Əbülfət Mədətoğlu yolüstü düşüncələrindən yazdı... -

Əbülfət Mədətoğlu yolüstü düşüncələrindən yazdı...

Gedişin qayıdışı olmaya bilər...

 

Adətən bir iş görmək istəyəndə, bir səfərə hazırlaşanda, dörd tərəfə baxıram, götür-qoy edirəm... İstəyirəm ki, heç nə yadımdan çıxmasın, heç nəyi unutmayım. Ən əsası isə borclu qalmayım. Rəhmətlik Molla Nəsrəddin demişkən, "birdən gedib qayıtmaram". Arxamca kimsənin gileylənməsini heç vaxt istəməmişəm...

 

Bəli, deyirlər ki, şər deməsən xeyir gəlməz. Bunun nə qədər doğru inanc olduğunu bilmirəm. Amma mövzuma giriş xatirinə yazıram həmin deyimi. Babalı deyənlərin boynunda qalsın. Mən isə tamam başqa bir fikri içimdən, ürəyimdən keçirib sözə çevirmək niyyətindəyəm. İstəyirəm hamı, xüsusilə, sən biləsən ki, indi yaşamaq və düşüncələrini reallaşdırmaq dəhşətli dərəcədə çətindi. Çünki söhbət normal yaşamaq və bu yaşayışın bütün cizgilərini həyatımda ifadə etmək min bir əzabdan, çətinlikdən, mübarizədən keçir. Güc, iradə və bir də məntiq səfərbər olmalı, toparlanıb sənin həm silahdaşına, həm güvəncinə, həm də yardımçına çevrilməlidir. Təbii ki, bütün bunlar içindəki inama, amala və bir də Tanrıya və sənə olan sevgiyə istinad etməklə toparlana bilər. Amma nə yazıq ki, bəzən bu dediklərim elə öz içimdə, öz dünyamda çiliklənir. Özü də bir laqeydliklə, bir tərs baxışla, bir acı sözlə və bir də çırpılan qapıyla. Onda...

Hə, bax onda sanki yer qaçır ayağımın altından, sanki göy üzü çəkilir başımın üstündən... Qalıram boşluqda, havasızlıqda... Nə edəcəyimi, necə edəcəyimi qərarlaşdıra bilmirəm. Hətta Allaha asilik də həmin an ağlıma hakim olur. Axı, mən dünyada hamıdan və hər kəsdən yüksəkdə səni görüb səni tanıdım... Sənə qibləm, ibadətgahım dedim. Hətta yazdım ki:


Dondu bir anlıq
susdu
buz oldu ürək
qaldı ortada
ruhsuz cismim...
qəfil gəlmiş
fələk -
təkcə özü gördü
dodağımda
qalıb ismin...
o adı
dodağımda
bir də sən
oxuya bilərsən -
gözlərimin
yumulduğu an
yanımda olsan -
başqa heç kim...

 

***
Yəqin ki, indi hər kəs, yəni bu yazını oxuyan oxucu və ondan nə vaxtsa xəbər tutacaq Sən müxtəlif fikirləri gətirəcəksiniz ağlınıza. Kimsə qınayacaq, kimsə qəzeti qatlayıb bir kənara atacaq, kimsə də oturduğu yerdəcə gözünü bir nöqtəyə zilləyib xəyala dalacaq... Xatirələrinin əlindən tutub çıxıb gedəcək özündən çox-çox uzaqlara. O yerə ki, orda bir ümid var idi... bir döyünən, birləşən cüt ürək var idi... bir-birinə bələnmiş əllər var idi... bir-birinə hərarət, nəvaziş, inam, təbəssüm, xoşbəxtlik bəxş edən BÖYÜK SEVGİ var idi. Və bir də o yerdə "uzaqlara getmə, getsən də tez qayıt... sən yanımda olmayanda kimsəsizləşirəm, ümidsizləşirəm, güvəncsiz oluram..." söyləyən Sən var idin.
Hə, bir də orda oturub gözləyən, zamanı sürətinə görə qınayan, günün tez bitdiyi üçün təəssüflənən... Mən də var idim. Əslində elə BİZ idik orda. Hətta biz orda olduğumuzu unutmaq, zamanı dondurmaq, dünyanı özümüzün dünyamızdan ayırmaq və bu yaşananları eləcə tarixə çevirmək istəyirdik yaşaması üçün, örnək olması üçün. Təbii ki, bütün bunlar da misralara, sözlərə çevrilirdi. Mən onların hamısını sənə ünvanlayırdım, sənə yazırdım. Yazırdım ki:

 

Buludu
çəkilən göy üzü
mənə
gülümsəyən
gözlərini xatırlatdı...

o xatırlama
məndə
işlərin uğurlu olacağına
bir inam,
bir ümid yaratdı...
Bəs sən necə
baxdınmı
buludu çəkilən
göy üzünə
və sonra da
sənin güzgün olan
gözlərimdə
özünə?..

 

***
Nə qədər çalışsam da gözlərimi həmin nöqtədən çəkə bilmirəm. Çünki həmin nöqtədə bir istəyim, bir arzum, yaşadığım bir an gerçəkləşərək qalmaqdadı. Sanki həmin o nöqtədə ömrümün, məhz həmin o bir anı heykəlləşib. Və mən də həmin o heykəlin önünə gül qoymaq üçün, baş əymək üçün, hətta ayaqlarına düşmək üçün yerimdən qalxmaq istəyirəm, amma bacarmıram. Çünki gücsüzləşmişəm... çünki budanmışam... çünki təklənmişəm... İndi özün təsəvvür elə, mən gücsüz, ümidsiz, təklənmiş halda kiməm ki, kimə gərəyəm ki... Hətta həmin o an içimdən qopan ağrını ifadə etməyə özümdə təpər də tapmadım. Eləcə ürəyimi ovcumla sıxıb dedim ki:

 

Ölüb getmək istədim
Cəhənnəm bağlı oldu...
Özüm tək istəyim də -
Sinəsi dağlı oldu...

 

Əl açdığım dinmədi
Göydən mələk enmədi...
Səsim geri dönmədi -
Bilim cavab nə oldu?!

 

Alnımı sürtüb buza
Yaramı qoydum duza...
Məni öldürən qıza -
Görən səvab nə oldu?!.

 

***
Doğrudan da nə qədər götür-qoy etsəm də, hətta bildiklərimi, bilmədiklərimi bir-birinə qatıb bir işıq ucu tapmaq istəsəm də... alınmır. Ona görə ki, indi tək əl kimiyəm, ancaq dizimə çırpıram... ancaq o tək əlin ağrısını yaşayıb gücünü hərəkətə gətirmək, ondan yararlanmaq istəyirəm, o da alınmır. Ona görə ki, tək əldən çıxan səs lal olur, eşidilməz olur. Və mən də o lallığın, o daş sükutun içərisində boğula-boğula, təngnəfəs ola-ola çırpınıram. Amma neyləyim ki, sən bunu görmürsən və yaxud da görmək istəmirsən. Çünki mən indi sonuna gəlib çatmış bir tənhalığam, yalqızlığam. Bu tənhalığı, bu yalqızlığı donduran, onu əslində bu sürətlə bu sona gətirib çatdıran sənin israrın, sənin inadın, sənin özəl dualarındı. Mən bunlara qarşı dura bilmirəm... Mən sadəcə bunları özümə yükləyirəm. İstəyirəm ki, sənə xoş olsun, sənin ovqatın, ruhun, dünyan, istəklərin xəyallarınla, arzularınla, hətta yaşamınla üst-üstə düşsün. Bunun üçün hər şeyə, hər qərara baş əyməyə hazıram. Hətta:

 

Qayğıyam artıq sənin
Cənnət yolunun üstə...
Didilmiş şaldı ruhum -
Al, at qolunun üstə...


Çiləsin, ya da vursun
Göz yaşının durusun...
Sər cismimi, qurusun -
Tikan kolunun üstə...


Məndən nimdaş ömür al
Qalxsın ortadan sual...
Adımı duana sal -
Nakam ölünün üstə!..

 

***
İstər-istəməz özüm-özümə dediklərimi, özüm içimdə söylədiklərimi Allahdan və səndən başqa daha kimlərinsə eşitdiyini hiss edirəm. Mənə elə gəlir ki, bax elə bu an məni dinləyən, məni duyan o kimdisə, öz içində gülməkdədi. Özü də çox rahatlıqla, məmnunluqla gülür. Hətta onun gülüşünün təzyiq və təsiri o qədər güclü və emosionaldı ki, arada nəfəsi çatmır, elə bil səsi qırılır... Bax, mən də onun bir az da gülməsi üçün, öz gülüşünə bələnməsi üçün bilərəkdən içimdəki səsi bir damla boyu ucaldıram, bir iynə ucu boyda artırıram. Qoy onun da ürəyincə olsun. Axı mən kimsənin qəlbinə dəyməyi, kiminsə ürəyini ağrıtmağı bir fikir, bir istək olaraq heç vaxt özümə yaxın qoymamışam. Mənə problem olana da Allahın seçiminə qalmasını arzu etmişəm. İstəmişəm ki, bu dünyada yeganə tutacağım, duracağım, güvənəcəyim yer, hava, su, necə deyərlər, elə mənim özüm olan Sən heç nədən sıxılmayasan, mənə görə sıxıntı yaşamayasan. Mənim hansısa əməlim, atdığım addım, dediyim söz səni göynətməsin. Lap konkret desəm, mənim varlığım səni utandırmasın.
Çox təəssüf ki, mənim bu istəklərim elə istək olaraq qalır, qarıyıb qocalır içimdə... ürək yarasına, göz dağına çevrilib varlığımda. Bax, bunun hesabını ödəmək təkcə boynumun borcu yox, həm də həyatımın ən zəruri vəzifəsi olub. Bu anlayışla, bu inamla çabalamışam, vuruşmuşam, bu gün də elə həmin yoldayam...
Allahın könlümdə göyərtdiyi adı və sevgini, cismi və ruhu deməli, bütövlükdə səni mən ancaq haralardansa, hansısa məsafələrdənsə izləməli, seyr etməliyəm. Qəbul olunmuş bu qərar, imzalanmış bu hökm açıq-aşkar SON! - deməkdir... O sonun nə vaxtsa gələcəyinə heç vaxt inanmamışdım. Amma görünür son elə mənim də bütövlükdə sonumun ifadəsidi. Və mən də o sonun bir pıçıltısını sənə çatdırmaq istəyirəm. Həyatındakı sevinclə, kədərlə, xoş ovqatla, tükənməz fərəhlə yaşa bu ömrü!.. Bil ki, mən həyatımdakı sənə deyirəm:

 

Bir ümid quyusunu -
Ruhumçün qaz - daş atım...
O daşı çıxaracaq -
İnamımı yaşadım...


Məni sevincdən uzaq
Kədərin ovcunda tut...
Məni üşütsün sazaq -
Üşüdüyümü unut...


Bu təzadın içində
Qoyma ayılsın başım...
Gözünü sıx - üçümdə -
Çiliklənsin başdaşım!..

 

Bəli, deyirlər ki, həyat sevinclə kədərin, xoşbəxtliklə bədbəxtliyin, fərəhlə qəmin, ümidlə gümanın... daha nələrin oylağıdı. Mən bu oylaqda boyuma biçilənləri açıq ürəklə qəbul etdim... Çünki o ürəyə hökm Allahdan və səndən gəlirdi. Səni də Allaha əmanət edirəm...

P.S. Səfər öncəsi bu düşüncələri yazdım və demək istədim ki, yollar canavardır... Qayıtmasam, düşünün ki, xətrinizə dəymişəm, ona görə gözünüzə görünmürəm. 

adalet.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )