Mərhəmətli olmağa tələsin xeyriyyə aksiyasına qoşulanların marşı... - - Rafiq Oday (+FOTOLAR)

“Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı... - Rafiq Oday (+FOTOLAR)

7 noyabr 2018-ci il tarixində «Azərikimya» İstehsalat Birliyi Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start vermişdir.
Birliyin akt zalında keçirilən tədbirdə «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı, YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri, “Qartal” Tikinti firmasının rəhbəri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri, Ekologiya və Təbii Sərvətlər nazirliyinin aparat rəhbəri, Karbamid zavodunun, Sumqayıtda yerləşən digər idarə, müəssisə, təşkilat, bank və sığorta şirkətlərinin rəhbərləri, “Kimyaçı” poliklinikasının və özəl klinikaların baş həkimləri, “Sumqayıt” futbol klubunun nümayəndələri də daxil olmaqla – ümumilikdə 50-dən artıq qurumu təmsil edən nümayəndə iştirak etmişdir.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, 8 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın indiyə qədər əsas qayəsini şəhərimizin ümumtəhsil müəssisələrində təhsil alan, sağlamlıq və maddi imkanları məhdud olan uşaqların isti qış geyimləri ilə təmin olunması təşkil etmişdir. Və hər il bu aksiya nəticəsində yüzlərlə insana yardım edilmişdir. Ötən illərdən fərqli olaraq, bu il yardım veriləcək insanların bir neçə kateqoriyaya bölünməsi nəzərə alınmışdır. Belə ki, bu aksiyadan hər iki valideynini itirmiş uşaqlar, əlil arabasına ehtiyacı olan insanlar və əlillər təşkilatının digər ehtiyaclı üzvləri, aztəminatlı ailələrin üzvləri, tənha və kimsəsizlər, baxıma, dəstəyə və yardıma ehtiyacı olan digər insanlar yararlana biləcəklər. Vurğulanmışdır ki, noyabrın 25-nə qədər davam edəcək aksiyada əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər bölməsində toplanacaq, məqsədyönlü şəkildə və aksiyayaya qoşulanların bilavasitə iştirakı ilə yekun tədbirində nəzərdə tutulmuş insanlara paylanılacaqdır.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, bu günə qədər onların səsinə səs verərək, bu xeyirxah təşəbbüsə qoşulan və bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etmişlər. 

 

                                                                                   ***

 

MƏRHƏMƏTLİ OLMAĞA TƏLƏSİN, ƏZİZLƏRİM


“Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı

 

Tanrı bizə beş verib, birini də biz verək,
Azmı, çoxmu – fərqi yox, nə veririk düz verək,
Bunu hər il etməyi özümüzə söz verək,
Elə edək bir kimsə bilməsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

 

Böyük Vətən sevgisi kiçik kənddən başlayır,
Kiməsə arxa durmaq bircə fərddən başlayır,
Bəli, Cənnətin yolu mərhəmətdan başlayır,
Bu hiss canında yaşar hər kəsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

 

Tanrının naz-neməti başınızdan ələnsun,
Düzü-dünya saflığa, ülviliyə bələnsin,
Bir körpə gülüşündən hər yana nur çilənsin,
Musiqiyə dönüşsün – bir həzin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

 

Kim sevər sinəsində qara daş bəsləyəni,
Pulu canından da çox oxşayıb-süsləyəni?!
Gözü yolda qoymayaq bizləri səsləyəni,
Gedəyin arxasınca o səsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

 

İmkanım yoxdur deyib, bihudə dad etməyək,
Bir qoğal da bəs eylər kimsəni şad etməyə,
Bir nağıl da bəs eylər könlü abad etməyə,
Kərəm görüb sevinsin Lələsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !