ADPU-da "Qarabağ və ermənilər: həqiqətlərin hekayəsi" mövzusunda elmi seminar keçirilib - (+FOTOLAR)

ADPU-da "Qarabağ və ermənilər: həqiqətlərin hekayəsi" mövzusunda elmi seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində üçüncü elmi seminar keçirilib. Seminarda Bakı Mühəndislik Universitetinin Beynəlxalq Münasibətlər Departamentinin müəllimi, siyasi elmlər üzrə tədqiqatçı, Qarabağ problemi ilə bağlı Avropanın 20-dən çox universitetində məruzələrlə, məqalələrlə çıxış edən, “Qarabağ 99 sualda” adlı faktik materiallarla zəngin kitabın həmmüəllifi Şamxal Əbilov "Qarabağ və ermənilər: həqiqətlərin hekayəsi" mövzusunda çıxış edib. Tədbirdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, prorektor köməkçisi Sahil Qələndərov, layihə rəhbəri Taleh Mirzəyev və elektron seçim prosesi ilə seçilən iştirakçı tələbələr iştirak ediblər.

Tədbirdə Taleh Mirzəyev çıxış edərək eksperti və iştirakçı tələbələri növbəti seminarda salamlayıb və layihənin növbəti elmi seminarının da tələbələr üçün faydalı olacağına inamını ifadə edib, Şamxal Əbilova dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib. Sonra söz mütəxəssisə verilib.
Ekspert Şamxal Əbilov mövzuya qısa tarixi arayış verdikdən sonra müasir dünyanın və beynəlxalq hüququn tələblərinə görə mövzuya yanaşmağın praktik və hüquqi aspektlər üzərində qurulmalı olduğunu qeyd edib. Mütəxəssis hüquqi baxımdan bu məsələnin Türkmənçay müqaviləsiylə başlayaraq, 1918-ci ildə Cümhuriyyət dönəmindən ciddi əsaslarının yarandığını, Sovet dövründə inkişaf edərək, 90-cı illərdə hazırkı şəklini aldığını vurğulayaraq, yanaşma və polemikaların, elmi və siyasi təhlillərin də bu dövrlərdən başlanmalı olduğunu diqqətə çatdırıb. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında İrəvanın müvəqqəti icarəyə verilməsi, 1921-ci ilin iyulundakı Sovet KP-in plenum qərarı, 1923-cü ildə DQMV-in elan edilməsi, 1948-ci illərin prosesləri, 1990-cı ilin 3 aprel qanunu və s. sənədlərin şərtlərinin çox ciddi əsas olduğunu və bu və digər faktların, şəraitin Qarabağın tarixi, etnik, ərazi və ən əsası hüquqi mənsubiyyət baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu sübut etdiyini əyani nümunələrlə göstərib.

Daha sonra mövzu ətrafında tələbələr fikir və suallarını səsləndiriblər, qarşılıqlı müzakirələr aparılıb.
Çıxış edən professor Fikrət Rzayev bu istiqamətdə maariflənməyin və bu faktların eyni zamanda bir həyati borc, müqəddəs iş kimi daim hər bir platformada, o cümlədən elektron resurslarda təbliğinin gənclərimizin, cəmiyyətimizin ən ali amalı olmalı olduğunu qeyd edib.

Qeyd edək ki, layihənin icrasında məqsəd gənclərin tarixi faktlar, ölkəmizin tarixi və erməni problemi ilə bağlı məlumatlılıq səviyyəsinin əməli və elmi şəkildə artılması, Vətən tarixini dərindən mənimsəmək, Vətənə sevgi ruhunu yüksəltmək və beynəlxalq informasiya savaşında gənclərimizin elmi, milli-ideoloji hazırlıq səviyyəsinin yüksəlməsi, əməli işlər görülməsinin təmininə töhfə verilməsidir. Əsas hədəf kütlə tələbələr, xüsusən, tədqiqatçılıq və xarici ölkələrdə elmi, siyasi tədbirlərdəki mövzuyla əlaqəli debatlara qatılan gənclərdir. Layihə 5 bir-birinə bağlı seminar halında həyata keçiriləcək və iştirakçılar hər bir seminarda iştirak edəcəklər.

Silsilə seminarların sonunda xüsusi hazırlanmış video, elektron və buklet materialları nümayiş olunacaq və iştirakçılara paylanacaq. Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediləcəkdir.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )