Düzün de... - - Orxan Bahadırsoy

Düzün de... - Orxan Bahadırsoy

Düzün de

 

Mən bütün filmlərə ağlamışam, bilirsən?
Həm də mühüm bir şeyi anlamışam, bilirsən,
bir xoşbəxtlik görəndə niyə ağlayır adam?
Bir gün xoşbəxt olmağa ümid bağlayır adam.


Sən xoşbəxt sonla bitən filmə ağladınmı heç?
Sən xoşbəxt adamlara həsəd apardınmı heç?
Sənin də ürəyindən xoşbəxt olmaq keçdimi?
Sevilmək istədinmi xoşbəxt adamlar kimi...?


Ağlayanda gözünü gizlədə bildinmi heç?
Köynəyin biləyinə yaşını sildinmi heç?
Yalandan gözlərinə çöp düşdümü sənin də?
Soğan göynətdimi heç gözlərini, düzün de...!?


Üst-üstə yığıldımı boğazında düyünlər?
Gözündən damladımı köksünə ötən günlər?
Titrəməkdən sənin də əllərin yoruldumu?
Gülən adam görəndə ağlamağın oldumu?


Yataqda tərli-tərli üşüdümü bədənin?
Gecələr bir adamı canın çəkdimi sənin?
Yolunu gözlədinmi gəlməyən bir adamın?
Sən heç ölü bildinmi ölməyən bir adamı?


Heç süni gülüşləri sezdirdinmi üzündə?
Sən də bütün bunları yaşadınmı, düzün de...!?
Düzün de, dost, yaşamaq səni də yordumu heç?
Bu yolu tək yerimək gözünə durdumu heç?


Düzün de, istədinmi, xoşbəxt olmaq, düzün de...?!
Bunu kim istəməz ki, mən demirəm, özün de...?!
Bilirəm, çətin gəlir adama düzün demək!?
Səncə ayıb deyilmi xoşbəxt olmaq istəmək,
bu qədər bədbəxt adam var ikən yer üzündə...?!
Onlardan utnamağa gücün varmı, düzün de...?!

 

                                                                               ***

 

Başqa adam


Yaddaşımda sancı verər əzgilər,
içimdə bir ruh ağlayar, üz gülər.
Daha mənə tanış gəlmir güzgülər,
-güzgülərdən baxan başqa adamdı.


Vəd edirəm öz-özümlə görüşə,
gözləyirəm üfüqlərdən gün düşə.
Eyni olmur nə o yorğan, nə döşək,
-döşək başqa, yorğan başqa adamdı.


Məndə səni unutmağa güc hanı?
Çəkirəm də bu bitməyən hicranı.
Ölsəm əgər üzülmə də, sən canın,
-canım məndən çıxan başqa adamdı.


Sinəmdəki bər-bəzəkli yerdə qal!
Xatirəmdə necə qaldın? Bir də qal!
Görüm səni mənim kimi dərdə qal,
-dərdə qal ki, Orxan başqa adamdı.

 

                                                                                      ***

 

Tanıyıram

 

Səni şərab nəfəsindən,
səni tütün əllərindən,
səni bütün yerlərindən
tanıyıram.
Tanıyıram saçlarının qoxusunu,
barmağının süd dadını,
gözlərinin ovsununu,
sözlərinin inadını
tanıyıram.


Səni məğrur baxışından,
yerişindən, duruşundan,
cənnət kimi ağuşundan
tanıyıram.
Tanıyıram dodağının istisini,
qucağının alovunu,
sığalını, öpüşünü,
nəfəsinin od səsini,
yanağının atəşini
tanıyıram.


Unutmaram, gözəl adam,
səni bütün tanışlardan soruşaram.
Soruşaram, gözəl adam,
evimin sənsizliyinə
hər gün səndən danışıram.
İndi mənim taleyimdə
yoxsan, amma xatirən
mənimlə hər yerdədir.
İndi mənim yaşayışımda
təklik mənsubiyyətdə,
sənsizlik məsdərdədir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

  

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )