Ombudsmanın Cəlilabd Regional Mərkəzi Beynəlxalq Əlillər Günü ilə bağlı birgə tədbir keçirib - +FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Cəlilabad)

Ombudsmanın Cəlilabd Regional Mərkəzi Beynəlxalq Əlillər Günü ilə bağlı birgə tədbir keçirib +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Cəlilabad)

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, 20 Yanvar Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) Cəlilabad Rayon Şöbəsi, Cəlilabad rayon Mərkəzi Kitabxanası və Cəlilabad Rayon Mədəniyyət Mərkəzi ilə birgə 3 dekabr-Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib.
AZpress.AZ xəbər verir ki, tədbirdə 20 Yanvar Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İB-nin Cəlilabad Rayon Şöbəsinin sədri, şəhid atası Mirşamil Mürsəlov, əməkdar mədəniyyət işçisi Cahangir Muradov və Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün kateqoriyalarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təminatı və müdafiəsi istiqamətində bir sıra mütərəqqi islahatlarların həyata keçirildiyini bildiriblər.
Qeyd olunub ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə dövlət büdcəsindən ayrılan vəsaitin hər il artırılması Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahürüdür. Hər bir ölkədə əlilliyin miqyası bir sıra faktorlarla-sağlamlıq vəziyyəti, səhiyyə sisteminin inkişafı, sosial-iqtisadi inkişaf, hərbi münaqişələr və s. səbəblərlə bağlıdır. Bu baxımdan ölkəmizdə əlilliyin dinamikasına bir sıra amillər də öz təsirini göstərib. Belə ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində 50 mindən çox insan işgəncələrə məruz qalıb, sağlamlığını itirərək əlil olub. Bundan əlavə, anadangəlmə qüsurlar, müəyyən xəstəliklər, istehsalatda baş verən bədbəxt hadisələr də əlilliyə səbəb olur.
Ombudsmanın Cəlilabd Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışı zamanı bildirib ki, xüsusi diqqət və qayğıya ehtiyacı olan əlillərin hüquqları bütün digər insanların hüquqları ilə hər zaman eyni səbəbdən təşviq olunmalıdır. Z.İsmayılovun sözlərinə görə, indiyədək əlillərin hüquqları və ləyaqətini təşviq və müdafiə edən bir sıra normativ hüquqi sənədlər, o cümlədən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, Birləşmiş Millətlər Təşkilatının "Əlillərin hüquqları haqqında Konvensiyası və onun Fakültativ Protokolu” qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda (MFP), eyni zamanda 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da əlilllərin hüquq və vəzifələri təsbit olunub.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri çıxışı zamanı əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət səviyyəsində görülmüş işlərdən, eyni zamanda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin bu istiqamətdəki geniş fəaliyyətindən ətraflı söz açaraq, əlilliyi olan şəxslərin sosial-hüquqi vəziyyətinin, onların hüquqlarının təminatı və müdafiəsi ilə bağlı məsələlərin daim Ombudsmanın diqqət mərkəzində olduğunu vurğulayıb.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )