"PAŞİNYAN DEMOKRATİYA ADİ İLƏ ERMƏNİSTANI DƏRİN BİR XAOSA YUVARLAYACAQ" - POLİTOLOQ

"PAŞİNYAN DEMOKRATİYA ADİ İLƏ ERMƏNİSTANI DƏRİN BİR XAOSA YUVARLAYACAQ" POLİTOLOQ

"Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanı sonu görünməyən çətinliklər, qarşıdurma girdabına sürükləyəcəkdir. Bu ölkədə Paşinyan deyil, hətta Qərbin ən demokratik lideri belə hakimiyyətə gəlsə, bu ölkədə istənilən səviyyədə demokratik cəmiyyət yaratmaq mümkün deyil. Çünki problem lider problemi yox, problemli cəmiyyət məsələsidir. Ermənistan cəmiyyəti orta əsr işğal, zorakılıq, özgə torpaqlarını zəbt etmək kimi yanaşmaları əsas götürürsə, bu demokratiya dəyərləri ilə bir araya sığmır. Təbii ki, Qərb də bunu yaxşı bilir. Hazırda orada əslində geosiyasi nüfuz savaşı gedir".

 

Bunu "Sherg.az"a politoloq Nəzakət Məmmədova Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyindən danışarkən söyləyib.

 

Ekspert bildirib ki, ABŞ, Avropa Birliyi və Rusiya arasında mübarizə ən yüksək həddinə çatıb:

 

"Bundan başqa, Paşinyanın məsuliyyətsiz addımları regionu dünyanın ən qaynar bölgələrindən birinə çevirib. Bütün regionda istər Qarabağda, istər Abxaziyada, Cavaxetiyada separatizmi dəstəkləyən ölkə Ermənistandır. Bu, böyük güclərin Cənubi Qafqaza silah satışı bazarı kimi baxmasına da səbəb olub.

 

Ənənəvi silah satan Rusiyaya rəqib olaraq ABŞ və Fransa da regiona silah satmağa çalışır. Fransanın Gürcüstana hava hücumundan müdafiə sistemləri satması artıq məlumdur. Eynilə, Azərbaycana da bu cür sistemlər satmaq istəməsi barədə məlumatlar dolaşır.

 

ABŞ prezidentinin müşaviri Bolton da regiona silah sata biləcəklərini açıq şəkildə vurğuladı. Bütün bunlar onu göstərir ki, Ermənistandakı proseslər bütün Qafqazın siyasi, hərbi mənzərəsinə təsirsiz ötüşməyəcəkdir.

 

Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanın geosiyasi savaş meydanına çevrilməsini sürətləndirməklə yanaşı, daxili siyasətdə də qeyri-sabitliyə, siyasi qüvvələr arasında səngiməyən, getdikcə alovlanana qarşıdurmaya səbəb olacaqdır.

 

Paşinyan işğalçı imici olan, avtoritar idarəçilik üsulu olan bir ölkəni təhvil alır. Onun başçılıq edəcəyi Ermənistan sələfləri Köçəryan və Sarkisyan Ermənistanından siyasi nüfuz, iqtisadi inkişaf və demokratiya göstəriciləri ilə hec də irəlidə olmayacaq. Siyasi səhnədən silinmiş qüvvələrin revanş planları, Paşinyan hakimiyyətinə qarşı təxribat-pozuculuq fəaliyyəti, gələcəkdə silahlı qiyam baş verə bilər. Daxili siyasi qüvvələr, habelə "Qarabağ klanı" və Xankəndindəki separatçılarla qarşıdurma xüsusilə şiddətlənəcək. Paşinyan demokratiya adi ilə Ermənistanı dərin bir xaosa yuvarlayacaq".

 

Ayyət Əhməd  

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )