ƏLYAZMALAR XƏZİNƏMİZİN İLK RƏHBƏRİ - - Bu barədə ilk dəfə Asif Rüstəmli yazdı..

ƏLYAZMALAR XƏZİNƏMİZİN İLK RƏHBƏRİ - Bu barədə ilk dəfə Asif Rüstəmli yazdı..

1933-cü il dekabrın 4-də prof.Vəli Xuluflu SSRİ EA Zaqafqaziya Filialı Azırbaycan Bölməsinin Rəyasət Heyətinə (Az.OZFAN) dəvət olundu və İctimai Elmlər şöbəsinin müdiri, akademik İ.İ.Meşaninovun rəhbərliyi ilə sektor və seksiyalarda kadr və struktur dəyişikliyi həyata keçirildi. Əli Nazim Ədəbiyyat Sektorunun və Ədəbi abidələrin nəşri seksiyasının, Ruhulla Axundov Dil Sektorunun, Salman Mümtaz Ədəbi irs, Hənəfi Zeynallı Şifahi ədəbiyyat, prof. Bəkir Çobanzadə Milli azlıqlar və Həsən İmanov (1901-1937) Əlyazma qaynaqlar seksiyasının rəhbəri təyin edildi.
Həsən Həşim oğlu İmanov 1901-ci ildə Şuşada anadan olub. Burada ibtidai təhsil aldıqdan sonra Şuşa realnı məktəbinə daxil olmuş, 1919-cu ilədək bu şəhərdə yaşamışdır. O 1920-ci ildə Bakı şəhərinə gələrək Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq Fakültəsinin tarix ixtisası üzrə daxil olmuş (1921), təhsil illərində Yeni Türk Əlifbası Komitəsində çalışmış, eyni zamanda “Yeni yol” qəzeti ilə sıx əməkdaşlıq etmişdir. Onun “Hökumət Türk Dram Teatrosunun bir illiyi” (“Yeni yol”, 1923, №9), “Ölülər” qəhrəmanı İsgəndərin məhkəməsi münasibətilə” (“Yeni yol”, 1923, №4), “Tənqid teatrosunda” (“Yeni yol”, 1923, №14), “Nəcəf bəy Vəzirov” (“Yeni yol”, 1926, №159), “Birinci türkoloji qurultay” (“Yeni yol” qəz. əlavə, 1927, 7 noyabr) və b. məqalələri dövrünün ədəbiyyat məsələlərinə, mədəniyyət problemlərinə həsr edilmişdir. Həsən İmanov universiteti 1926-cı ildə bitirdikdən bir müddət sonra Xalq Maarif Komissarlığının göndərişi ilə Moskvaya, Şərq Xalqları İnstitutunun aspiranturasına göndərilmiş (1928), xalqımızın tarixi ilə bağlı araşdırmalar aparmışdır. 1931-ci ildə Moskvada təhsilini başa vuraraq Bakıya qayıdan H.İmanov Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsinə qəbul olunmuşdur. Ali Pedaqoji İnstitutun dosenti seçilir, eyni zamanda Dövlət Muzeyinin direktor müavini vəzifəsində çalışır. Az.DETİ ləğv olunduqdan sonra qısa müddətdə Dövlət Arxivində işləsə də, 1933-cü ildə Az.OZFAN-a qayıdır, burada müxtəlif vəzifələrdə çalışır.
Dosent Həsən İmanov 1937-ci ilin mart ayında əsassız iddialarla həbs edilərək məşhur “Üçlük” tərəfindən ən yüksək cəzaya - güllələnməyə məhkum edilmişdir.
Əlyazma qaynaqlar seksiyası uzun onilliklər Əlyazmalar Fondu adı ilə tanınan, bugün isə AMEA-nın nüfuzlu qurumlarından sayılan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sələfi, onun ilk qurucusu dosent Həsən İmanov isə bu zəngin mənəviyyat xəzinəmizin rəsmi təməlini qoyanlardan birincisidir.
4 dekabr 1933-cü il tarixini Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yaranması, təməlinin qoyulması günü kimi qəbul etsək onda bu böyük və zəngin mənəviyyat xəzinəmizin 85 illik yubileyinə bir aydan da az vaxt qalır. Əlyazmalar məbədimizin yubileyi onu yaradanların xatırlanması üçün bir fürsət olardı...

Asif Rüstəmli 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )