DƏNİZ ADA... - - Mənzərə Sadıqova

DƏNİZ – ADA... - Mənzərə Sadıqova

DƏNİZ ADAya aşiq olmuşdu. Onu qucaqlayıb bərk-bərk bağrına basmışdı.
ADA DƏNİZin köksündə yaşayırdı. Yuxuda olanda belə onun ürək çırpıntılarını
duyurdu.
DƏNİZin mavi suları gecə-gündüz ADAnın sahillərini döyəcləyir, sanki
“Mən buradayam, yaxında, sən hara boylanırsan?” – deyirdi. DƏNİZin ləpələri
ADAnın vücudunu sığallamaqdan doymurdu. Gecələr DƏNİZ dalğalarıyla ona
layla çalırdı. Səhərlər ləpə dodaqlarıyla ADAnı busələrə qərq edirdi. Gündüzlər
ayna gözlərində ADAnın min cür rəsmini çəkirdi. Axşamlar hərdən DƏNİZin
fırtına məhəbbəti şahə qalxırdı. Eşqin simfoniyasını oxuyan dalğalar ADAnın
həyatına yepyeni çalar gətirirdi. Sanki bağrına dirilik suyu səpirdilər, içdikcə
içmək istəyirdi. Su saflığı, su qüdrəti, qovğa edən dalğaların əzəməti ADAnı həm
cəzb edir, həm qorxudurdu. ADA çırpınıb DƏNİZin qolları arasından çıxmaq
istəyirdi. Amma... yox... qəlbində etiraf edirdi ki, bu böyüklükdə məhəbbətlə
sevilmək xoşuna gəlir.
DƏNİZin təmənnasız sevgisi ADAnı fərəhləndirir, qürurlandırırdı. Elə ki,
DƏNİZin məhəbbət himni başlandı ADA əsrarəngiz mənzərənin seyrinə dalırdı.
Gah lirik duyğuların, gah da qəzəbin, üsyanın daşıyıcısı olan dalğalar ADAya
çırpılıb çilik-çilik olur, zərrəciklərə çevrilərək günəş şüaları altında bir özgə
gözəllik yaradırdı. ADAnın qarşısında cilvələnən DƏNİZ özünü sevdiyinə min bir
libasda nümayiş etdirirdi – həm nazlı, həm qəzəbli... Sonra masmavi sular, al-əlvan
molekullar yenidən DƏNİZə qayıdıb birləşir, elə bütövləşirdi ki, sanki heç
bölünməmişdilər. ADA DƏNİZin bu keyfiyyətinə heyran idi. Dalğalar
sakitləşəndən sonra havada qəribə bir sərinlik qalırdı. ADAnın ruhunu dinclik,
rahatlıq duyğusu bürüyürdü.
DƏNİZin gözəlliyinə, mübarizliyinə vurğun olsa da, hələm-hələm təslim
olmaq istəmirdi ADA. Zaman-zaman ona meydan oxuyurdu, şıltaqlıq edirdi,
nazlanırdı. “Yaşadığım, var olduğum məskən sənin köksün olsa da, mən də
mənəm!” – deyirdi DƏNİZə. Beləcə ömür baş alıb gedirdi, ADAyla DƏNİZ
duyğular selində qərq olurdu.
Əslində ADA DƏNİZin, DƏNİZ ADAnın əsiri idi. Yer kürəsində yeni
geoloji proseslər, coğrafi dəyişikliklər baş vermədikcə DƏNİZADAnın
ayrılması mümkünsüzdü. Birgə var olacaqdılar!.. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )