XƏYANƏT... - - Sona Vəliyeva

XƏYANƏT... - Sona Vəliyeva

XƏYANƏT

 

Boşalan könüllər dünyanı yıxır,
Göz yaşı kirpiyə qısılı qalır.
Xəyanət laxladır yerin mehvərin,
Dünya ümidlərdən asılı qalır.

 

Asılar ümiddən aldanan qadın
Göz yaşı taleyin fəryadın çəkir.
Yalan sevdaların ağır yükünü,
Min kişi çəkməzdi, bu qadın çəkir.

 

İnam da ruh kimi, uçdu, qayıtmaz
Ha çağır-ha səslə - yollarda itər.
Xəyanət tufanı, günah ilğımı,
Sevdalı bir könlün külündə gedər.

 

Dağlar silkələnir, dənizlər daşır,
Yerin mehvərindən çıxan çağıdır.
Qadın gözlərində Allah ağlayır,
Qiyamət Allahın ağlamağıdır.

 

Hər gecə göz yaşı içini döyər,
Göynər xəyanətin ağır yarası.
Dərdinə söykənib unutmaq istər,
Tapılmaz kədərin, qəmin çarası.

 

Dərd ağır olanda ağlamaq olmur,
Sevgitək göz yaşı qəhətə dönər.
Talanan ruhuyla,sönən gözüylə,
Yad olub evində qərib görünər.

 

Ev-eşik sevgisiz, ürək sevgisiz,
Doğma görünənlər yaddan yad indi.
Üz-üzə gəlməyə üz olmayanda,
Yuyulmaz günahlar görən kimindi?

 

Toplanan illəri ömürdən çıxıb,
İnamdan, sevgidən, əzabdan çıxıb,
Gözünün önündə yadından çıxıb,
Bir naşi sevənin əlində qadın.

 

Kimsəyə sirr verməz, tənha əridər,
Sovrulub puç olan talan ömrünü.
İtirib gücünü daşıya bilməz,
Yaşamır, sürüyür qalan ömrünü.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )