Xalq artisti Amaliya Pənahova vəfat etdi... - - Vida mərasimi sabah olacaq...

Xalq artisti Amaliya Pənahova vəfat etdi... - Vida mərasimi sabah olacaq...

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Görkəmli teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Respublikanın Xalq Artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Amaliya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 73-cü ilində vəfat etmişdir.

Amaliya Əliş qızı Pənahova 1945-ci il iyun ayının 15-də Gəncə şəhərində dünyaya göz açmışdır.

O, 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olmuş və aktyorluq sənətinin incəliklərinə yiyələnmişdir. Hələ tələbə vaxtlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan aktrisa bu sənət ocağında 28 il çalışmışdır.

Milli Dram Teatrın səhnəsində ilk dəfə İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə surəti ilə çıxış edən A.Pənahova burada çalışdığı illər ərzində bir çox maraqlı yaddaqalan obrazlar yaratmışdır.

İstedadlı aktrisa doğma səhnədə – Natəvan, Şahnaz, Nərmin, Nargilə, Aynur (İ.Əfəndiyev “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Bizim qəribə taleyimiz”, “Büllur sarayda”), Medeya (J.Anuy “Medeya”), Ofeliya (U.Şekspir “Hamlet”), Tomris (O.Altunbay “Tomris”), Nigar (S.Şendil “Qanlı Nigar”), Təhminə (Anar “Təhminə və Zaur”), Zərifə (S.Rəhman “Nişanlı qız”) öz təbiiliyi, həyatiliyi, emosional təsiri, dərin psixoloji yozumu ilə seçilmişdir.

Aktrisa Azərbaycanfilmin çəkdiyi “Əhməd haradadır?”, “Qərib cinlər diyarında”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qəribə adam”, “Gözlə məni”, “Ömrün yolları”, “Cazibə qüvvəsi”, “Şamdan” kimi bədii filmlərdə müxtəlif səpkili rollar oynamışdır.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış A.Pənahova ömrünün sonuna kimi bu teatra rəhbərlik etmişdir. Burada o, 12 tamaşaya quruluş vermişdir.

1994-cü ildən pedaqoji fəaliyyətə başlamış və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinin müəllimi olmuşdur.

A.Pənahova 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşdur.

Aktrisa sənətdə əldə etdiyi nailiyyətlərə görə ən yüksək fəxri adlara, orden və mükafatlara layiq görülmüşdür. Unudulmaz aktrisa Amaliya Pənahova Azərbaycan teatr və kino sənətinin əvəzolunmaz sənətkarlardan biri idi. Yüksək istedadı, təkrarolunmaz ifa tərzi ilə əsil xalq məhəbbətini qazanmışdı.

Amansız ölüm istedadlı aktrisanı aramızdan apardı.

Zaman keçəcək, lakin öz təbiiliyi, həyatiliyi, emosional təsiri və dərin psixoloji yozumu ilə seçilən obrazlar gözəl sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.

Amaliya Pənahovanın əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində qalacaqdır.

Xalq artisti ilə vida mərasimi 9 noyabr tarixində saat 11:00-dan Akademik Milli Dram Teatrında keçiriləcəkdir.

Allah rəhmət eləsin! 

 

                                                                                  ***

 

Bu barədə AZpress.AZ-a Mədəniyyət Nazirliyindən açıqlama verilib:

 

“Sabah səhər 11-dən 12:30-dək Akademik Milli Dram Teatrında mərhum aktrisa ilə vida mərasimi keçiriləcək.

 

Qeyd edək ki, xalq artisti bu gün 73 yaşında dünyasını dəyişib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )