O, nalayiq sözlərlə məni təhqir etdi – - Damla (+FOTOLAR +VIDEO)

“O, nalayiq sözlərlə məni təhqir etdi” – Damla (+FOTOLAR +VIDEO)

“Heç vaxt deputat olmayacağam, siyasətə marağım yoxdur”

Müğənni Damla (Mənsumə) musavat.com saytının suallarına cavab verib. Onunla prodüseri olduğu “Taxta ayı” filmindən, yeni yaradıcılıq işlərindən, ona atılan atmacalardan və şəxsi həyatından danışdıq:

 

– 10 gün öncə baş rolunu canlandırdığınız və prodüseri olduğunuz “Taxta ayı” filminin təqdimat mərasimi baş tutdu. Son illər kommersiya baxımından komediya filmləri üstünlük təşkil edir. Çünki digər janrda olan filmlərə maraq azdır. Bu gerçəyi bilə-bilə dram janrına müraciət etməyinizə səbəb nə idi? İstədiyiniz nəticəni əldə edə bildiniz?

 

– Deyə bilərəm ki, gözlədiyimiz nəticəni əldə etmişik. Çətin olan hər şeyi sevirəm. Standart, hamının görəcəyi şeyləri sevmirəm. Komediya çəkənlər pul qazanmaq məqsədi güdür. Düzdür, hamı gülmək, əyləncəli vaxt keçirmək istəyir. Heç kim kədərlənmək, duyğusal olmaq istəmir. Deyirlər ki, dərdim başımdan aşır, drama baxacağam? Ona görə də prodüserlər komediya filmləri çəkirlər. Mən bu filmi gəlir götürmək məqsədi ilə çəkməmişəm. Müğənnilik fəaliyyətimdə film dəsti-xətti olmasını çox istəyirdim. Silsilə olaraq hər il bunu davam etdirəcəyəm. İstər dünya ulduzları, istərsə də, bizə yaxın olan Türkiyədə müğənnilərin rol aldığı, ekranlaşdırdığı filmlər var. Mən qazanc düşünmürəm, Azərbaycan tamaşaçısına keyfiyyətli iş təqdim etmək istədim. İstəyimə də nail oldum. 

– Çəkilişlər necə keçdi? Sizi çətinliyə salan səhnələr oldumu?

 

– Filmdə ata evinə gətirilməyim, intihar etdiyim səhnələr çətin idi. Atam evinin qapısında yerə itələndiyim səhnədə həqiqətən zədələndim. Sonra özümü suya atdığım, uzun yolda qaçdığım səhnələr ağır idi. Bundan başqa sonda “ər”imə qışqırdığım səhnədə səsim batdı. Çünki bir neçə dubla çəkildi. Həmin ərəfədə toylarım vardı, insanlardan beh almışdım. Gündə nə qədər dərman içirdim ki, səsim açılsın. İnsanların toyunda oxuya bilim.

 

– Dediniz ki, silsilə olaraq hər il filmlər çəkəcəksiniz. Növbəti filminiz “Taxta ayı”nın davamı olacaq, yoxsa…?

 

– Davamı olmayacaq. Fərqli film ərsəyə gətirməyi düşünürük. Növbəti filmimizi də dram janrında ekranlaşdıracağıq.

 

– Damladan komediya janrında film gözlənilmir?

 

– Komediya filmi çəkmək hələ ki, planımda yoxdur. Amma Müşfiq Şahverdiyevlə baş rolunu bölüşdüyümüz “Vəziyyət ruscadır” filmi komediyadır, çəkilişlər çox maraqlı keçdi. Ekran işi yanvar-fevral ayında təqdim olunacaq.

 

– “Taxta ayı”dan sonra bir çoxları dedi ki, Damla özünü aktrisa kimi təsdiq etdi. Siz aktrisalığınızı necə qiymətləndirirsiniz?

 

– Qiyməti tamaşaçılar verir. Mən nə deyə bilərəm ki? Düşünürəm ki, məndə alınır. Bacarmadığımı görsəydim, geri çəkilərdim. Adətən mahnılarım ağlatsa da, özüm çox pozitiv insanam. Ona görə də düşünürəm ki, məndə komediya daha yaxşı alınır.

– Biz filmə bilet alanda Park Cinemada ilk 5 sıranın biletləri satılmış göstərilirdi, amma nümayiş zamanı o sıralarda heç kim oturmadı. Bu kinoteatrla bağlı məsələ idi, yoxsa biletlərin çox satıldığını göstərmək üçün özünüz hər hansı addım atmısınız?

 

– Vallah, ağlıma elə şey gəlməyib. Kinoteatrlarda kimyəvi təmizlənmə zamanı oturacaqları bu cür bağlayırlar. Mən o qədər ağılsız və pulunu boşa xərcləyən deyiləm. Biletləri alsam da, insanlara paylayaram ki, gedib baxsınlar. Özünü aldadan insan deyiləm.

 

– Qarşıda hansı yeniliklər olacaq? Önümüzdəki il konsert gözlənilirmi?

 

– Üç yeniliyimiz var. Biri Özbəkistanın məşhur bəstəkarından mahnı almağımdır. Məşhur müğənni Yıldız Usmanovanın mahnılarını da o yazır. Mahnının sözləri Elçin Məhərrəmov, aranjemanı İlkin Həsənə aiddir. Mahnı yanvar ayında təqdim olunacaq. Bundan başqa iki işimiz var. Onu açıqlamaq istəmirəm. Alınmasa, sonra deyəcəklər ki, bəs nə oldu? Yalan danışırdı. İnşallah qarşıda gözəl işlərimiz var.

 

– Yeni mövsümdən başlayaraq müğənnilər ard-arda kliplər təqdim edirlər. Artıq şou aləmdə bir canlanma var.

 

– Həmin klipləri izləmişəm. Onlar mənim həmkarlarımdır. Sənət dostlarımı izləyirəm də, dinləyirəm də… Ortada zəhmət, əziyyət varsa, pul xərclənibsə, ona “pisdir” demək olmaz. Bu günahdır. İnsan zəhmətini necə aşağılamaq olar? Allah əziyyətlərimizin əvəzində ruzimizi versin.

 

– Tez-tez klip təqdim edən müğənnilərdən biri də sizsiniz. Amma bəzi müğənnilər deyir ki, klip çəkdirmək pul itirməkdir. Onların fikrinə münasibətiniz necədir?

 

– Biznesmen, mühəndis, dərzi deyiləm. İşim müğənnilikdir. Mahnı oxuyub, klip çəkdirməli, konsert verməliyəm. Mənə deyirlər ki, buna bax, 2 aydan bir mahnı yazdırır, bahalı klip çəkdirir. Nə edim, boş-boş danışım? Deyim ki, filan kəs sən pissən? Ya sən mahnı oxuya bilmirsən? Mən işimi görürəm, sənətimlə məşğulam. Boş söhbətlərə fikir vermirəm.

– Çox zaman Damlanın adı bayağı müğənnilər arasında çəkilir. Düşünürsünüz ki, sizə qarşı haqsızlıq olur?

 

– Mənə bayağı demələrini gülüşlə qarşılayıram. İndi də məni qaralayanlar, qınayanlar, mahnılarıma gülənlər, bayağı adlandıranlar dayanmadan bəstəkarıma zəng edir, Damlanın mahnısından istəyir. Aranjemançının bütün qrafiki doludur. Məni bəyənməyənlər, gülənlər rejissorum Delee-ə müraciət edir. Onlar mənim komandamla çalışmaq istəyirlər. Bu mənim üçün şərəfdir. Məni bəyənməyənlərin bəstəkarından mahnı almadım, rejissoruna müraciət etmədim, söz yazarına demədim ki, o müğənninin mahnısı hit olub, mənimkilər bayağıdır, mənə mahnı ver. Bunları etmədim. Öz komandamı formalaşdırdım. Çox sevinirəm ki, şou-biznesin 90 faizi, qaymaqları mənim komandamla çalışır. Düşünürəm ki, mənə ağızbüzənlər də komandama müraciət edəcəklər.

 

– Keçən dəfə status yazmışdınız ki, əsl eşq içdən gələndə aşiqlikdir. Qalanları əldən gələnlərdir. Damlanın şəxsi həyatında vəziyyət necədir?

 

– Həyatımda stimul verən sevgi yoxdur. Deyə bilmərəm ki, dillərə dastan olacaq sevgi yaşayıram, Leyli olmuşam. Zamanında dəhşətli dərəcədə sevmişəm, o dönəmi keçmişəm. Düşünürəm ki, əvvəl o qədər fədakarlıq etdim, nə oldu ki? İndi etsəm, nə olacaq?

İnsan yaşa dolduqca başqa cür düşünür. Bundan sonra həyatımda əlimdən gələn sevgi olacaq. Sevgi mənim üçün adiləşib. Demirəm ki, sevgiyə inanmıram, sevgi yoxdur. Həyatda özəl sevgi yaşayan insanlar var. Amma mən o şanslı insanlardan deyiləm.

 

– Xalq artisti Aygün Kazımova demişdi ki, aşiq olanda sənət kənarda qalır. Sizdə bu proses necə baş verir?

 

– Birini dəli kimi, canım bahasına sevsəm də, ailəm, övladım, sənətim kənarda qalmır. Onlar hamısı vəhdət təşkil edir. Sevəndə yaradıcılığım hitlərlə dolur. Ayrılanda isə daha romantik və kədərli mahnılar yaranır. Artıq çətinliklə qalxdığım zirvədən qəfildən düşmək istəmirəm.

 

– Belə başa düşdüm ki, gözdən düşməkdən qorxan müğənnilərdənsiniz.

 

– Qazandığım hörməti itirmək istəmirəm. Ona görə geyim tərzimi dəyişmirəm. Tamaşaçılarımın sevdiyi Damla uzun saçlı, bir az dolu və qapalı geyimlər geyinən müğənnidir. Onlar məni sakit oturmağımla, heç kimə dəyib-dolaşmamağıma görə sevirlər. Mən çıxıb efirdə kiməsə söz ata bilmərəm. Paltarımın harasını da aça bilmərəm ki, dəb budur.

 

– Efirə çıxıb sizi “baltalayan”lara sakit cavab verməyiniz və ya cavab verməməyiniz də həmkarlarınızı qıcıqlandırır.

 

– Bir insan mənə bayağı sözünün mənasını açıqlasın. Bayağı müğənni kimə deyilir? Azərbaycan dilini və qrammatikasını əla oxumuşam. İncəsənət Universitetinə sənəd verəndə Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili və coğrafiyadan imtahan vermişik. Qiraətlə məşğulam. Danışıq qabiliyyətim var. Heç kimlə dalaşası deyiləm. Xahiş edirəm, mənə bayağı sözünün mənasını başa salsınlar. Mən də sözümü onlara deyim.

 

– Müğənni Elnarə Xəlilova demişdi ki, indi Elnarələr deyil, Damlalar, Şəbnəmlər, Türkanlar dəbdədir. Onun sözlərini həmkarlarınız çox sakit qarşıladı. Sizcə, Elnarənin fikirlərində kinayə vardı?

 

– Eşitmişəm. Allah hərəyə bir qismət, ruzi yazıb. Allah mənə balaca səs verib, minlərlə insan səsimi sevir, onlar xoş günlərində məni yanında görmək istəyir. Hamı müəllim, alim, professor ola bilməz ki. Hər kəsin dünya görüşünə görə dinlədiyi müğənni var. Çıxıb deyirlər ki, filan kəs belə oxudu. Sənə nə? Allahın verdiyi qisməti siləcəksən? Heç vaxt məğlubiyyətimdən ruhdan düşüb, qalibiyyətimdən öyünməmişəm. Zamanında müsabiqədə bəyənilməmişəm. Amma ruhdan düşməmişəm. Daim çalışmışam. Hər kəs qəlbinin çörəyini yeyir. Kənardan Əlövsətlər, Gülsümlər heç nə edə bilməz. Mən ali təhsilliyəm. 5 il Fikrət Əmirov adına Musiqi Məktəbini oxumuşam. İncəsən Universitetini bitirmişəm. Mənə deyirlər ki, o nə oxuyur? Musiqidən anlayışı yoxdur. Mən o insanlarla nə danışım, nəyin müzakirəsini aparım? Onlara deyiləcək sözüm yoxdur.

 

– İradə Mehrinin oxuduğu “Sevmişdim” mahnısını oxuyub, klip çəkdirdiniz. Onun şikayəti üzərinə “Youtube” kanalından mahnı silindi. Özü də çıxıb dedi ki, Damla mənə hədə-qorxu gəlir…

 

– Klipimizi bərpa etdik. Mən hədələyən insan olsaydım, bilinərdi. O çıxıb nalayiq ifadələr işlədirdi, məni təhqir etdi, etik normalardan çıxdı. Hər kəsin övladı, yaşlı ana-atası, nəsli-kökü var. Heç kim yiyəsiz deyil. İçimdə Allah qorxusu, vicdan var. Bir qadın haqqında danışanda birinci düşünürəm ki, övladı var. Övladı məktəbə gedir. Heç bir övladın taleyi, hissləri ilə oynamaram. Onun evində böyüyən qızı sabah yaxşı bir ailəyə gəlin köçəcək. Dediyim ifadələr o qızın gələcəyini korlayacaq. Bunları düşünürəm. Heç bir qadını ailəsinin yanında yerə vurmaram. Vicdansız deyiləm. Kim də nə danışırsa, Allah cavabını verir. Mənə ehtiyac qalmır.

 

– Xalq artisti Faiq Ağayev növbəti seçimlərdə deputatlığa namizəd olmaq istədiyini açıqlayıb. Sizin gələcəkdə siyasətə qoşulmaq fikriniz var?

 

– Siyasətə marağım yoxdur. Heç vaxt deputat olmayacağam. Belə maraqlarım, iddiam yoxdur. Yaxşısı budur ki, mahnımı oxuyum. Faiq bəyə də uğurlar arzulayıram. Getdiyi yolda bol şans qazansın.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !