ELİNİN, NƏSLİNİN SEVİMLİSİ İDİ ŞƏHRİYAR... - - Rəhman Orxan (+FOTOLAR)(YENİLƏNDİ)

ELİNİN, NƏSLİNİN SEVİMLİSİ İDİ ŞƏHRİYAR... - Rəhman Orxan (+FOTOLAR)(YENİLƏNDİ)

Ömürləri yarımçıq qoyan, taleləri nakam edən
qaz partlayışları, qaz sızmaları

 

Son illərdə respublikamızda qaz avadanlıqlarının qeyri-mütəxəssislər tərəfindən texniki baxımdan düzgün quraşdırılmaması səbəbindən bəzən ayrı-ayrı mənzillərdə məişət qazının sızması, partlayışların baş verməsi böyük faciələrlə nəticələnir. Bir qayda olaraq həmin hadisələrlə bağlı mətbuatda ötəri məlumatlar verilir ki, bu da quru statistika xarakteri daşıyır, qaz avadanlıqlarının quraşdırılmasında xətalara yol verilməsinin ailələri necə bədbəxtliklərə düçar etməsi, faciə qurbanları, onların kimliyi, bu itkilərin təkcə ayrı-ayrı ailələrə deyil, bütövlükdə cəmiyyətə necə ağır zərbə vurduğu barədə çox zaman danışılmır, ailələr öz dərdləri, göynədici ağrı-acıları ilə həmişəlik başlı-başına qalırlar.
Ancaq unudulmamalıdır ki, faciə qurbanlarının hər biri ayrılıqda yarımçıq ömür, parçalanmış ümidlər, başa çatmayan arzu-kam, ailənin, nəslin kəsilməyən göz yaşları, nəticə etibarilə isə bu xalqın itkisidir. Çox təəssüf ki, şəhər və kəndlərimizdə qaz təsərrüfatı işçilərinin heç də hamısı hər bir insan taleyinə cavabdeh olduqlarını bütün məsuliyyəti ilə dərk etmir, yalnız mənzil, ev sahibindən "şikayətiniz yoxdur ki? Onda bura qol çəkin" deyib, hansısa siyahıya qol çəkdirməklə vəzifələrini bitmiş hesab edir, mənzildəki qaz avadanlıqlarının, qaz borularının vəziyyətini yoxlamaq istəyində olmurlar. Nəticə isə qarşısı alınmaz, ağır, faciəli olur.
Bu il oktyabrın 13-də Lənkəranda baş vermiş faciə də məhz rayonun qaz təsərrüfatında işə yüksək tələbkarlıqla, lazımi səviyyədə yanaşılmaması ucbatından baş vermişdir. Nəticədə bir gənc ailə başsız, övladlar atasız qalmış, valideynlərin ümidləri, arzuları puç olmuş, böyük bir nəslə sağalmaz yara vurulmuş, iri bir tikinti şirkəti isə özünün bacarıqlı, işgüzar, perspektivli bir əməkdaşını itirmişdir. Aşağıdakı yazı həmin faciənin qurbanı, 30 yaşlı Şəhriyar Abdurahmanov haqqındadır.

 

Bir yarpaq xatirə


ELİNİN, NƏSLİNİN SEVİMLİSİ İDİ ŞƏHRİYAR...


Neçə vaxt idi inşasında gecə-gündüz çalışdıqları binanın buraxılışına tələsdiklərindən o, özünün ilk yubileyini də ailəsindən uzaqda, inşaatçı yoldaşları ilə birgə iş yerində keçirməli olmuşdu.

Əslində o faciəli hadisə baş verməyə də bilərdi, əgər Şəhriyar özünə, işinə tələbkarlıqla, məsuliyyətlə yanaşmağı bacarmasaydı...
Çalışdıqları obyektdə işlər başa çatmışdı və o, öz yoldaşları ilə birgə həmin gün - oktyabrın 13-də Lənkərandan Bakıya dönməli idi. Lakin Şəhriyar obyektdə görülmüş son tamamlama işlərini daha mükəmməl yerinə yetirmək üçün iş yoldaşlarına təklif etmişdi ki, bir gün də qalıb bəzi işlərə bir daha əl gəzdirsinlər. Və tale həmin nəhs gün onun üçün amansız oldu. Səhər halı pisləşdiyindən dostlarına işə günortaya yaxın gələcəyini bildirib, otaqda tək qalmış və... naməlum səbəbdən qazdan boğulmuşdu.
...Şəhriyar Şəki rayonunun Sarıca kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirib, Milli Ordumuzda hərbi xidmətini başa vurduqdan sonra kənddə işsiz qaldığından ailəsinə kömək etmək, gələcəyini qurmaq ümidilə Bakıya üz tutmuşdu. Böyük tikinti obyektlərindən birində parket işindən başlayan Şəhriyar çox keçmədən öz işgüzarlığı, məsuliyyətli, keyfiyyətli işi, ətrafındakılarla xoş, səmimi münasibətilə həm iş yoldaşlarının, həm də inşaat rəhbərlərinin hörmətini, rəğbətini qazana bilmişdi. Və artıq bir müddət sonra ona briqadalardan birinə rəhbərlik etmək etibar edilmişdi.
Lənkərandakı obyektə isə o, bu ilin əvvəllərində öz komandası ilə birlikdə getmişdi. Orda işi başa vurduqdan sonra Bakıya qayıtmalı idi. Burada Ağ şəhərin tikintisində çalışacaqdılar. Artıq müqavilə də bağlanmışdı.
...Şəhriyarın gözlənilməz, faciəli ölümü yalnız onun doğmalarını deyil, iş yoldaşlarını, dostlarını da bərk sarsıtdı. Onlar öz bacarıqlı, səmimi, mehriban dostlarını itirdiklərinə görə hələ də özlərinə gələ bilmirlər. Şəhriyarın xətrini çox istədiklərindən onun həm Türkiyədən, həm də İtaliyadan olan rəhbərləri də başlarının böyük dəstəsi ilə Şəkinin Sarıca kəndinə gələrək, öz sevimli, unudulmaz dostlarını kədərlə, göz yaşları ilə son mənzilə yola saldılar.
Şəhriyar bu dünyada özündən sonra yaxşı ad və bir də... vətəni üçün iki övlad qoyub getdi - sevib-əzizləməkdən doymadığı iki gözəl bala. Uğurun hələ heç 3 yaşı da tamam olmayıb. Hələ körpə olan Kənan isə atasının ömrünün son günlərində, Şəhriyarın ölümündən bir ay əvvəl dünyaya gəlib. Nə atası ondan və Uğurdan doydu, nə də bu iki talesiz bala atalarının üzünü doyunca görə bildilər.
Şəhriyar dünyadan köçəndən nə onun ata-anası və yeganə qardaşı Məhəmməd, nə özü sevib-seçdiyi, lakin xoşbəxtliyi uzun sürməyən gözü yaşlı gənc həyat yoldaşı, nə digər doğmaları, dostları özlərinə yer tapa bilmirlər. Bütün kənd adamları da onun vaxtsız ölümünə acıyır, heyfsilənirlər. Axı, Şəhriyar öz doğma kəndinin sevimli, böyük-kiçik yeri bilən əziz bir oğlu idi. Kənd camaatının qayğısına qalaraq, Şəhriyarın neçə-neçə yaşıdını, dost-tanışını öz yanında işlə təmin etməsini, ailələrinin dolanışığına kömək etməsini həmyerliləri minnətdarlıqla xatırlayırlar. O, böyük-kiçik - hamı ilə mehriban davranar, rastlaşdığı adamlarla xoş ovqatla, gülərüzlə görüşər, səmimiyyətlə hal-əhval tutar, ünsiyyət saxlardı. Çox istiqanlı, xoşqılıq idi Şəhriyar. Ona görə də tanıdığı, təmasda olduğu yaxın-uzaq adamların hamısı onun xətrini çox istəyirdilər.
...Yadımdadır, bir-neçə il əvvəl yay vaxtı 76 yaşlı anamı ömründə ilk dəfə olaraq 5-10 gün istirahət etməsi üçün Nabrana aparmaq istəyirdim, iş yerimdən putyovka da götürmüşdüm. Lakin mənim xahişimə, təkidimə baxmayaraq, anam heç yerə getmək istəmədiyini bildirib, "mənim istirahətim öz evimdə, nəvələrimlədir" deyib, dincəlməyi, istirahət etməyi ağlına belə gətirmək istəmirdi. Evdəkilərin də xahişinə baxmayaraq, "yox!" deyib durmuşdu. Mən məyus olmuşdum. Axı, istəyirdim ki, həmişə ailə qayğıları ilə yaşamış, çətin günlər görmüş anam heç olmasa bircə dəfə də olsa, Nabranın dəniz sahilindəki istirahət mərkəzində dərdsiz-qayğısız istirahət eləsin. Anam isə heç cür razılaşmırdı..
O vaxt 10-cu sinfə keçmiş 16 yaşlı Şəhriyar məyus olduğumu görüb, sakitcə mənə yaxınlaşıb, astadan "əmi, nənəmi razılaşdırsam, məni də apararsanmı Nabrana?" deyə soruşdu. "Razılaşdıra bilsən, əlbəttə!" dedim. Heç 5 dəqiqə keçməmişdi ki, Şəhriyar o biri otaqdan - nənəsinin yanından sevinclə dönərək dedi: "əmi, sözümüz sözdür haa.. Getdik. Nənəni razılaşdırdım".
O vaxt Şəhriyar Gülüş nənəsinə nə demişdi, nə cür onu yola gətirmişdi, bilmədim. Ancaq indi düşünürəm ki, yəqin o, nənəsindən soruşubmuş ki, "nənə, məni çox istəyirsən, eləmi? Onda istəyirsən ki nəvən də tətilini dəniz kənarında, Nabranda keçirib, istirahət eləsin? Elədirsə, razılaş, gedək". Və Şəhriyarı dünyalarca sevən nənəsi təbii ki əziz nəvəsinin xətrinə (oğlunun yox, nəvəsinin xətrinə!), nə qədər "çətin olsa da", Nabrana istirahətə getməyə razılıq vermişdi.
Şəhriyarı təkcə əzizləri-doğmaları deyil, dost-tanışları da çox istəyirdi. Şəhriyarın mehribanlığını, səmimiyyətini, qayğıkeşliyini, dost-qardaş sədaqətini unutmayan dayısı oğlu Ayaz İsayev bugünlərdə öz feysbuk səhifəsində yazıb: "Sən nə tez getdin, qardaşım? Bütün səni sevənlərin belini qırıb getdin, o iki gül balanı atasız qoydun... Kaş bu mesajıma bir cavab yazasan və bütün qohumlara, dostlara, ailənə bir sürpriz edib qayıdarsan...". Şəhriyarın xeyli müddət bir yerdə çalışdığı türk həmkarı və yaxın dostu Kaan Turgut da dost itkisinin ağırlığından üzülərək, yazıb: "Ne benim için yaptıklarını unuta bilirim, ne de senin o gülen güzel yüzünü. Mekanın cennet olsun, güzel kardeşim Şehriyar!"
Çox üzücüdür ki, cəmi iki həftə əvvəl Şəhriyarı Ad günü münasibətilə ürəkdən təbrik edərək, can sağlığı, uzun ömür diləyənlər onun ömrünün arzuladıqları kimi uzun yox, çox qısa olmasından, qəfil ölümündən sarsılaraq, ailəsinə-doğmalarına başsağlığı verməli olmuşlar.
...Bir vaxt dünyaya gəlişinə çox sevinərək ulu Şəhriyarın adını verdiyim əziz qardaşım oğlunun dünyadan belə tez, qəfil gedəcəyini ağlıma da gətirə bilməzdim. Onun belə vaxtsız, qəfil, faciəli ölümə kim inanardı ki?..
Şəhriyar orta məktəbi bitirəndə fikrindən həkim, ya da aktyor olmaq keçirdi. Ancaq nə həkim olub, özünü qoruya bildi, nə də aktyor kimi həyat səhnəsində çox qala bildi. Lakin özünün qısa ömrü ilə yaddaşlarda silinməz iz qoyub getdi. İndi Sarıca elinin camaatı Şəhriyarın unudulmaz xatirəsi ilə yaşayır, kənddə onun gəzib-dolandığı küçələrə, dağa-daşa, Şəhriyarı çox əzizləyib-sevən babası Abdurahman kişinin qəm-kədər qonmuş yurduna ürək ağrısı ilə baxırlar. Onların gözü indi hər yerdə Şəhriyarı gəzir. İllah da ki - nakam qardaşını dünyalarca sevən, indi özünü yalqız hesab edən, heç cür rahatlıq tapmayan Məhəmməd, vaxtilə Şəhriyarla xoşbəxtliklə, bəxtəvərcəsinə sevinib-gülən, indi isə məyus-məyus gəzib-dolanan əmioğlanları, dayı, bibi və xalauşaqları, dostları Kamil, Xəyal və digərləri..
Bircə təsəlli odur ki, Şəhriyar da babaları Abdurahman kişi, İbad kişi kimi eldə-obada yaxşı ad qoyib getdi.
Allah rəhmət eləsin!

 

Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.

Şəki-Sumqayıt.
 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )