Dualar, sevgilər... - - Sona Vəliyeva

Dualar, sevgilər... - Sona Vəliyeva

Dualar, sevgilər


(Həyat yoldaşı ürək əməliyyatı olan qadının dilindən)

 

Daş altda sıxıan əldir ümidim,
Boğulub qalaram öz harayımda.
Uzanar dəqiqə, dayanar zaman,
Dar ağacıdı hər saat əqrəbi.
Dözüm kəndir olar, asılı qallam.

 

Nə zaman ölçülər, nə də ki məkan,
Ümid də, səbir də gen durar məndən.
İtər palatanın qapı-bacası,
Bir saat içində min kərə ölləm.
Təsəlli verməyə gəlmirsən nədən?

 

Sənin can ağrına bələnər ürək,
İlğıma döndərər dünyanı kədər,
Dedin ki, güclüsən, bəlkə eləymiş
Əllərin əlimdə olana qədər.

 

Ölçüsüz, biçisiz bu doğmalığın,
Bilirsə sirrini, qoy Tanrı desin.
Məni bu dünyanı təkləməyindən,
Qurtara bilərdi tək sənin səsin.

 

Günəş istisində çovğun, boran var,
İçimdə min qışın küləyi əsir.
Əlim çarpazlanır sinəmə sarı,
Görürəm ürəyin əlimdə əsir.

 

Əlim ürəyindən sorar “necəsən?”
Qorxulu, ağrılı cavablar sızlar.
Bu ağrı bir ömür qazancımızsa,
Paylaşaq onu da öz aramızda.

 

Gedişli, dönüşlü yolayrıcında
Sevgi sınağı var dayanmalısan.
Qorxulu yuxudur bu gün olanlar,
Çalışıb yuxudan oyanmalısan.

 

Qayğı yanğısında əriyən ömrün
Umu-küsüsü də sevincmiş, demə.
Yaxamı dərdlərin əlinə qıyıb,
Məni tənhalığa dəyişib getmə.

 

Dualı göz yaşım, sevgi məktubu,
Dolutək, yağıştək göy üzün döyər.
Tanrı yol göstərər, göy qurşağıyla,
Ömrümə dönməyə yollar görünər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )