NAXÇIVAN MUXTAR RESPUBLİKASI ETİBARLI ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ MALİKDİR - - Cavadxan QASIMOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ETİBARLI ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ MALİKDİR - Cavadxan QASIMOV

Ölkələrin milli təhlükəsizliyinin və bu sahədə dövlət tərəfindən müəyyənləşdirilən qətiyyətli siyasətin tərkib hissələrindən birini enerji təhlükəsizliyi məsələləri təşkil etməkdədir. Bu amil milli iqtiadi quruculuq proseslərini başladan hər bir ölkə üçün çox ciddi önəm kəsb etməkdədir. Çünki, enerji amili dövlətlərin iqtisadi siyasətində cəmiyyətin artan təlabatlarının ödənilməsi məsələlərinə aiddir, ona xidmət edir və bu sahədəki proseslərin tənzimlənməsini hədəfləməkdədir.
Enerji təhlükəsizliyi ölkənin makroiqtisadi inkişafının çox zəruri elementi olmaqla, istehsalın fasiləsizliyinin, sosial dayanıqlığın və iqtisadi potensialın dinamik artımının hərəkətverici qüvvəsidir. Daha doğrusu, müasir dövrün aktuallığını artıran problemləri fonunda qeyd edə bilərik ki, enerji amili elə sosial-iqtisadi təhlükəsizlik deməkdədir.
Bu bir həqiqətdir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi enerji təhlükəsizliyinin təmin olunması sahəsində də zəruri dövlət tədbirlərinin həyata keçirilməsi xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin adı ilə bağlıdır. Həmin sahənin iqtisadi əhəmiyyətliliyini yüksək dəyərləndirən ulu öndər hələ keçmiş İttifaq dövründə enerji siyasətinin səmərəli təşkili və idarə olunmasında mühüm tədbirlər həyata keçirdi. Fikrimizi belə ifadə edə bilərik ki, milli liderimiz hazırkı müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin əsaslarını və zəruri bazasını məhz keçmiş İttifaq dövründə qoymuş və bu sisteminin sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər həmin dövrlərdə görülmüşdür.
Hazırda Azərbaycanda milli iqtisadi quruculuq prosesləri uğurla davam etdirilməkdədir. Daha çox regionların sosial-iqtisadi inkişafı əsas götürülməklə onların istehsal və emal əlaqələrinin perspektivliyi, bu istiqamətdə infrastruktur quruculuğunun stimullaşdırılması, kəndlərin iqtisadi inkişafına aid problemlərin aradan qaldırılması və s. məsələlərin səmərəli həlli ilə yanaşı həmçinin enerji amilinin üstünlüyünə də diqqət artırılmışdır. Bu mənada müasir müstəqillik illərində Azərbaycanda milli iqtisadi quruculuq proseslərində enerji amili öz aktuallığını daha da artıran məsələyə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və yüksək təcrübəyə söykənən rəhbərliyi ilə enerji siyasəti regional və milli zəmində makroiqtisadi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, sosial dayanıqlığın çox mühüm tərkib hissəsini təşkil etmişdir.
Enerji siyasəti iqtisadi-istehsal münasibətlərinin inkişafında da xüsusi rola malikdir. Təəssüflər olsun ki, ötən əsrin əvvəllərində, xüsusən də, 1991-cı ilə qədər muxtar respublikada bütün sahələrdə olduğu kimi enerji sektorunda da tənəzzül meyillərinin olması onsuz da ağır olan iqtisadi vəziyyətin daha da acınacaqlı olmasına şərait yaratmaqda idi. Yalnız ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan Muxtar Respublikası dövründən başlayaraq enerji amilinin önəmi və sosial-iqtisadi əhəmiyyətliliyinə diqqət yetirildi, bu sahədə dövlətin tənzimləyici funksiyaları müəyyənləşdirildi, bir sözlə, bazar münasibətləri şəraitində istehsalın etibarlılığının qorunmasında enerjinin strateji mahiyyəti üstün tutuldu. Xüsusən də, son 23 ildən artıq dövrdə muxtar respublikada davam edən islahatlar fonunda enerji sektorunun dəstəklənməsi, bu sahədəki proseslərin innovativ inkişafla müşayiət edilməsi, muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki iştirakında enerji amilinin üstünlüyünün və dayaqlarının daha da gücləndirilməsi məsələləri dövlətin iqtisadi siyasətinin çox mühüm tərkib hissələrindən birini təşkil etmişdir. Çox sevindirici haldır ki, bu proseslər muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm təsirə malik olmuşdur.
Enerji sektorunun dayanıqlı inkişafı güclü infrastruktur təşkilatlanması ilə daha böyük perspektivlər daşımaqdadır. Bu, özünü muxtar respublikanın iqtisadi gücünün bariz ifadəsinə çevrilən yeni su elektrik stansiyalarının timlasında daha geniş əhatədə göstərməkdədir. İstər tələbatın dolğun şəkildə ödənilməsində, istər enerji sektorunun etibarlılığının artırılmasında, istərsə də ixrac imkanlarının yaranmasında həmin stansiyaların mühüm əhəmiyyətə malik olmasını qeyd etmək lazımdır. Əlbəttə ki, enerji siyasətinin dövlət tərəfindən tənzimlənməsi bu sahədəki proseslərin səmərəli təşkilini sürətləndirməkədədir. Bu sırada Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin daha da gücləndirilməsi sahəsindəki tədbirləri göstərə bilərik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya hər bir tarixi səfərində burada sosial və iqtisadi sahələrdə güclü infrastrukturun təminatı və təşkilatlanması sahəsində strateji tədbirlərin altına imza atılmaqdadır. Bu sırada ölkə başçısının iştirakı ilə Heydər Əliyev adına Su Anbarının iqtisadi əhəmiyyətinin və potensialının, eləcə də həmin Su Anbarının üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyasının xüsusi önəmini qeyd etmək yerinə düşər. Bu ardıcıllıqda ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyasının, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyasının, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyalarının, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması muxtar respublikanın etibarlı və dayanıqlı enerji təminatının daha da gücləndirilməsinə imkanlar açmışdır. Elə bunun nəticəsidir ki, hazırda muxtar respublikada 8 elektrik stansiyası fəaliyyət göstərir və bunların ümumi gücü 239,4 meqavat təşkil etməkdədir. Təbii ki, bütün bunlar muxtar respublikanın artan və güclənən sosial-iqtisadi inkişafına hərəkətverici təsir etməkdədir. Bu potensial isə istehsal və onun fasiləsizliyi, rifaha aparan yol, regional inkişaf, sosial dayanıqlılıq və təbii ki, milli iqtisadi inkişaf deməkdir.
Yuxarıda qeyd edilən uğurlar muxtar respublikanın müasir müstəqillik illərinin çox vacib nailiyyətlərindən biri kimi enerji təhlükəsizliyinin önəmini bir daha ortaya qoymaqdadır. Bütün bunlar özünün daha mütərəqqi bazası ilə təmin edilən yeni yüksəkgərginlikli transformator yarımstansiyalarının tikilməsində, mövcud yarımstansiyaların isə yenidən qurulması və təminat potensialının artırılmasında ifadə etməkdədir. Fikrimizi:
- Culfa rayonunda 50 meqavoltamper güclü 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının;
- Babək rayonunda Araz Su Elektrik Stansiyasında 50 meqavoltamper güclü 132/110/10 kilovoltluq “Araz” yarımstansiyasının;
- Şərur rayonu ərazisində 80 meqavoltamper güclü 154/110/35 kilovoltluq “Arpaçay” transformator yarımstansiyasının tikilib istismara verilməsi ilə əsaslandıra bilərik ki, bunlar da Azərbaycanda milli iqtisadiyyatın perspektivləri sahəsində mühüm əhəmiyyətə malikdir. Eyni zamanda muxtar respublikada təmin edilən enerji potensialı ayrılıqda onun rayonlarının da bu sektor üzrə və bununla əlaqəli olan digər sahələrin davamlı inkişafına stimul verməkdədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 dekabr 2016-cı il tarixdə imzalanan Fərmanla təsdiq edilən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol Xəritələrinin 1.12. bəndində məhz bu sahənin inkişafı nəzərdə tutulmuşdur. Onun “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müvafiq sektor üzrə milli və regional perspektivlərin strateji mahiyyəti həm də elmi cəhətdən əsaslandırılmışdır.
Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikanın enerji infrastrukturu daha da gücləndirilmiş və iqtisadi səmərəliliyin artırılması təmin edilmişdir. Bu isə bütün rayon və kəndlərin enerjiyə olan təlabatının ödənilməsindəki etibarlılığı artırmış və nəticədə xidmət səviyyəsini yüksəltmişdir. Nəticədə həm mövcud olan, həm potensialı artırılan, həm də yeni yaradılan yarımstansiyalar muxtar respublikanı hədəflərinə daha da çevik çatdırmaqdadır. Buna misal olaraq müxtəlif güclü yeni 110 kilovoltluq “Sədərək”, “Çeşməbasar”, “Xal-xal”, “Sement zavodu” transformator yarımstansiyalarının tikilməsini, 110 kilovoltluq “Naxçıvan”, “Şərur”, “Ordubad”, “Koroğlu”, “Xalçaçılıq”, “Qıvraq” yarımstansiyalarının ən müasir avadanlıqlarla təmin edilməsini göstərə bilərik ki, bunlar da yeni ərazidə quraşdırılmaqla Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin balansında olan 110 kilovolt və yuxarıgərginlikli transformator yarımstansiyalarının hamısının müasir şəkildə yenidən qurulmasında stimul olmuşdur. Sözügedən sahə üzrə tənzimləmələr muxtar respublikanın ən ucqar kəndlərinin belə fasiləsiz elektrik enerjisi ilə təminatında əlçatanlıq yaratmışdır. Əlbəttə ki, bu, əhalinin daha firəvan həyat şəraitinin, daha səmərəli fəaliyyət mühitinin təmin edilməsinə istiqamətlənmiş dövlət siyasətinin tərkib hissələrindəir. Qeyd edək ki, muxtar respublikada 35 kilovoltluq “Xətai”, “Sənaye qovşağı”, “Xanlıqlar”, “Kərimbəyli”, “Nehrəm”, “Şahbuz” yarımstansiyaları da müasir dövrlə səsləşə bilən avadanlıqlarla təchiz olunmuşdur. Təbii ki, bütün bunlar Naxçıvan Muxtar Respublikasına ölkənin regional iqtisadi siyasətinin səmərəliliyində və milli iqtisadi quruculuq proseslərindəki iştirakında strateji nəticələr qazandırmaqdadır. Geridə qalan illər enerji təhlükəsizliyi sahəsində dayanıqlılıq göstəricilərindən ibarət güclü potensial formalaşdıra bilmişdir. Həmin müddət ərzində əksər bölgələrdə müvafiq infratstrukturun gücləndirilməsi davam etdirilmişdir. Fikrimizi əsaslandırmaq üçün Şərur, Ordubad, Kəngərli, Şahbuz və Naxçıvan şəhərlərində elektrik şəbəkələri üçün yeni inzibati binaların tikilməsini qeyd edə bilərik. Eyni zamanda bunların əsasında qarşıdakı illərdə də bu sahədəki proseslərin ardıcıllığında daha da artan potensialın şahidləri olacağıq. Belə ki, hazırda Babək Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi aparılır ki, bu da hədəf və priroitetlər baxımından əhəmiyyətli göstəricilərdir.
Naxçıvan Muxtar Respublikasının təbii-coğrafi şəraiti və iqtisadi potensialı enerji siyasətinin daha səmərəli təşkilindəki imkanları artırmaqdadır. Əlbəttə, bütün bunlar ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrinin səmərəli istifadə edilməsindəki imkanları da artırmışdır. Nəticə etibarı ilə insan amili üzərində qurulan iqtisadiyyat onun sosial rifahının gücləndirilməsinə istiqamətlənməklə müvafiq sahə üzrə şaxələndirməni də stimullaşdırmışdır. Artıq yuxarıda göstərilən amillərdən səmərəli istifadə edilməsi nəticəsində muxtar respublikada həm günəş, həm də su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 70 faizindən çoxunu təşkil edir. Bu sahədəki proseslər uzaq gələcək üzrə zəruri perspektivləri ifadə etməkdədir. Qeyd edə bilərik ki, bu, ölkə iqtisadiyyatında sosiallaşma səviyyəsinin yüksəldilməsindəki tədbirlərin düzgünlüyünü və məqsədyönlülüyünü göstərməkdədir. Artan iqtisadi güc və etibarlılıq özünü muxtar respublikanın sosial-iqtisadi inkişafının tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində dolğun ifadə etməkdədir. Bu sırada 36 meqavatlıq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında tikinti işlərinin davam etdirilməsini göstərə bilərik. Gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması həm də məhz sosial mahiyyəti ilə seçilməkdədir. Digər tərəfdən, Naxçıvan Günəş Elektrik Stansiyasının genişləndirilərək gücünün 30 meqavata qədər artırılması üçün layihə işlərinin hazırlanması mövcud potensialı daha da artıracaqdır. Həmçinin Culfa rayonunda gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki iqtisadi əsaslandırılması üçün ölçü qurğularının quraşdırılması muxtar respublikada enerji sahəsindəki siyasətin və islahatların məhsuldar nəticələri olaraq dəyərləndirilə bilər.
Burada onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı mövcud prosesləri daha da sürətləndirmişdir. Orada Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda inşa olunan 36 MVt gücündə su elektrik stansiyasının tikintisinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10,0 (on) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılmışdır.
Təbii ki, ölkədə və onun regionlarında enerji sektoruna, eləcə də bu sahədə fəaliyyət göstərənlərə yüksək dövlət qayğısı özünü hər addımda göstərməkdədir. Qeyd edək ki, ölkə başçısının 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.
Beləliklə, göstərilənlərdən belə nəticəyə gələ bilərik ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında enerji sektorunun mühüm rolu vardır. Bu sahə iqtisadi-istehsal münasibətlərinin perspektivliliyində, regional inkişafın daha da səmərəli təşkilində və idarə olunmasında hərəkətverici təsirə malikdir. Bütün bunlar qarşıdakı dövrlərdə yeni inkişaf səhifələrinin açılmasını sürətləndirəcəkdir.
 

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )