Xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilib - +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

Xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilib +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aktrisanın uzun illər çıxış etdiyi teatrın səhnəsində qoyulmuş cənazəsi önündə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mədəniyyət Nazirliyi, digər qurumlar adından əklillər qoyulub. Yüzlərlə şəhər sakini, sənətsevərlər tanınmış aktrisa ilə vidalaşmaq üçün Akademik Milli Dram Teatrının binasına gəliblər.

Vida mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Amalya Pənahova Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biri idi. Onun vəfatı Azərbaycan mədəniyyəti, teatr sənəti üçün ağır itkidir. Diqqətə çatdırılıb ki, görkəmli aktrisanın dünyadan köçməsinə cəmiyyətimiz tərəfindən verilən reaksiya, bu gün bu qədər insanının bu mərasimə gəlməsi bir daha onu göstərir ki, teatr sənəti çox vacib bir sənətdir. Teatr Azərbaycan xalqının mədəni həyatının, irsinin ayrılmaz bir hissəsidir. Nazir Amalya Pənahovanın həyat və yaradıcılığından danışaraq, onun milli teatr və kino sənətinə dəyərli töhfələr verdiyini, peşəkar ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin rəğbətini qazandığını vurğulayıb.

Mərasimdə Akademik Milli Dram Teatrının direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, xalq

artistləri Rafael Dadaşov, Nurəddin Mehdixanlı, Hacı İsmayılov, digər çıxış edənlər Amalya Pənahovanın sənət yolundan, teatr və kino yaradıcılığından söz açıblar.

Amalya Pənahovanın ailəsi adından oğlu İlqar Muxtarov çıxış edərək anasının sənətinə verilən yüksək qiymətə və xatirəsinə göstərilən dərin ehtirama görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Vida mərasimindən sonra aktrisanın cənazəsi sənətsevərlərin alqışları altında son mənzilə yola salınıb. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )