27 ildir müstəqil olmağımıza baxmayaraq... - - Mübariz Göyüşlü yazır..(+FOTOLAR)

27 ildir müstəqil olmağımıza baxmayaraq... - Mübariz Göyüşlü yazır..(+FOTOLAR)

AZpress.AZ xəbər saytı Mübariz Göyüşlünün Xarici İşlər Naziri Elmar Məmmədyarovun Azərbaycan türkcəsində danışa bilməməsi haqqında yazdığı yazısını oxucularla bölüşür:

Neçə gündür Xarici işlər naziri Elmar Məmmədyarovun dövlət dilində, Azərbaycan türkcəsində danışa bilməməsi haqqında qeydlər sosial şəbəkələrdə geniş şərh olunur. Tənqid edənlər də var, adi qarşılayanlar da var, hətta dəstəkləyənlər də var. Ölkənin aparıcı bir qurumuna rəhbərlik edən rəsmi şəxsin dövlət dilində danışa bilməməsi çox ayıbdır, təmsil etdiyi dövlətə, millətə həqarətdir. Fikrimcə...
1. Müstəmləkə təfəkküründən qurtula bilməyən dövlətlərdə belə olur.
2. Müstəmləkə təfəkküründən qurtula bilməyən toplumlar bu hadisəni adi qarşılayır və hətta onu dəstəkləyir.
Və bu bir daha göstəriri ki, 27 ildir müstəqil olmağımıza baxmayaraq hələ də milli şüur, vətən əxlaqı anlayışları bizdə tam oturuşa bilməyib. Şəxsin, xüsusən də nazirin bir neçə dil bilməsi onu dövlət dilini bilmək və bu dildə danışmaq məcburiyyətindən, öhdəliyindən azad etmir. Yaxud dövlət dilində doğru-dürüst danışa bilməyən nazirin vətənpərvərliyini bizim gözümüzə soxmaq da lazım deyil. Mənim onun vətənpərvərliyini ölçmək imkanım yoxdur. Fakt budur ki, naziri olduğu dövlətin rəsmi dilində danışa bilmir, yaxud da danışmaq istəmir. Heç olmasa prezidentin çıxışlarından nümunə götürsəydilər, onun bu günlərdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman"ını diqqətlə oxusaydılar...
Yeri gəlmişkən zaman-zaman Xarici İşlər Nazirliyi sistemində çalışan, xüsusən də xaricədki diplomatik missiyamızda işləyənlərin bir qisminin (bu fikirlər milli düşüncəli, dövlətinə, millətinə sadiq olan diplomatlarımıza aid deyil) barəsində yayılan məlumatlar, yaxud özlərinin etdikləri hərəkərtlər onların vətənpərvərliyinə, milliliyinə böyük şübhələr yaradır. Bu günlərdə mətbuatda Ukraynadakı hazırkı səfirimizlə o ölkədəki keçmiş səfirin maliyyə yeyintisi faktları ilə bağlı qarşılıqlı ittihamları, Avropa İttifaqındakı keçmiş səfirimizin dövlətinə qarşı müxalifətdə olması, Gürcüstandakı keçmiş səfirimizin Azərbaycan məktəblərininin bağlanmasının vacibliyi ilə bağlı bəyanatı və s. kimi sadalamaq istəmədiyimiz məqamlar da bu qənaətimizi doğruldur. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )