AĞARMA, SAÇIM, AĞARMA! - - Məmməd Araz

AĞARMA, SAÇIM, AĞARMA! - Məmməd Araz

AZpress.AZ xəbər saytı Məmmd Arazın "AĞARMA, SAÇIM, AĞARMA!" adlı şeirini təqdim edir:

 

AĞARMA, SAÇIM, AĞARMA! 

 

Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!

 

Arzu sonsuz, ömür yarı...
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!

 

Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb “dayı” deyər,
Ağarma, saçım, ağarma!

 

Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!

 

Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!

 

Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!

 

İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var...
Yazılmamış əsərim var...
Ağarma, saçım, ağarma... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )