Azərbaycanın İsmayıllı və Özbəkistanın Riştan şəhərləri arasında qardaşlaşma haqqında müqavilə imzalanıb - (+FOTOLAR)

Azərbaycanın İsmayıllı və Özbəkistanın Riştan şəhərləri arasında qardaşlaşma haqqında müqavilə imzalanıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycanın İsmayıllı rayonundan olan nümayəndə heyəti Özbəkistana səfərə gəlib.

Daşkənddən Fərqanə vilayətinin Rişton şəhərinə gedən Azərbaycan nümayəndə heyətinə isə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev rəhbərlik edib. Nümayəndə heyətinə İsmayıllı rayon icra hakimiyyətinin birinci müavini Rövşən Ağayev, İsmayıllı Rayonregional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu və işa damı Azad Əliyev, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov daxil olub.

Əvvəl nümayəndə heyətini Fərqanə vilayətinin hakimi Şuxrat Qaniev qəbul edib.
Hakim qonaqları salamlayaraq ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışıb, deyib ki, səfər zamanı İsmayıllı rayonu ilə Rişton şəhəri arasında “Qardaşlaşmış şəhərlər” haqqında müqavilə imzalanacaq ki, bu da regionlarımız arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradacaq.

Səfir Hüseyn Quliyev Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Səfir vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsində regionlararası əlaqələrin inkişaf etdirilməsi mühüm rol oynayır. O, əmin olduğunu vurğulayıb ki, ölkələrimizin regionları arasında əməkdaşlıq inkişafımıza öz töhfəsini verəcək.
Daha sonra qonaqlar Riştan şəhərinə səfər ediblər. Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhəri arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında müqavilə imzalanması ilə bağlı mərasim keçirilib.

Qeyd edək ki, layihə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşıb.

Bu münasibətlə Rişton şəhər hakimiyyətində keçirilən mərasimdə şəhər hakimi Sadıkcon Xaydarov qonaqları salamlayıb, bildirib ki, ölkənin şərqində yerləşən Rişton şəhəri Böyük İpək Yolunun üzərində, Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir. Qədim dövrlərdən bəri Orta Asiyadakı nadir şüşə keramika istehsalı üçün böyük mərkəz kimi tanınan Riştanın tarixi bizim eranın II əsrinə təsadüf edir. 1899-cu ildə Parisdə keçirilən keramika sənəti üzrə Dünya Sərgisində Riştan keramika kolleksiyası birinci yerə layiq görülənlər arasında olub.

Səfir Hüseyn Quliyev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bildirib, vurğulayıb ki, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsi ilk dəfə olaraq həyata keçirilir və hər iki şəhər öz zəngin mədəniyyəti, qədim tarixi, turizm gözəllikləri ilə turistləri valeh edir. İsmayıllı və Riştan milli mədəniyyətimizə, xalq sənətinə daim öz töhvələrini verib və onu zənginləşdirib.

İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini Rövşən Ağayev bildirib ki, İsmayıllı və Riştan şəhərləri arasında oxşarlıq və yaxın xüsusiyyələr var. Hər iki rayon tarixən ticarət yollarının üzərində yerləşib, öz sənətkarlığı və əl işləri ilə dünyada tanınır. “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilən İsmayıllı özünün sənətkarlıq ənənələri, rəngarəng əl işləri, ipəkçilik sənəti, zəngin təbiəti, turizm ehtiyyatları, tarixi-mədəniyyət abidələri ilə şöhrət qazanıb. İsmayıllı Azərbaycan misgərlik sənətinin, habelə ipəkçilik sənətinin mərkəzidir.

O, vurğulayıb ki, müqavilə imzalandıqdan sonra İsmayıllı və Riştan arasında əlaqələr daha da dərinləşəcək, çoxsaylı mübadilə proqramları, birgə layihələr həyata keçiriləcək.

Sazişə əsasən tərəflər elm, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və qarşılıqlı maraq doğuran digər məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində iş aparacaqlar.

Nümayəndə heyəti Riştan şəhərindəki “Əlişir Nazarovun keramika emalatxanası” və “Koron” Keramika Mərkəzində də olub, sənətkarların əl işlərinə baxıblar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )