissoru işləyən, Xalq artisti Zülfüqar Abbasov aktyor işləməyə dəvət edib. Elə ilk gündən o, özünü maraqlı aktyor kimi sübut edib. Məhz buna görə də teatrda hazırlanan tamaşalarda demək olar ki, bütün baş, əsas rolları Saqif İskəndərov ifa edib. Aktyor işləməklə yanaşı teatrın truppa midiri, direktor müavini vəzifələrində də işləyib. 2001-ci ildən teatrın direktoru və aktyoru kimi öz işini uğurla davam etdirir.


-Saqif müəllim Qazax Dram Teatrı neçənci ildən Dövlət Teatrı statusunu alıb?


-Qazaxda hələ Sovetlər quruluşundan əvvəl, hətta XIX əsrin axırları, XX əsrin əvvəllərində teatr fəaliyyət göstərib. Qori Müəllimlər Seminariyasının tələbələri və Qazaxın üzdə olan ziyalıları xalqı marifləndirmək, nadanlığın qarşısını almaq, mədəniyyəti təbliğ etməkçün tez-tez teatr tamaşaları təşkil edib və həmin tamaşaları bölgədə göstərirmişlər. Həmin vaxtı bu tamaşalara insanlarda maraq çox böyük olub. Sovetlət quruluşunun ilk illərindən başlayaraq Azərbaycanın bir çox yerlərində Dövlət Teatrları açıldı. Bu da insanların maarifləndirilməsinə, mədəniyyətinin artmasına çox kömək elədi. Bizim Qazax mahalında da teatr 1938-ci ildə Dövlət Dram Teatrı statusunu aldı. Həmin vaxtı teatrda bu gün adları teatr tariximizə düşmüş çoxlu sənətkarlar işləməyə başladı. Onlardan- Solmaz Orlinskaya, Məcid Zeynalov ( o həm də teatrın direktoru və baş rejissoru idi), Əliheydər Həsənzadə ( həm də teatrın direktoru işləyib), Xalq artistləri Barat Şəkinskaya, Muxtar Afşarov, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı, maraqlı aktrisa Rüxsarə Ağayeva və başqaları bu teatrın bel sütunu olublar. Böyük Vətən Müharibəsindən sonra ölkədə vəziyyət ağır olduğuna görə 1949-cu ildə teatrları Dövlər statusundan çıxarıb, öz hesabına keçirtdilər. Əlbəttə, bu incəsənətə, teatra, Azərbaycan xalqına vurulan ən böyük zərbə idi. Həmin vaxtı insanların güzəranı ağır olduğuna görə tamaşalara gələ bilmirdilər. Beləliklə, özlərini dolandıra bilmədiyinə görə bölgələrdəki bütün teatrlar bağlandı. Qazax Dövlət Dram Teatrı da həmin vaxtı süqut etdi. Teatrların bağlanması Azərbaycan mədəniyyətinə böyük zərbə olmaqla, həmin teatrlarda çalışan insanların çoxu bu faciəyə dözə bilməyib, dünyalarını dəyişdilər. Axı teatr işçiləri çox kövrək, uşaq xasiyyətli, hər şeyə inanan insanlar olurlar. Sonra bir qrup insanlar həvəskar truppa kimi öz işlərini çətinliklə də olsa davam etdirdilər. 1960-cı illərdə isə bu kollektiv Xalq teatrı kimi öz işini davam etdirdi. 1988-ci ilin 5 iyul Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Qazax Dövlət Dram Teatrı bərpa olundu. Həmin vaxtdan da artıq 30 ildir ki, teatr öz işini uğurla davam etdirir. Bilirsiniz ki, elə həmin vaxtdan da respublikamızda Qarabağ müharibəsi başladı. Qazax rayonu da Ermənistanla sərhəd olduğuna görə erməni gavurları tərəfindən başımıza göydən qradlar, güllələr yağdığı bir vaxtda biz öz işimizi dayandırmadıq, tez-tez cəbhə bölgələrində, Tərtərdə, Tovuzda, Şəmkirdə, Ağstafada, Ağdamda, Bərdədə, Kəlbəcərdə, Gədəbəydə olub döyüşən əsgərlərimiz qarşısında çıxış edib, onları döyüşə ruhlandırdıq. Hətta səngərlərdə də tamaşalar oynamışıq. Bu 30 ildə biz, bir gün də fəaliyyətimizi danaydırmamışıq. Hətta bu 30 ildə maliyyə imkanlarımızın çətin olmasına baxmayaraq, teatrımızda 80-dən çox tamaşalara quruluş verilib. Həmin tamaşaların 50-dən çoxunda bir aktyor kimi mən özüm də çıxış etmişəm. Əsasən də baş və əsas rolları ifa etmişəm. Bu illərdə vətənpərvərlik, dövlətçilik, Azərbaycanın bütövlüyü ilə bağlı tamaşalarımız daha çox olub. Dünya, rus və başqa xalqların dramaturgiyasına da çox müraciət etmişik. Hər il dörd tamaşaya quruluş veririk. Çalışırıq ki, onlardan biri klassik əsər olsun. Biz, balaca uşaqları da yaddan çıxarmırıq. Onlar üçün də tez-tez tamaşalar hazırlayırıq. Çünki onlar uşaq yaşlarından tamaşalara baxdıqca, teatrsevərlikləri artır və sonra da teatra tez-tez gəlirlər.


-Azərbaycanda bu gün dramaturgiya ilə məşğul olan yazıçılarımız çox azdır. Onlardan kimlər pyeslərinin qoyulması üçün sizin teatra müraciət edir? Yerli dramaturqlar yetişirmi?


-Son vaxtlar teatrımızla Əli Əmirli, Firuz Mustafa, Əhməd Orucoğlu daha çox əlaqə saxlayırlar. Biz onların yeni pyeslərinə quruluş veririk. Bunlardan başqa orta və yaşlı nəsil dramaturqların da əsərləri bizim teatrımızda çox hazırlanıb. Onlardan Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tamaşası teatrımızda böyük uğurla oynanılıb. 1989-cu ildə teatrımızın pərdəsini həmin tamaşa ilə açmışıq. Bu tamaşaya həmin vaxtı teatrımızın baş rejissoru işləyən, Xalq artisti Zülfüqar Abbasov çox yaxşı, peşəkar quruluş vermişdi. Tamaşa üç saata yaxın gedirdi və tamaşaçılar demək olar ki, hər epizodu gurultulu alqışlarla qarşlayırdılar. Həmin tamaşaya Bəxtiyar Vahabzadə özü, Şirməmməd Hüseynov və başqa tanınmış ziyalılar da gəlmişdi. Sonra biz, bu tamaşanı Bakıda oynadıq və Azərbaycan Dövlət Televizyası da həmin tamaşanı çəkdi. Bizim teatrda Azərbaycanın klassik dramaturqları, başda Mirzə Fətəli Axundov olmaqla demək olar ki, hamısının tamaşalarını hazırlamışıq. Yerli dramaturqlar demək olar ki, yoxdur. Təkcə yerli dramaturq Heydər Qasımlının “Akademik kürəkən” pyesinə quruluş vermişik. Mehdi Hüseyn də qazaxlıdır. Onun da “İntizar”, “Alov” pyeslərinə maraqlı quruluş vermişik. Əslən Ağstafadan olan xalqımızın sevimli şairi, Xalq şairi Nəriman Həsənzadənin də çox maraqlı pyesləri var. Fikrimiz var ki, onun da bir neçə pyesini teatrımızın repertuarına daxil edək. İnanırıq ki, həmin pyeslər tamaşaçılarımız tərəfindən maraqla qarşılanacaq. Bilirsiniz ki, dramaturgiya ədəbiyyatın çox çətin sahəsidir və ona görə də hər yazıçı pyes yazmağa cürət eləmir.


-Mən bu gün sizin aktyorların ifasında Mar Bayciyevin tamaşasına baxdım və çox xoşuma gəldi. Bu tamaşa neçə müddətdir ki, sizin repertuardadır?


- Bu əsərin əsl adı “Ər və arvad” adlanır. Bu tamaşa təxminən 30 il bundan əvvəl bizim teatrda Xalq artisti Zülfüqar Abbasov tərəfindən qoyulmuşdu. Həmin vaxtı da tamaşa həmişə anşlaqla gedirdi. Tamaşada iştirak edən aktyorlar öz rollarını yüksək peşəkarlıqla ifa edirdilər. Bu tamaşa yeni quruluşda artıq 5 ildir ki, bizim teatrın repertuarındadır. Amma teatrımızın baş rejissoru və tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov tamaşanı “Toy günü ayrılıq” adı ilə qoyub. Mənə elə gəlir ki, bu, tamaşaçını maraqlandıran daha yaxşı addır. Tamaşaya tamaşaçılar çox böyük maraqla baxırlar. Siz də tamaşaya baxanda tamaşaçıların münasibətini gördünüz. Çünki bu tamaşada oynayan aktyorlar- Yusif Qoca, Xanım Məmmədova və Zəmanə Dərviş öz rollarını yüksək peşəkarlıqla ifa edirlər. Onu da vurğulayım ki, Xanım Məmmədova və Zəmanə Dərviş teatr sahəsində təhsil almasalar da gördünüz ki, hər ikisi rollarını yüksək peşəkarlıqla oynadılar. Onlar başqa rollarını da təhsilli aktyorlardan heç də pis ifa etmirlər. Repertuarımızda elə tamaşalar var ki, tamaşaçılar həmin tamaşalara maraqla baxdıqlarına görə 10 ildir ki, repertuardadır.


-Bəs keçən teatr mövsümündə hansı tamaşalar hazırlayıbsınız?


-May ayında biz, Viktor Hüqonun “Edam məhkumunun son günü” adlı tamaşaya quruluş vermişik. Bu əsər heç bir teatrda hazırlanmayıb. İlk dəfə bu əsərə quruluşu bizim teatr verib. Tamaşanın quruluşçu rejissor gənc rejissorumuz Allahverdi Musayevdir. Baş rolu oynamağa da ATV Televiziyasının aparıcısı Mehman Dilqəmoğlunu dəvət etmişdik. O, bir vaxtlar İrəvan Dövlət Dram Teatrında işləyib. İndi isə televiziyada işləməklə paralel Bakı Uşaq Teatrında da işləyir. Bu tamaşa çox yaxşı alındığına görə haqqında çoxlu ressenziyalar çap olunub. Biz bu tamaşanı iyun ayının axırında Bakıda Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində də oynamışıq. Orada da teatr mütəxəssisləri və tamaşaçılar tamaşanı çox yaxşı qarşılayıblar. Bu ilin sonuna kimi də Xalq şairi Vaqif Səmədoğlunun “İntihar” pyesinə quruluş verəcəyik. Bu tamaşa üzərində baş rejissor, Əməkdar artist Musa Eyyubov yaradıcılıq işi aparır.


-Hər bir teatrın siması onun aktyorları və aktrisalarıdır. Teatrın yaradıcı heyyəti haqqında nə deyə bilərsiniz?


-Teatrımızın aparıcı aktyoru və iki ay bundan əvvəl Əməkdar artist adını almış Hacı Hacıyevdir. O, uzun illər Gəncə Dövlət Dram Teatrında işləyib. 30 ildir ki, bizim teatrda işləyir. Səyalı İsmayılova çox maraqlı aktrisadır. 30 ilə yaxındır ki, burada işləyir. Minayə İbrahimova teatr sahəsində heç bir təhsil almasa da fitri istedadlı aktrisadır. Nazilə Məmmədovanın yalnız orta təhsili var, amma ali təhsilli aktrisalardan öz peşəkarlığına görə geri qalmır. İlqar Hacəliyevin də teatr sahəsi üzrə təhsili olmasa da 30 ilə yaxındır ki, teatrda ən aparıcı rollarda çıxış edir. Xanım Məmmədova da teatr sahəsində təhsil almasa da tamaşadakı rollarına baxan və səhnədə öz rollarını peşəkarcasına yaşayanda tamaşaçılar heç vaxt inanmırlar ki, onun teatr təhsili yoxdur. Teatrımızda Aydın Orucovun, Arif Almədədovun da xidmətləri çoxdur. Ümumiyyətlə teatrımızda istedadlı aktyorlar, aktrisalar çoxdur. Biz, teatrda böyük, çətin xarakterli əsərlərə quruluş verəndə məhz onlara güvənirik.


-Teatrınızda hansı problemlər var?


-Bu gün bütövlükdə Azərbaycan teatrlarında tamaşaçı problemi var. Biz tamaşanı yüksək peşəgarcasına hazırlayırıq. Amma bütün bölgə teatrlarda olduğu kimi açıq kassadan bilet alan tamaşaçılar çox azdır. Ona görə də məcburuq ki, tamaşalarımızı təşkil edək. Məktəbli tamaşaları təşkil etmək bir qədər asandır. Təhsil şöbəsilə, məktəb direktorları ilə danışıb tamaşaları təşkil edirik. Amma çox sağ olsun Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Abbas oğlu Babaşov, artıq iki ildən bir qədər çoxdur ki, rayonumuzda İcra Hakimiyyəti başçısı işləyir. O, bu vəzifəyə gələndən sonra bizi İcra Hakimiyyətinə dəvət elədi. Bütün kolletivə çox diqqətlə yanaşdı. Hamını dinlədi. Problemlərimizlə maraqlandı. Onun tapşırığı və ciddi nəzarəti ilə rayonun bütün həmkarlar təşkilatları teatrımızla sıx əlaqə saxlayır. Onlar köçürmə üsulu ilə teatrımıza pul köçürür və biletləri götürüb, öz işçilərinə paylayırlar. Açığı bu 30 ildə heç bir İcra Hakimiyyəti başçısı teatrımız üçün belə müqəddəs işi görməmişdi. Azərbaycan peşəkar teatrının, beynəlxalq teatrın və bizim teatrın yarandığı gün Rəcəb müəllim kollektivimizi İcra Hakimiyyətinə dəvət edir və layiq olanlara fəxri fərmanlar, pul mükafatları verilir. Doğrudan da bütün bunlar bizim üçün çox böyük diqqətdir. Mən bilimirəm ona öz minnətdarlığımı necə bildirəm.


-Teatrın 80 illik yubileyini nə vaxt keçirəcəksiniz?


-Yubileylə bağlı rayonumuzun İcra Hakimiyyəti başçısı cənab Rəcəb Babaşovla söhbət etmişik. Rayon rəhbərliyi səviyyəsində Mədəniyyət Nazirliyinə müraciət olunub. Yuxarıda vurğuladığım kimi Rəcəb müəllim teatrımız üçün əlindən gələni edir. O, həddindən artıq yüksək savadlı insandır. Yaxşı təşkilatçıdır və çox dəyərli ziyalıdır. Teatr sənətini mükəmməl bilir. Mən qətiyyətlə deyə bilərəm ki, Qazax rayonu camaatının problemlərini belə yaxşı həll edən, onların güzəranının yaxşılaşması üçün əlindən gələni edən, teatrımızın inkişafı, tamaşaların təşkili üçün çalışan, onun kimi rayonumuza İcra Hakimiyyəti başçısı gəlməyib. Rayonun bütün camaatı ona inanır, onu çox sevir və hörmət edir. Çünki o, bütün camaatın dərdini, problemini öz dərdi, problemi bilir. Rəcəb müəllimlə razılaşdırmışıq ki, teatrımızın 80 illik yubileyini bu ilin sonuna kimi keçirək. Prezidentimiz cənab İlham Əliyev bununla bağlı sərəncam verəcək. Həmin yubileyə Azərbaycanın bütün teatrlarından, respublikamızın üzdə olan ziyalılarından çoxlu qonaqlar dəvət edəcəyik. Rəcəb müəllim çalışır ki, layiq olan aktyorlarımız, aktrisalarımız fəxri adlar alsınlar. Bizim teatr döyüşən və öz Mənini sübut edən teatrdır. Bundan sonra da çalışacağıq ki, bu ali missiyamızı yerinə yetirək. Əgər rayonun rəhbərliyi və Mədəniyyət Nazirliyi teatrımızın yaşaması üçün əllərindən gələni edirlərsə, bizim də borcumuz onların ümidlərini layiqincə doğrultmaqdır. Ümid- insanı yaşadan və mübarizə aparmağa səsləyən ən maraqlı sözdür. Qazax teatrını da bu 80 ildə yaşadan ümid olub.
P. S. Biz teatrın direktoru Saqif müəllimə və kollektivə böyük uğurlar arzu etdik. Və qarşımıza belə bir məqsəd qoyduq ki, bu kollektiv haqqında silsilə yazılar yazıb, onların müqəddəs əməyini biz də layiqincə təbliğ edək. Çünki teatr, incəsənətin bütün növlərini özündə birləşdirdiyinə görə və bütün insanların məktəbi, universiteti olduğu üçün ən müqəddəs növüdür. Müqəddəs işi isə hamı təbliğ etməli və ona kömək etməlidir.

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !