GƏNCLƏRLƏ ÜÇ SAAT... - - Rafael Hüseyn

GƏNCLƏRLƏ ÜÇ SAAT... - Rafael Hüseyn

Biz 2001-ci ildən professor Səməd Seyidovla həm Milli Məclisdə, həm də Avropa Şurasında birgəyik.
Bu illər ərzində onun dövlət və milli maraqlarının qorunması yolunda ardıcıl çalışmalarının həmişə şahidi olmuşam.
Lakin bizim tanışlığımız, ünsiyyətimiz daha əvvəldən başlanır, hələ Milli Məclisdəki birgə fəaliyyətlərimizdən öncəki vaxtlara təsadüf edir.
Səməd Seyidovun Dillər Universitetinin rektoru idi və həmin universitetin dayaq sütunlarından biri, böyük müəllim İsmixan Rəhimovun yubiley mərasimini təşkil etmişdi.
İsmixan Rəhimov həm mənim müəllimim, həm də dostum, sirdaşım, ürəkdaşım, ömrümün ən əziz adamlarından idi.
Təbii ki, onun həmin bayramına mən də dəvətliyidim.
Çıxış edib ürək sözlərimi də söyləmişdim, həmin gün axıracan da birlikdə olmuşduq.
Səməd müəllimlə də o gün yaxından tanış olmuşduq.
Səməd elmlə, tədrislə, maariçiliklə bağlı bir nəslin övladıdır.
Və bütün faydalı işlərini görə-görə günlərin birində Səməd müəllimin Siyasi Psixologiya Mərkəzi yaratdığını biləndə bunu tam qanunauyğun saydım, bu təşəbbüsü ona irsən nəsib olan maarifçilik duyğusunun hökmü ilə atılmış bir addım kimi qavradım.
Amma 2018-ci il noyabrın 7-də Səməd Seyidovun çoxdankı dəvətinə əsasən həmin Siyasi Psixologiya Mərkəzinə nəhayət ki, yolum da düşdü.
Mərkəzin nəzdində fəaliyyət göstərən Siyasi Psixologiya Məktəbində "Milli dil, milli düşüncə və milli ideal" mövzusunda 1 saatlıq mühazirəmdən sonra 2 saata yaxın müddət boyunca gənclərin müxtəlif suallarını da cavablandırdım.
Bütün bu gedişat əvvəldən sona canlı yayımda izlənə bilirdi.
Gənclər sullar verirdi.
Onlardan hansısa hansısa universiteti artıq bitirib, hansılarısa hələ ayrı-ayrı universitetlərdə oxumaqdadır, hərəsi bir neçə əcnəbi dili mükəmməl bilir.
Lakin bu mərkəzdə, zənnimcə, onlar həyatlarının ən qiymətli universitetlərindən birini keçirlər.
Bir tərəfdən Səməd Seyidov kimi həm siyasi, həm elmi baxımdan çox bişkin bir insanla daimi təmasdadırlar, o biri yandan mütəmadi olaraq Səməd müəllimin dəvətiylə Mərkəzə qonaq gələn görkəmli alimlər, ictimai xadimlər, siyasətçilər, dil daşıyıcıları ilə görüşə, maraqlı mühazirələri dinləyə bilirlər, üstəlik, həm də onlara təcrübələr, vərdişlər qazanmaq üçün vaxtaşırı Avropa Şurası Parlmaent Assambleyasının sessiyalarını bilavasitə izləmək, Strasburqa, Avropa Evinə ezamiyyətlərə yollanmaq imkanı yaradılır.
Gənclərin rəngarəng sualları bir-birini əvəzləyirdi.
Məşhur aforizm "Danış, görüm sən kimsən" söyləyir.
Gənclər müxtəlif sullar verirdilər və həmin suallarda mən onların ağıl, bilik, zövq səviyyəsini, dünyagörüşlərinin əhatəsini, maraqlarının geniş dairəsini görürdüm.
Və çox sevinirdim.
Çünki mən o saatlarda Azərbaycanın sabahı ilə üzbəüz idim.
Sabahlar içində millətimizi və yurdumuzu irəlilədəcək, dövlətimizi daha güclü etməyi bacaracaq savadlı, mədəni, çalışqan, öyrənməkdən doymayan cavanlarla.
Və çox fərəhlənir, qürurlanıram ki, belə bir işıqlı gəncliyin yetişməsində, bu vacibdən-vacib, Vətənə və xalqa faydalar verən nəcib yolda mənim əziz dostum professor Səməd Seyidovun da təqdirəlayiq töhfəsi və payı var! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )