Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib - (+FOTOLAR)

Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib (+FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu, onun hələ əvvəlki dövrlərdə Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduzu”na da layiq görüldüyünü vurğuladı. Dövlətimizin başçısı 1-ci dərəcəli “Əmək” ordeninin müxtəlif sahələrdə görkəmli xidmətlərə görə verildiyini bildirdi. Tahir Salahovun müasir təsviri incəsənətin inkişafındakı rolunun bütün ictimaiyyət, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin Tahir Salahovu “İstiqlal” ordeni ilə təltif etdiyini vurğuladı. Dövlətimizin başçısı 2008-ci ildə ona Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordenini və 2015-ci ildə isə Heydər Əliyev Mükafatını təqdim etdiyini vurğuladı. Bu gün isə dünya şöhrətli rəssama “Əmək” ordeninin təqdim olunduğunu deyən Prezident İlham Əliyev özünün təşəbbüsü ilə yaradılan və üç dərəcəsi olan bu ordenin nisbətən yeni orden olduğunu və müxtəlif sahələrdə fəaliyyət göstərən görkəmli şəxslərə verildiyini bildirdi, Tahir Salahovun isə birbaşa 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu vurğuladı. “Siz bizim fəxrimizsiniz, Azərbaycan xalqının görkəmli oğlusunuz, siz həmişə öz sənətinizlə Vətənə sədaqətlə xidmət etmisiniz, Azərbaycanı, xalqımızın istedadını, bizim incəsənətimizi təbliğ etmisiniz, bizi bütün dünyada təmsil edirdiniz və edirsiniz”, - deyən Prezident İlham Əliyev Tahir Salahovun ulu öndər Heydər Əliyevlə şəxsi münasibəti və dostluğunun olduğunu bildirərək bu səmimi və çox möhkəm dostluğun hələ Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etməzdən xeyli əvvəl başladığını vurğuladı. Dövlətimizin başçısı Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonrakı ağır illərdə, səhhətində problemlər yarandığı vaxtlar məhz Tahir Salahovun onun yanında olduğunu deyərək onların Moskvadakı söhbətlərini, görüşlərini xatırladı, bütün bunların Heydər Əliyev üçün böyük mənəvi dəstək olduğunu bildirdi. Prezident İlham Əliyev dedi ki, həmin zamanlarda vaxtilə Heydər Əliyevin kömək etdiyi, irəliyə çəkdiyi çoxları kənara çəkilmişdilər, ən yaxşı halda isə susurdular, bəziləri isə onun əksinə çıxış edirdilər. Hər şeyə, dünya şöhrətinə özü nail olan Tahir Salahov isə Ulu Öndərin yanında idi. Dövlətimizin başçısı bunun çox qiymətli olduğunu və heç vaxt unudulmayacağını vurğuladı. Prezident İlham Əliyev illər keçdikdən sonra ona yenidən yüksək mükafatı təqdim etməkdən şad olduğunu bildirdi.

Sonra dövlətimizin başçısı İlham Əliyev 1-ci dərəcəli “Əmək” ordenini Tahir Salahova təqdim edərək təbriklərini çatdırdı.

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov yüksək mükafata görə təşəkkürünü bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman öz işini sevən, qeyri-adi, istedadlı bir şəxsiyyət olduğunu deyən Tahir Salahov həyat yolunda onunla dostluq münasibətlərindən böyük xoşbəxtlik duyduğunu vurğuladı. “Bizi incəsənət birləşdirmişdi”, - deyən Tahir Salahov ulu öndər Heydər Əliyevin hər zaman incəsənətə və sənət adamlarına xüsusi qayğı ilə yanaşdığını bildirdi, onun bu sahə ilə bağlı çıxışlarının bütün incəsənət xadimlərində xoş təəssürat yaratdığını vurğulayaraq bildirdi: “Ulu Öndərin həssaslığı, mərdliyi məni heyrətləndirirdi. Belə bir şəxsiyyətlə işləmək, görüşmək mənim üçün böyük xoşbəxtlik idi”. Tahir Salahov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə həmişə böyük qayğı və diqqət göstərdiyini vurğuladı və onun sənətinə verdiyi yüksək qiymətə və mükafata görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )