Yeniləşən Bakı... - - Nəyi itiririk? Nəyi qazanırıq?

Yeniləşən Bakı... - Nəyi itiririk? Nəyi qazanırıq?

Mərkəzi Bakıda Şəmsi Bədəlbəyli küçəsində tini dönürəm. Və qəflətən istiqamətimi itirdiyimi hiss edirəm.

Hündür olmayan binaları 19-cu əsrdə tikilmiş bu küçənin bir tərəfi tamamilə dağıdılıb. O biri tərəfdə qalan evlərin çoxu sadəcə uçurulmağı gözləyən boş divarlardır.

Bütün bunlar ərazidə yeni tikintilər planının bir hissəsidir.

Yerli sakinlər qəzəb və sarsıntı içərisindədir.

Mən bura gəldiyim gün ofisi həmin küçədə yerləşən yerli insan haqları qurumu etiraz aksiyası təşkil etmişdi.

Gənc kişi su borusuna dırmaşır və evin sahibinin həmin evdə qalmaq haqlarını Azərbaycan və Avropa qanunları ilə müdafiə edən şüarları binanın divarına yazır.

İlk dəfə deyil ki, belə edir. Və hər dəfə də iş saatlarından sonra kimsə gəlib divara yazılan sözləri boz rənglə boyayır.

Yerli sakinlər etirazı dəstəkləmək üçün bura toplaşırlar. Və gələnlərdən hər birinin danışmağa bir əhvalatı var.

“Mənim yerimə olsan hara gedərdin?”

Sakinlər deyir ki, təklif olunan pula mərkəzdə ev almaq mümkün deyil.
Onların hamısı qəzəb və sarsıntı içərisindədir. Təkcə evlərini itirdikləri üçün yox. Həm də, özlərinin dediyinə görə, hakimiyyətin məcburi alqı-satqı və evdən çıxarılma prosesini icra etməsi üsullarına görə.

“Bizə şeylərimizi toplayıb evdən çıxmaq üçün iki həftə vaxt veriblər” - bir qadın bizimlə söhbətində deyir. “Biz yox dedik, gecəyarısı evimizə polis gəldi. Bizə bağırdı. Qızlarımı “fahişə” adlandırdı. Mən bütün həyatım boyunca bu ölkə üçün namusla işləmişəm. Nə etmişik ki, indi buna layiq görülürük”.

Buradakı adamlar polis qüvvələrinin qapıları dağıtmasını, şoka düşmüş sakinlərin ekskavatorları kənardan heyrətlə seyr etməsini mobil telefonlara çəkiblər və bizə göstərdilər.

Onlar həmin gün dağıdılmış binanı göstərmək üçün bizi yolun o biri başına apardılar. Binanın bir hissəsinə çəkilmiş qaz borusuna indi taxta parçası tıxanıb. Qazı kəsməyiblər, ona görə də, havada qaz iyi hiss olunurdu.

İki qapı aşağıda tərk edilmiş bina var. Dəhşətlisi odur ki, çınqıl daşları ilə dolmuş otaqlarda hələ də iki ailə yaşayır. Onlardan biri üç kiçik qızı ilə yaşayan anadır. O biri isə Azərbaycanla Ermənistan arasında 1990-cı illərin dağıdıcı müharibəsinin qurbanı olan qaçqındır.

Bəs hara gedəcəksiniz? Mən ondan soruşuram. Bilmirəm – o, kədərlə belə deyir. “Sən mənim yerimə olsan hara gedərdin?”

Xəzərin Dubayı

İndi Bakı həyat və işıqla dolu şəhərdir.


Bu, neftlə pərvazlanan, Azərbaycan paytaxtını sürətlə Dubayın Xəzər Dənizi versiyasına çevirən möhtəşəm şəhər inkişafı proqramının qara tərəfidir.

Bütün bunlar çox kədərləndiricidir, çünki bu, həm də bir çox müsbət tərəfləri olan bir proqramdır.

Mən ilk dəfə 1995-ci ildə Bakıya gələndə on ilin yarısından çoxunu müharibə və vətəndaş üsyanları ilə yaşamış şəhər hələ də şokda idi. İşıqlar tez-tez sönürdü. Bir zamanlar çox gözəl görünən, üzü dənizə baxan 19-cu əsr binaları qaranlıq və uçuq-sökük idi.

İndi Bakı həyat və işıqla dolu şəhərdir. Keçmişdə neft maqnatlarının tikdiyi malikanələrin əzəməti bərpa edilib.

Sovet dövrünün sönük görüntülü binaları və qüllələri yeni, müasir görünüşlü fasadlara çevrilib.

Dənizin qarşısındakı bulvar yenidən döşənib, mənzərəsi dəyişdirilib, güllər və otluqlarla doludur. Burada şüşə liftləri, yemək zalı və çoxhissəli kinoteatrı olan yeni və parlaq ticarət mərkəzi də var.

Bəli, bu yeni güzgü göydələnlərin bəziləri hər zaman səliqəli və rahat bir şəhər olmuş Bakıda yersiz görünür.

Şəhərin mərkəzindəki dizayner butiklərində müntəzəm alış-veriş edən imtiyazlı azlığın nümayişə çıxardığı gözə girən var-dövlət şokedicidir.

Günəşli gündə gəzməyi və ya yeni Debenhams univermağına getməyi xoşlayan adi ailələr üçün də Bakının müasirləşdirilməsi həyatı bir çox mənada gözəlləşdirib.

Ancaq bütün bunlar Şəmsi Bədəlbəyli küçəsində yaşayan insanlardan uzaqdır. Onları məhəllədən çıxarırlar və əvəzində çox şey vermirlər.

Nəticəsiz şikayətlər

Mülkiyyət haqlarına dair qırmızı şüarlar axşam boz rənglə pozulur.


Yaşadıqları evlərin kvadrat metrindən asılı olaraq, onlara pul və ya yeni tikililərdə mənzil təklif olunur.

Ancaq bu pula mərkəzdə ev almaq mümkün deyil. Və onlar deyirlər ki, yeni mənzillər sadəcə divarlardan ibarətdir, onların vanna otağını, mətbəxini, tavan-döşəməsini quraşdırmaq üçün böyük miqdarda pul tələb olunur.

Onların başına gələnlər şəhərin ayrı-ayrı məhəllələrində çoxlarının başına gəlib.

Bir çoxlarına daha yaxşı təkliflər olunub və evlərini sevinərək dəyişiblər.

Amma deyəsən, bu məsələləri yoluna qoymaq üçün standart system yoxdur.

Bu isə o deməkdir ki, Şəmsi Bədəlbəyli küçəsinin sakinləri kimi kasıb, yaşlı, təhsilsizsənsə və haqlarını müdafiə etmək iqtidarında deyilsənsə, itirənlərdənsən.

Və məsələni şikayətlə həll etməyə çalışsan belə, müsbət nəticə şansı çox aşağıdır.

Ofisi Şəmsi Bədəlbəyli küçəsində yerləşən insan haqları təşkilatının rəhbəri Leyla Yunus deyir ki, o, Daxili İşlər Nazirliyinə insanların köçürülməsi zamanı polisin davranışlarına dair səkkiz şikayət ərizəsi yazıb. Məktublarının heç birinə cavab almayıb.

Onun məsələni məhkəmələrdə həll etmək cəhdi də gücünü itirib, hakimlər işə baxmaqdan imtina edir və onu başqalarına ünvanlayırlar.

O, indi ümidini Avropa İnsan Haqları Məhkəməsinə bağlayıb.

Şəhər rəsmiləri dağıntılarla bağlı tənqidləri qəbul etmir.

 

"Emosiyalar günahkardır"


“Yaxşı bir iş görməyə çalışanda hər zaman mənfi reaksiyalar da olur”, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən Hacı Rəcəbli belə deyir.

O, BBC-ə bildirib ki, Bakıda evlərin sökülməsi məhkəmə qərarı ilə icra olunur. “Bəzi fövqəladə hallarda, su, yol çəkiləndə istisna hallar var. Məhkəmənin qərarı ilə və bazar qiymətlərindən aşağı olmamaq şərtilə adamlara ödənişlər verilir”.

Və o, bazar qiymətlərindən aşağı kompensasiyalar təklif olunması barədə sakinlərin dediklərini rədd edir.

‘Bəzi adamlar belə sözlər deyəndə emosiyalara qapılırlar” – o deyir. “Belə hallar ola bilməz və olmaz.”

Bakı Merinin ofisinə bir neçə dəfə zəng etsək də, müsahibə üçün cavab verən olmadı. Dedilər ki, sözçü binaların söküldüyü ərazidədir və oradakı ofisində şəhər telefonu yoxdur.

Şəmsi Bədəlbəyli küçəsində isə etirazlar və evlərdən məcburi çıxarılmalar davam edir.

Yerli sakinlərin əsəblərinə qəzəb hakim kəsilib. Yeni şəhər salmaq naminə evləri və kasıb insanların haqlarını buldozerləməyə hazır görünən şəhər rəsmilərinin onlarla “narahatlıq yaradanlar” kimi rəftarından özlərini alçalmış kimi hiss edirlər.

Bu yeni şəhər isə ən müdafiəsiz insanların həyatlarının dağıntıları üzərində tikildiyindən yarımçıq görünür. 

Jenny Norton

BBC AZƏRBAYCANCA

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !