Şuşanın dəyərli oğullarından olan Aydın Hüseynov... - - Kərim Kərimli

Şuşanın dəyərli oğullarından olan Aydın Hüseynov... - Kərim Kərimli

İsmayıl İsmayılov:

 

- Şuşa daşlardan tikilmiş adi şəhər deyil. Şuşa canlıdır, onun ruhu var – azərbaycanlı ruhu. Şuşanın düşmən əlinə keçməsi Şuşanı canı qədər sevən bir çoxlarının həyatına ağır zərbə oldu! Şuşanı canından artıq sevən və onun itkisinə dözməyib Şuşanın işğalından sonra 1il ərzində bu dünyadan gedən, Şuşanın dəyərli, vətənpərvər oğullarından olan Aydın Hüseynov məhz həmin İnsanlardan idi. Uzun illər Şuşa şəhər Sovetinin sədri vəzifəsində çalışan Aydın Hüseynov 20 yanvar hadisələri baş verən günlərdə partiya biletini çıraraq öz ərizəsi ilə işdən çıxmış və sonradan Şuşada ən həssas sahədə - Şuşanın Azərbaycana məxsus olmasını şəksiz sübut edən memarlıq abidələrinin bərpası sahəsində mühəndis vəzifəsində çalışmışdı. Bu işə isə Aydın Hüseynov Şuşaya məhəbbətindən irəli gələrək xüsusi qayğı və həssaslıqla yanaşırdı. Bunun nəticəsində Şuşada olan saysız-hesabsız memarlıq abidələrimizin yeni həyata qayıtmasında Onun böyük qayğısı və zəhməti olmuşdur. O, həqiqətən də böyük İnsan idi və Şuşaya bağlılığı da böyük İnsanın Şuşaya olan böyük sevgisindən irəli gəlirdi. Artıq 25 ildir Aydın Hüseynov aramızda yoxdur. Şuşanın Şuşaya layiq oğlunun ruhu şad olsun! Allah rəhmət eləsin, amin!

 

Mənim əlavəm:

 

- Aydın müəllim haqqında xatirələrimin bir qismini "Yağlıvənddən Amerikayadək. Keçmişini və gələcəyini itirmiş adamın xatirələri" adlı kitabımda yazmışam. Oğlu Təbib bəylə müxtəlif vaxtlarda bu barədə xeyli söhbət etmişik. Aydın müəllim fikri, sözü və əməli üst-üstə düşən, Qanun, vicdan, Vətən və millət qarşısında təmiz olan nadir şəxsiyyətlərdən biri idi. 1988-1992-ci illərdə Şuşanın, şuşalıların başı qalda olanda camaata və torpağa namərdlik, xəyanət etməyən tək-tük məmurlardan biri idi. Tuttduğu vəzifəni hörmətə mindirən, əyləşdiyi kürsüyə şərəf gətirən barmaqla sayılacaq qədər az adamlardan biri idi. Şuşanın işğalına görə səmimiyyətlə yanıb-yaxılan, işğaldan sonra maddi vəziyyətinin necə olmasından asılı olmayaraq şəxsiyyətini və simasını qoruyub saxlayan çox az kişilərdən biri idi. Aydın müəllim onu tanıyanlar və xatırlayanlar durduqca, sonra isə adının salındığı mənbələrdə yaşayacaq. Vətən və millət onun kimi oğullarla yaşayır, bu cür kişilərlə ucalır, belə adamlarla daimiləşir, əbədiləşir...

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )