Öz zəhməti ilə ucalan aktrisa (Portret cizgiləri) - - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Öz zəhməti ilə ucalan aktrisa (Portret cizgiləri) - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Mehriban Abdullayeva: “Mənə elə gəlir ki, ən sanballı əsər “Əcəl atı” idi. Onu da oynamağa qoymadılar…”

2018-ci ilin may ayının 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çox istedadlı aktrisa Mehriban Abdullayevanın iştirakı ilə Ulyam Lyusun “İstədiyim kimi yaşamışam” monotamaşası oynanıldı. Yubileyi münasibətilə bu monotamaşa ilə sənətsevərlərin görüşünə gələn aktrisa müasir dövrlə səsləşən dinamik və maraqlı səhnə əsərini tamaşaçılara təqdim etdi. Səhnə əsərinin quruluşçu rejisssoru aktrisanın həyat yoldaşı, Xalq artisti, Prezident təqaüdçüsü, uzun illər Sumqayıt Dövlət Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Milli Akademik Dram Teatrının quruluşçu rejissoru vəzifələrində işləmiş rejissor Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının, ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Ömrünün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdi, gah bədbəxtdi. O, gah gülür, gah göz yaşlarında boğulur . Məhz bu anlarda aktrisa özünəməxsus ştrixlərlə, gözəl boyalarla oynadığı obrazın daxili əzablarını tamaşaçıya yüksək peşəkarlıqla, sərrastcasına çatdıra bilir. Beləliklə, uzun illərdir Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan, kollektivin və tamaşaçıların sevimlisi aktrisa Mehriban xanım öz ad gününü sevimli kollektivi və tamaşaçıları ilə birlikdə qeyd etdi. Böyük alqışlarla qarşılanan tamaşadan sonra teatrın rəhbərliyi adından aktrisaya təbrik ünvanlandı və gül dəstəsi təqdim edildi.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Ağakişi Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır.
Bu yuxarıdakı sətirləri mən tamaşadan sonra yazmışdım. Və istəyirdim ki, Mehriban xanımın bu tamaşada oynadığı Zelda rolunu və aktrisanın bu rolu necə məharətlə yaratdığı haqqında yazım. Amma Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi ərəfəsində belə qərara gəldim ki, Mehriban Abdulla qızı Abdullayevanın təkcə bu rolu yox, bütövlükdə həyatı və bu vaxta qədər keçdiyi əzablı sənət yolu haqqında portret cizgiləri işləyim. Mənə elə gəlir ki, bu daha yaxşıdır. Çünki bu yazı ilə tamaşaçılar özlərinin sevimli aktrisalarını daha yaxından tanıya biləcək və onun yaradıcılığı ilə daha yaxından tanış ola biləcəklər.
Bəzən tamaşaçılar deyir ki, keçən əsrin ortalarında rejissorlarımız, aktyorlarımız və aktrisalarımız daha istedadlı və bacarıqlı idilər. İndi sənətdə çox cırlaşma prosesi gedir. İndiki cavanların arasında yaxşı rejissor, aktyor və aktrisa demək olar ki, yoxdur. Əlbəttə, mən bu fikirlə razı deyilm. Bu sözləri yalnız deletant adamlar və teatrların tamaşalarına gedib baxmayanlar deyir. Açığı gəlin onu da danmayaq ki, məmləkətimizdə keçən əsrin ortalarından fərqli olaraq, indi tamaşalara gələnlərin sayı həddindan artıq çox azdır. İndiki insanlarımız televizora, internetə, mobil telefondakı yazışmalara daha çox üstünlük verir və televiziyalarda gedən bəsit, primitiv seriallara, bəh-bəhlə yemək bişirilməsinin göstərilməsinə, dedi-qodulara, şər-böhtanlara baxmağa daha çox üstünlük verirlər. Bax bu da teatr işçilərinin yox, millətin cırlaşmasına, savadsızlaşmasına, bəsitləşməsinə gətirib çıxarır. Amma bu adamlar başa düşmürlər ki, teatr böyük və müqəddəs bir məbəddir. Böyük tərbiyə ocağıdır. Teatr, insanları daha dərindən düşünməyə, həyatı daha yaxşı dərk etməyə kökləyən sirli, sehirli böyük elm dünyasıdır. Teatr, analoqu olmayan böyük bir universitet, akademiyadır. Ona görə də dünyanın ən aparıcı millətləri teatrı incəsənətin bütün sahələrindən, elə həmin televizordan, internetdən, mobil telefondakı yazışmalardan daha üstün tutur və böyük həvəslə tamaşalara baxmağa gedirlər. Bunu özlərinin mənəvi qidası bilirlər.
Azərbaycanda idman sahəsində aparılan təbliğat və bu sahəyə olan diqqət dövlət səviyyəsində teatrlarla da aparılsa inanıram ki, böyük effekt verə bilər. İnsanlarımızın teatr tamaşalarına axını çox artar. Axı nə gizlədək. Bizim çoxumuz yüksək dairələrdən verilən əmrə daha çox müntəzir millətik. Sovet dövründə müəssisə rəhbərlərini özlərindən vəzifəcə böyük rəhbərlər teatr tamaşalarına getməyə məcbur etdiklərinə görə onlar da öz işçilərini teatra getməyə məcbur edirdilər. Bir neçə tamaşaya baxan həmin insanlar teatrlaşırdılar və sonra özləri heç kimin əmri olmadan gəlib tamaşalara baxırdılar. Onu da danmayaq ki, biz hələ də sovet düşüncə tərzindən uzağa getməmişik. Yenə də buyruq qulu olaraq yaşayırıq. Yenə də yuxarılardan gələn əmirləri fikirləşmədən, dərk etmədən icra edirik…
Deyəsən mövzudan çox uzaqlaşdım. Oxucularımızı bir istedadlı aktrisa, özünün böyük zəhməti ilə çoxlu uğurlar əldə edən bir sənət adamı haqqında məlumat vermək və onu tamaşaçılarla daha yaxından tanış etmək istəyirəm. O aktrisa ki, baxmayaraq böyük istedad sahibidir, otuz iki ildir ki, səhnədədəir, amma hələ də özünün layiqli qiymətini ala bilməyib. O aktrisa ki, hələ də haqqında lazım olan qədər yazılmayıb və layiqincə təbliğ olunmayıb. Bu aktrisa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Mədəniyyət Nazirliyi tərəfindən “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilən, amma hələ də Əmkdar artist fəxri adı almayan Mehriban Abdulla qızı Abdullayevadır.
Mehriban xanım Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonunun Ləkit kəndində çox böyük hörmət sahibi və inanc yeri olan ailədə anadan olub. Onun ulu babası bu bölgənin tanınmış ruhani alimlərindən biri idi. Sovet quruluşunun anamsız dövrü olan 1937- ci ildə repressiyasa məruz qalıb. Həmin vaxtlar evində olan Şərq ədəbiyyatının və din xadimlərinin çoxlu klassik kitabları müsadirə olunub və yandırılıb. Hətta həmin kitablar içərsində qədim dövrlərə aid çoxlu Quran kitabları da olub. Əgər həmin kitablar qalsaydı bu gün muzeylərdə ən dəyərli kitablardan olardılar. Babası repressiya qurbanı olunduğuna görə və artıq iki yaşından atasız böyüyən, Mehriban xanımın atası Abdulla kişiyə Sovet quruluşu düşməninin oğlu kimi təhsil almağa da imkan verməyiblər. Cəmi iki sinif təhsil alsa da mükəmməl yaddaşa və oxumağa böyük həvəsi olduğuna görə özü-özünün müəllimi olub. Çoxlu qəzetlər, kitablar oxuyub. Baxmayaraq ki, adicə traktorçu olan Abdulla kişi ədəbiyatı və riyaziyyatı mükəmməl öyrənib və uşaqlarına da bu fənnləri özü öyrədib. Uşaqlarını dərs oxumağa məcbur edib. O, uşaqlarına deyirdi ki, “heç bir işlə məşğul olmayın, təki dərslərinizi yaxşı oxuyun. Mən özüm savadsız oldum. İstəmirəm ki, uşaqlarım da savadsız olsun”. İncəsənətə böyük marağı və yüksək musiqi duyumu olduğuna görə Abdulla kişinin bu istedadı uşaqlarına da keçib. Onun plastilindən düzəltdiyi fiqurlar əsl rəssamlıq, heykəltaraşlıq istedadının olmasından xəbər verib. Eləcə də gözəl, məlahətli səsinin olması, fitdə bir-birindən maraqlı mahnılar və muğamlar çalması, təkcə kənd adamlarını yox, həm də rayon camaatını valeh eləyib.
Mehriban xanımın anası Lümunət xanım mama-genekoloqdur. 62 ildir ki, bu müqəddəs işlə məşğul olur. Mama-genekoloq sənətinə olan böyük istəyinə görə bu illərdə Ləkitdə və qonşu kəndlərdə dünyaya gələn uşaqlar Lümunət həkimin sayəsində doğulublar. O, çox vaxt gecələr də yatmayıb, dünyaya gələn uşaqların sağlam doğulduğunu görəndə çox sevinib. Və bununla da yorğunluğu, yuxusuzluğu da keçib gedib. Ona görə Ləkitdə və qonşu kəndlərdə hamı ona “Lümunət ana”- deyə müraciət edirlər. Həm də o, bu kəndlərin bir nömrəli həkimi sayılır. Belə ki, başı, ürəyi, qarnı, mədəsi ağrıyan, hətta qripə tutulan da yalnız ona müraciət edir. Evləri əsl kənd aptekidir.
Valideyinlərinin işə belə böyük marağının və yüksək cavabdehliyinin olması onların uşaqlarına da keçib. Bu ailədə böyüyən altı uşağın hamısı yüksək cavabdehli insanlardır.
Anasının hamı tərəfindən belə sevildiyini və hörmət sahibi olduğunu görən Mehriban xanımın da orta məktəbdə oxuyanda arzusu həkim olmaq idi. Ona görə də orta təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verib. Amma imtahandan kəsildiyinə görə çox pəjmürdə bir vəziyyətdə kəndə qayıdıb və yenidən imtahanlara hazırlaşıb ki, gələn il hökmən bu ali məktəbə qəbul olsun. Amma adi bir təsəadüf isə onu teatr aləminə gətirib. Belə ki, elə həmin il onula bir vaxtda Azərbaycan Dövlət İncəsənət İntitutuna imtahan verən və qəbul ola bilməyən, onunla bir sinifdə oxuyan rəfiqəsinin təklifi ilə özünü yoxlamaq məqsədi ilə ikinci il sənədlərini onunla birlikdə Teatr institutuna verib. Çünki lap uşaq yaşlarından incəsənətə marağı olan Mehriban həm maraqlı rəqs edirdi və həm də məktəbdə hazırlanan tamaşalarda rollarda oynayırdı. Onu rayonda hamı maraqlı rəqqasə kimi tanıyırdı. Amma o, teatr sənətində işləməyə əlçatmaz bir iş kimi baxırdı. Özünü bu aləmdə təsəvvür belə eləmirdi. Qəbul imtahanında olan tanınmış sənət adamları onun orijinal rəqslərinə və göstərdiyi etüdlərə maraqla baxıb, ona yaxşı qiymətlər yazdılar. Beləliklə, Mehriban xanım rəfiqəsi Gülnarə xanımla birlikdə Azərbaycan Dövlət İncəsənət İnistitutunun “Musiqili teatr aktyoru” fakültəsinə qəbul olundu. Tanınmış pedaqoq və rejissor Faiq Zöhrabovun sinifində təhsil aldı. Hər dəfə institutun dəhlizində, kurs imtahanlarında tanımış rejissorları, aktyorları görəndə böyük maraqla onları izləyib Mehriban xanım. Onlara sehirli bir qüvvə kimi baxıb. Ali məktəbdə təhsil alan vaxtı onun kurs tamaşalarına baxan və gələcəkdə maraqlı aktrisa ola biləcəyinə inanan, Xalq artisti, Prezident təqaüdçüsü, böyük pedaqoq- rejissor Ağakişi Kazımov həmin vaxt Milli Akademik Dram Teatrında quruluş verdiyi Cəfər Cabbarlının “Od gəlini” tamaşasında kütləvi səhnələrdə və kiçik epizodlarda oynamaqçün onu və başqa tələbələri teatra dəvət edib. Beləliklə, Mehriban xanım artıq teatrın ab-havasına düşüb. Hər dəfə bu teatrın səhnəsində məşq etdikcə, Azərbaycanın fəxri olan aktyorlarla, aktrisalarla təmasda olduqca bu sənətə marağı birə-on artıb. Teatr onunçün maraqlı, əlçatmaz nağıllar aləmi olub.
1986- cı ildə ali təhsilini başa vurandan sonra Mehriban xanım müqavilə ilə Milli Akademik Dram Teatrında işləyib. 1987- cı ilin mart ayında Ağakişi Kazımov Azərbaycan Dövlət Televiziyasında quruluş verdiyi Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasında baş rol olan Saranı ifa etməkçün Mehriban xanımı dəvət edib. Gənc aktrisa bu rolun öhtəsindən çox yaxşı gəlib və böyük uğur qazanıb. Amma Milli Akademik Dram Teatrın rəhbərliyi həmin vaxt onu aktyor ştatına keçirmədiklərinə görə, Mehriban xanım məcbur olub Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə müraciət etsin. Onlar razılıq versələr də, amma onu aktyor ştatına işə götürməyiblər. O, dörd il bu teatrda bilet nəzərətçisi və truppa müdri vəzifələrində işləyəndən sonra axır ki, onun arzusu çin olub. Amma Mehriban xanım bu dörd ildə çox böyük əzab çəkib. Belə ki, sevmədiyi işlərdə işləməyə məcbur olub.
Teatrda işlədiyi bu illərdə mən də onun oynadığı rolları izləmişəm. Əməkdar artist Nigat Kazımovun quruluş verdiyi Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadü” tamaşasında onun oynadığı Hafizə xanım rolu və Əməkdar artist Loğman Kərimovun quruluşunda Abdulla Şaiqin “Qaraca qız” əsərindəki Pəricahan xanım rolu xoşuma gəlib. Sonralar bu teatrda quruluş verdiyim Vaqif Əlixanlının “Əcəl atı” tamaşasında yüksək dramatik xarakterli rol olan baş qəhrəman Sədəf qarı və Feruz Mustafanın “Pələng ili” pyesində həddindən artıq çətin rol olan Sevda rolunu Mehriban xanıma verdim. Baxmayaraq ki, bu rollardan onun özünün xarakterindən heç nə yoxdur. Çünki o, həytda çox mehriban, yüksək mədəniyyətli xanımdır. Hətta bu rollarda oynamaq da istəmirdi. Amma məşq prosesində onu inandırdım ki, o, bu rolları yaxşı oynaya bilər. Elə də oldu. Hər iki rolu Mehriban xanım yüksək peşəkarlıqla oynadı. Həm teatr mütəxəssislərinin və həm də tamaşaçıların böyük hörmətini qazandı. Eləcə də son illər teatrda hazırlanan bir neçə tamaşada bir-birindən maraqlı rollar oynayıb Mehriban Abdullayeva. Bunlardan- Vilyam Şekspirin “III Riçard” əsərində Yelizavetta ( quruluşçu rejissor Cənnət Səlimova), Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərində Məcnunun anası ( quruluşçu rejissor Nigat kazımov) , Əli Əmirlinin “Mən səni sevir” əsərində Sabah müəllimə ( quruluşçu rejissor Cənnət Səlimova) mənə elə gəlir ki, aktrisanın daha maraqlı rolları olub.
Biz oturub onunla, keçmiş yaradıcılıq illərini yada saldıq, Azərbaycan teatr aləminə nəzər yetirdik və gələcəkdə görəcəyi işlər haqqında söhbətləşdik.
- İlk dəfə səhnəyə çıxdığınız vaxt yadınızda necə qalıb, - deyə ona ilk sualla müraciət etdim.
- İlk dəfə səhnəyə çıxanda, ilk rollarımı oynadıqca özümdə yeni bir aləm açırdım. Bu aləmlər də məni teatr sənətinə daha möhkəm bağlayırdı. Bu gün də böyük rejissor, həyat yoldaşım Ağakişi Kazımovla bir söhbəti tez-tez yada salırıq. O vaxt, tələbə olanda məndən soruşmuşdu ki, “institutu qurtaradan sonra nə olacaqsan”? Mən elə həmin dəqiqə dedim ki, ya aktrisa olacam, ya da gedib özümü dənizə atacam. Doğrudan da mən yalnız aktrisa olmaq haqqında düşünürdüm. Amma bu sənətdə məni hansı çətinliklər gözlədiyini əsla fikirləşmirdim. Demə bu sənətdə uğurlar qazanmaq və özünü aktrisa kimi sübut etmək çox çətin iş imiş. Otuz iki illik sənət yolumda çoxlu acılı-şirinli günlərim, illərim olub. Hər dəfə onları yada salanda, mənə qarşı olan haqsızlıqlar gözlərim qarşısında canlanır və çox pis oluram. Mənə qarşı olan həmin haqsızlıqlar da çox vaxt işimə mane olub və işləməyə həvəsimi öldürüb. Amma sonra özümdə güc tapıb, yenidən rollarımı oynamağa və hər bir rolumla özümü bir aktrisa kimi sübut etməyə çalışmışam. Mən fikirləşirəm ki, ilk öncə işlədiyin kollektivdə sənə inanmalı və gördüyün işi yüksək qiymətləndirməlidirlər. Amma əfsus ki, bizim teatrda əvvəllər çox vaxt belə olmayıb…
Tale elə gətirdi ki, 1990 - cı ildə Ağakişi müəllim Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor vəzifəsinə gəldi. O da məni aktrisa kimi yaxşı tanıyırdı. Həmin vaxtdan mənə rollar verməyə başladı. Onunla bu teatrda işlədiyim ilk tamaşa da “Yazığam sevmə məni” əsərində kütləvi səhnələrdə oynadığım rol olub. Sonra Bəxtiyar Vahabzdənin “Şəhidlər” tamaşasında bir yerdə işlədik. Bu tamaşadakı rolum həm kollektivin, həm də tamaşaçıların xoşuna gəldi. Beləliklə, mənə inam artdı və başqa rejissorlar da rollar verdi. Mən də çalışdım ki, həmin rolları yüksək səviyyədə oynayım.


- Otuz iki illik teatr həyatınızda altımışdan artıq rollarda çıxış etmisiniz. Bu heç də az deyil. Oynadığınız rollardan hansı daha çox yadınızda qalıb?


- Ümumiyyətlə oynadığı hər bir rol, akrisanın övladı deməkdir. Ona görə də bütün rollarım yaddaşımda qalıb. Övladların hamısı həyatda böyük uğur qazanmadığı kimi, aktrisanın da bütün rolları yüksək peşəkar, əsl şedevr olmur. Çünki bu sənət əsəridir. Çəkmə tikmək deyil ki. Heç bir rejissorun da, yazıçının da bütün əsərləri şedevr olmur. Elə siz özünün yazıçı-rejissor kimi yazdığınız bütün bədii əsərlərinizdən və quruluş verdiyiniz tamaşalardan razısınızmı?
- Əlbəttə ki, yox. Bədii və sənət yaradıcılığının elə böyüklüyü də odur ki, bəzən yazıçının yazdığı hansısa əsər və rejissorun quruluş verdiyi tamaşa, aktrisanın oynadığı rol onun elə də çox xoşuna gəlməyə bilər, amma oxucunun və tamaşaçının çox xoşuna gələ bilər. Və ya əksinə də ola bilər. Çünki siz deyən kimi bu yaradıcılıqdır. Allah vergisidir.
- Amma mənim bəzi rollarım var ki, özüm onları çox sevirəm. Bunlar - Ağakişi Kazımovun quruluş verdiyi Rafiq Hüseynovun “Müşviq” tamaşasında Dilbər, “Səsin sehrində”də Nuriyyə, “Büllur saray”da Aynur, “Yazığam sevmə məni”də Şirin, “Pəri cadü”də Hafizə xanım, Loğman Kərimovun quruluş verdiyi Orxan Afenanın “Mustafa” tamaşada Mustafa Kamalın anasının rolunu oynamışam. Çox maraqlı rol idi. Mən bu teatrda həm də çoxlu uşaq tamaşalarında rollarda çıxış etmişəm. Onlardan “Meşədən qaçan ayı”da Pişik rolunu çox yaxşı oynamışam. Bu rola görə Mədəniyyət və Turizm Nazirliyi mənə “İlin aktrisası” mükafatını verib. Ağaxan Salmanlının hazırladığı “Məhəbbət bir bəladır” tamaşasında öz xasiyyətimin tam əksi olan Səbinə rolunu yaxşı oynamışam. Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasında Sara rolum da yaxşı alınmışdı. Sizin quruluşunuzda Vaqif Əlixanlının “Əcəl atı” tamaşasında Sədəf qarı mənim üçün tam yeni bir rol idi. Sədəf, təkcə qadın yox, həm də yetmiş il Sovet quruluşunun qoltuğunda, müstəmləkədə olan Vətən deməkdir. Azərbaycanın simvoldur. Vaqif Əlixanlı bu pyesi çox yaxşı yazıb. Eləcə də yenə sizin quruluşda Feruz Mustafanın “Pələn ili” tamaşasında Sevda həyatda xarakterimə heç bir yaxınlığı olayan roldur. Eləcə də axır vaxtlar oynadığım Yelizavetta, Məcnunun anası, Sabah müəllimə və Zelda rolları mənə elə gəlir ki, maraqlı alınıb. Oynadığım rolların çoxu bir-birinin tam əksi olan xarakterik rollar olub.


- Rejissorun həyat yoldaşı olmaq aktrisa üçün həm məsuliyyətlidi, həm də çətindi. Çünki səhnədə məşq vaxtı olan söz-söhbətlər, mübahisələr evdə də davam edəndə yaxşı olmur. Ümumiyyətlə Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımovun sizin sənət həyatınızda rolu necə olub?


- İlk öncə onu vurğulayım ki, Ağakişi müəllim pedaqoq- rejissordur. O, yüksək rejissor peşəkarlığı ilə hər bir rolu aktyor üçün ən kiçik detallarına qədər xırdalamağı bacarır. Ona görə də onun quruluş verdiyi hər bir tamaşada bir ansambıl olur. Bütün aktyorlar, rollarının böyüklüyündən, kiçikliyindən asılı olmayaraq onun quruluşunda yaxşı oynayırlar. Biz ailə qurandan sonra o, bizim teatrdan çıxıb Milli Akademik Dram Teatra quruluşçu rejissor vəzifəsinə getdi. Ondan sonra biz onunla heç bir tamaşa üzərində işləyə bilmədik. Amma əvvəllər onunla çox tamaşalarda işləmişik. Bu sənətin sirlərini, incəliklərini, rol üzərində aktrisanın necə işləməsini dəqiqliyi ilə ondan öyrənmişəm. Mən bu sənət aləmində nəyə nail olmuşamsa ən çox ona borcluyum. Ona minnətdaram. İndi də oynadığım tamaşalara baxandan sonra oturub birlikdə təhlil edirik. Mənə çox yaxşı məsləhətlər verir. Onun məsləhətlərini yerinə yetirdikdə görürəm ki, rolum obraz səviyyəsinə yüksəlir. İşimə xeyri olur. Ən böyük arzum isə o idi ki, onunla heç olmasa bir tamaşa işləyə bilim. Hətta Ağakişi müəllimin quruluş verdiyi tamaşada kütləvi səhnələrdə də çıxış etməyə razı idim. Amma Böyük Yaradan mənim arzumu eşitdi və biz onunla Ulyam Lyusun “İstədiyim kimi yaşamışam” monotamaşasıni işlədik. Bu əsər dünya teatrlarında dəfələrlə hazırlanıb və dünya səviyyəli maraqlı aktrisalar bu rolu oynayıb. Bizim tamaşaya baxan bütün tamaşaçılar da çox razı qalırlar. Deməli bu, həm rejissorun və həm də aktrisanın böyük qələbəsidir.


- Artıq böyük sənət təcrübəsi olan aktrisa kimi Azərbaycn teatrının gələcək inkişafı haqqında nə deyə bilərsiniz?


- Axır vaxtlar teatrlarda tamaşa təhvilində çox tələsiklik yaranıb. Bəzən iyirmi günə tamaşa təhvil verilir. Belə tamaşanın keyfiyyəti məncə heç də yaxşı olmur. Çünki görürük ki, aktyor və aktrisalar yalnız sözləri əzbərləyib səhnəyə çıxıblar. Ona görə kəmiyyət ardınca qaçmaq yox, keyfiyyət ardınca qaçmaq lazımdır. Tamaşa tam bişməmiş, tam hazır olmamış onu tamaşaçıya göstərmək olmaz. Belə tamaşaya baxan tamaşaçı daha teatra gəlməz. XXI əsr deyirlər ki, sürət əsridir. Amma yaradıcılıqda belə olmamalıdır. Mən səhənədə böyük obraz yaradan, öz rolunu böyük ustalıqla tamaşaçıya çatdıran aktyor və aktrisanı görmək istəyirəm. Tələsik hazırlanan tamaşada onlar bunu çox çətinliklə bacara bilərlər. Axı aktyor robot deyil. Yaradıcı insandır. Axır vaxtlar teatrlarda manumental, çoxlu kütləvi səhnələri olan tamaşalar da hazırlanmır. Teatrlar az iştirakçısı olan tamaşalara daha çox üstünlük verirlər. Amma çoxlu rolları və kütləvi səhnələri olan tamaşalar da bugünkü tamaşaçılar üçün çox lazımdır.
Qarabağ mühribəsinə, yüksək vətənpərvərliyə həsr olunun pyeslər də demək olar ki, yox dərəcəsinədir. Yəni çox azdır. Belə əsərlər bizə hava-su kimi lazımdır. Yadımdadır ki, siz Qarabağ müharibəsinə həsr olunan Vaqif Əlixanlının “Əcəl atı” tamaşasını işləyəndə bütün yaradıcı kollektiv sizinlə birlikdə necə böyük həvəslə işləyirdi. Baxmayaraq ki, bu işin yaxşı alınmasına var gücü ilə mane olan bəzi qüvvələr də vardı. Amma yüksək yaradıcılıq və böyük həvəs hər şeyə qalib gəldi və çox maraqlı tamaşa alındı. Bu tamaşa teatrımızda tamaşaçıların böyük maraqla baxdığı səhnə əsərlərindən biri idi. Hər bir tamaşa da anşlaqla gedirdi. Lakin bəzi gözü götürməyənlər bir il yarım bundan qabaq bu tamaşanı teatrın repertuarından çıxartdılar. Mənə elə gəlir ki, bu təkcə tamaşaya və onun yaradıcı kollektivinə yox, tamaşanı repertuardan çıxaran həmin adamların Qarabağa ən böyük hörmətsizliyi oldu. Bu tamaşadan sonra Qarabağ müharibəsinə həsr olunan üç tamaşa da hazırlandı. Bunlar- Sevinc Elsevərin “ Arzu və murad”, Əli Əmirlinin “ Axırıncı qatar” və Yefim Abramov, Leyla Bəyimin “Yarımçıq qalmış” tamaşalarıdır. Amma bu tamaşalar da tamaşaçılara çox az-az göstərilir. Yalnız mövsümü vaxtlarda. Əslində belə olmamalıdır. Mən onu da vurğulamaq istəyirəm ki, elə bil yazıçılarımızda vətənpərvərlik hissləri, Vətən sevgisi ölüb. Onlar Qarabağ müharibəsi başladığı otuz il müddətində bu dəhşətli hadisələrlə bağlı demək olar ki, heç bir samballı səhnə əsəri yazmayıblar. Bu dəhşətdir. Mənə elə gəlir ki, ən sanballı əsər “Əcəl atı” idi. Onu da oynamağa qoymadılar…
Amma dünya ölkələrində baş verən ən kiçik hadisələrə, müharibələrə həmin məmləkətlərin yazıçıları bir-birindən maraqlı əsərlər həsr edirlər. Rejissor da yüksək vətənpərvərlik ruhu ilə onları tamaşaya qoyur və ekran əsərləri kimi çəkirlər. Bizdə isə tamaşaçıların tükünü ürpədən, onları döyüşə səsləyən, yüksək vətənpərvərlik ruhunda tərbiyə edən əsərlərimiz isə yox dərəcəsindədir. Doğrudanmı biz belə acizik? Biz belə istedadsızıq? Axı, mənə elə gəlir ki, hər bir aktyor və aktrisa öz millətinin dərdini, problemlərini səhnədə göztərməklə, tamaşaçını öz ardınca aparmaqla bu müqəddəs yolda xalqına xidmət edir. Bax, mən bir aktrisa kimi yazıçılarımızdan belə əsərləri gözləyirəm.
Siz düz deyirsiz Mehriban xanım. “Əcəl atı” tamaşasını repertuardan çıxaran teatrın keçmiş rəhbərliyi haqqında mətbuatda çox kəskin yazılar yazıldı, amma tamaşa repertuara yenidən salınmadı. Bu, təkcə müəllif Vaqif Əlixanlıya, quruluşçu rejissor kimi mənə yox, həmin tamaşada əziyyət çəkən bütün yaradıcı heyyətə pis təsir etdi. Mən teatrın o vaxtkı rəhbərliyini başa sala bilmədim ki, bizim Qarabağ dərdimiz heç vaxt köhnəlməməlidir. İşğal olunmuş rayonlarımız yalnız işğal günləri yada düşməməlidir. Belə olanda həmin rayonlarımızı və bütövlükdə Qarabağ bölgəmizi heç vaxt geri qaytara bilməyəcəyik. Əslində teatrlarımızın repertuarında belə mövzulu əsərlər çox olmalıdır. Teatrların rəhbərləri bu tamaşaları tamaşaçıya göstərməyi özünün yüksək vətəndaşlıq, vətənpərvərlik mövqeyi bilməlidir. Bu tamaşaların tamaşaçılarla birlikdə tez-tez müzakirəsi keçirilməlidir. Televiziyalarımız öz proqramlarının çoxunu primitiv, bayağı verilişlərə yox, bu mövzuya həsr etməli və bu mövzu ilə bağlı kinofilmlər, televiziya filmləri çəkilməli, sanballı musiqi əsərləri yazılmalı, rəssamlarımız özlərinin ən yaxşı rəsm əsərlərini bu mövzuya həsr etməlidirlər. Biz, yalnız bu yolla xalqımızda artıq ölmüş vətənpərvərlik hisslərini qaldıra bilərik. Biz, milləti yalnız bu yolla milli birliyə səsləyə bilərik. Bu yolla döyüşə hazırlaya bilərik. Bu yolla milli birliyə nail ola bilərik. Bu haqda çox ciddi düşünmək lazımdır. Əgər Qarabağ torpaqlarımızı biz özümüz geri qaytara bilməsək, gələcək nəsillərimiz bizi heç vaxt bağışlamayacaq. Necə ki, ulu babamız, böyük sərkərdəmiz Şah İsmayıl Xətainin bizim üçün qoyub getdiyi dörd milyon beş yüz min kvadrat kilometr torpaqları ondan sonra gələn babalarımız düşmənlərə verib və biz də bu gün onları bağışlamırıq. Yamanlayırıq. Biz də torpaqlarımızın iyrmi faizini düşmənlərimizə verdiyimiə görə nəvələrimiz, nəticələrimiz bizi heç vaxt bağışlamayacaq. Vətən torpağının əsarətdə qalması, elə millətin bütövlükdə əsarətdə qalması deməkdir.
P.S. Yenə də mövzudan uzaqlaşdım. Mən buna tam inanıram ki, artıq ömrünün 32 ilini teatr sənətinə böyük uğurla xidmət edən Mehriban Abdulla qızı Abdullayeva Dövlər Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyində yada düşəcək və ona Əməkdar artist fəxri adı veriləcək. Çünki bu, onun halalca haqqıdır.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

                                                                                   ***

 

ADGTT- nın aktrisası ad gününü səhnədə qeyd etdi


Mayın 15-də ADGTT-da Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam” monotamaşası oynanıldı. Yubiley ad günündə öz monotamaşası ilə sənətsevərlərin görüşünə gələn aktrisa müasir dövrlə səsləşən dinamik və maraqlı səhnə əsərini təqdim etdi. Səhnə əsərinin quruluşçu rejisssoru aktrisanın həyat yoldaşı, Xalq artisti, rejissor Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Ömrün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdi, gah bədbəxt. O, gah gülür gah göz yaşlarında boğulur . Məhz bu anlarda aktrisa özünəməxsus ştrixlərlə obrazının daxili əzablarını tamaşaçıya sərrastcasına çatdıra bilir.
Uzun illərdir ADGTT-da çalışan aktrisa öz ad gününü sevimli kollektivi və tamaşaçıları ilə birlikdə qeyd etdi. Böyük alqışlarla qarşılanan tamaşadan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun adından aktrisaya təbrik ünvanlandı və gül dəstəsi təqdim edildi.
Tamaşanın rejissoru Xalq artisti Ağakişi Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )