BİZİM “XƏSTƏLİYİMİZ” - - Faiq QİSMƏTOĞLU yazır

BİZİM “XƏSTƏLİYİMİZ” - Faiq QİSMƏTOĞLU yazır

Bizim millətin çox qəribə bir xarakteri var. Elə ki, bir işi görür, onu axıra çatdırmamış başqa bir işin qulpundan yapışır. Təzə başladığı işin qulpundan da əl çəkib, indi də başqa bir iş görmək istəyir. O qədər əlləşir ki, axırda heç bir iş başa çatmır. Tər tökmək və əziyyət çəkmək bir nəticə vermir. Bax, bu bizim dədə-babadan olan "xəstəliyimizdir”.

Belə yarımçıq işlərə ölkəmizin hər yerində rast gəlmək olar. Düzdür, böyük quruculuq, abadlıq işlərinə məmləkətimizdə uzun illərdir start verilib. Bunlar hamısı müsbət dəyərlərdir. Ancaq bu gözəl işlərin arasında böyük işlərə xələl gətirən və sonradan sakinlərə problem yaradan məqamlar da vardır.

Heç uzağa getməyək, Abşeron rayon, Xırdalan şəhər Quşçuluq yaşayış massivi, Məmməd Araz küçəsinə yolunuz düşsə, gördüyünüz mənzərəyə təəccüblənəcəksiniz. O qədər təəccüblənəcəksiniz ki, insanları çıxılmaz vəziyyətə salan vəzifə sahiblərini qınamalı olacaqsınız. Həmin küçənin sakinlərindən bizim redaksiyamıza su-kanalizasiya xəttinin çəkilişindən sonra yolun bərbad vəziyyətə salınması ilə bağlı şikayət məktubu daxil olub. Hətta sakinlər yazılanların inandırıcı olması üçün yağışdan sonra gedib-gəldikləri yolun görüntülərini, yəni şəklini bizə göndəriblər. Göndəriblər ki, baxaq görək onların yazdıqları nə dərəcədə həqiqətə uyğundur.

Doğrudan da göndərilən şəkillərə baxanda, həmin ünvanda yaşayan insanlara bizim yazığımız gəldi. Dedik ki, yazıq Quşçuluq massivinin sakinlərinin gününə. Siz ki, bu palçıqlı yolla hər gün gedib gəlirsiniz, vallah, qoçaq adamlarsınız. Yaxşı, deyək ki, cavanlar və gümrah adamlar qazıntıdan sonra bu bərbad yolu gedib gələ bilirlər. Bəs onda məktəbə gedən uşaqlar, xəstə və ahıl adamlar bu palçıqlı yolla necə hərəkət eləsinlər?!

Elə biz bu sualı da həmin yolda su-kanalizasiya xətti çəkib qazıntının üsütünü torpaqlayıb işi yarımçıq qoymuş vəzifə sahiblərinə ünvanlamaq istəyirik. Onlar görəsən özlərinin küçələrində bu cür bərbad yol olsaydı nə edərdilər? Yəqin ki, dünyanı dağıtmasalar da, tez bir vaxtda səlahiyyətlərindən istifadə edərək o torpaq yerlərini, tikintini həyata keçirən quruma asfalt örtüyü döşətdirərdilər.

Bu ilin yaz ayından Quşçuluq massivindəki küçə qazıntı işlərindən sonra bərbad vəziyyətə salınıb. Yazda və yayda havalar quraqlıq keçirdi. Ancaq elə ki, sentyab ayı başladı, yağışlar yağdı, bu yol keçilməz oldu. Oktyabr-noyabr aylarında isə fasiləsiz yağışlar yolları bir az da yaman günə salıb. Yəni bu yolla hər gün işə gedib gəlmək üçün ən azından uzunboğaz çəkmə geyinməlisən. Hələ görün qış aylarında qar, çovğun olanda Quşçuluq massivinin sakinləri hansı müsibətli anlar yaşamağa məcbur olacaqlar.

Son vaxtlar Xırdalan şəhəri sözün həqiqi mənasında əsaslı surətdə yenidən tikilib və gözəlləşib. Ancaq bu gözəlliyə xələl gətirən çox böyük bir nöqsan var: əksər küçələrdə qazıntı işləri aparılıb və yollar keçilməz olub. Sözün açığı, bir çox avtomobil idarə edən insanlar da Xırdalan yollarında yerlərin qazılıb yarımçıq qalmasından böyük təşviş hissi keçirir. Xüsusən də şəhəri yaxşı tanımayan sürücülər gecə saatlarında küçələrdən gedərkən bu qazıntılarla üzləşir və bəzən avtomobilin altını maneələrə vururlar. Bu isə hər bir sürücünün böyük narahatlığına gətirib çıxarır.

 

 

Bu yaxınlarda axşam saatlarında Xırdalana getməli oldum. Neçə taksi sürücüsünə müraciət etdim, yollarda qazıntı işləri ilə əlaqədar sərnişin apararkən problem yaşadıqlarına görə aparmadılar. Axırda bir sürücü mənimlə razılaşdı və taksiyə əyləşib bazar istiqamətinə yola düşdük. Sürücü bir neçə dəfə yeni qazılıb təmir edilməmiş yolda maşının altını maneəyə vurdu. Çöhrəsindən görürdüm ki, məni gətirməyinə peşmandı. Yeni Günəşlidən Xırdalana 20 manat pul verdim, o da axırda heç razı qalmadı. Dedi ki, bu pulu aparıb ustaya verəcəm, o da maşının altını düzəldəcək. Görürsünüzmü, əksər taksi sürücüləri gecə saatlarında Xırdalana getmək istəmirlər ki, qazılıb yarımçıq qalmış yerlərdə maşının altını əzəcəklər.

 

Biz Xırdalan şəhər, Quşçuluq yaşayış massivinin haqlı şikayətlərini Abşeron Rayon İcra Hakimiyyətinə, eləcə də digər əlaqədar qurumlara çatdırırıq. Hələ ki, camaat çətinliklə də olsa bu palçıqlı yolla hərəkət eləyə bilir. Əgər həmin yerdə iş yarımıq qalıbsa, onda zəhmət çəkib bu işi icra edən qurum tapşırığın öhdəsindən vaxtında gəlməlidir.

Vaxtında gələ bilmirsə, qazıntı aparan yerə torpaq yox, ən azından qum-cınqıl tökülməlidir. Bundan da ən yaxşısı qazıntının üstünə asfalt örtüyün döşənməsidir. Axı hər işi yarımçıq qoymaq bizim millətin "xəstəliyi”dir. Görəsən, bu "xəstəliyimiz” nə vaxt sağalacaq! Yəqin "xəstəliyimiz” sağalanda, Quşçuluq massivində yaşayan sakinlərin də palçıq yolları düzələcək!.. 

 

adalet.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )