Elmin populyarlaşdırılmasında KİV-in rolu mövzusunda dəyirmi masa keçirildi - (+FOTOLAR)

“Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirildi (+FOTOLAR)

AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirildi.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filol.e.d. Vüqar Zivəroğlu, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın olduğunu bildirərək KİV-in bu prosesdə rolunu xüsusilə qeyd etdi. O, elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin, nailiyyətlərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirərək, KİV-in akademik tədqiqatlara ictimai marağın artırılmasındakı rolundan söz açdı. İdarə rəisi bu sahədə kadr hazırlığı, jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmliyini bildirərək bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını söylədi.

Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqin nəticələrini açıqladı. O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubdan kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs etdi.

Ü.Rzayeva müasir dövrdə müxtəlif sferalarda dinamik inkişaf sayəsində bir-biri ilə sıx əlaqəli olan tamamilə yeni elm sahələrinin yaranmasının elmin populyarlaşdırılması işini mürəkkəbləşdirdiyini vurğuladı. O bu gün biofizika, kvant biologiyası, bionika, nutrigenomika, kliodinamika, rekombinant riyaziyyat, hesablama sosiologiyası, koqnitiv iqtisadiyyat kimi olduqca mürəkkəb sahələrin meydana çıxması, aparılan araşdırmalar, əldə edilən mükəmməl nəticələrin qələm əhlindən zəngin dünyagörüşü, məhsuldar fəaliyyət, ən əsası da ixtisaslaşmaq üçün zaman tələb etdiyini bildirdi. Rəis müavini KİV nümayəndələri ilə alimlər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edərək, Milli Elmlər Akademiyasının KİV və universitetlərin Jurnalistika fakültələri ilə elmin populyarlaşdırılması və təbliği işində qüvvələrini birgə səfərbər etmələrinin bu sahənin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Tədbirdə həmçinin elm jurnalistikasının inkişafında kadr təminatı məsələsinə də toxunuldu. Elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində yüksəkixtisaslı kadr hazırlığının mühüm rol oynadığı bildirildi. Bu sahənin tədrisi istiqamətində əməli addımların atılmasının vacibliyi qeyd olunaraq Azərbaycanda elm jurnalistikasının formalaşması və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi, o cümlədən dərs vəsaitlərinin hazırlanması və dissertasiya işlərinin müdafiəsinin zəruriliyi vurğulandı. Təkcə Jurnalistika fakültələrində deyil, digər fakültələrdə də Populyar elm fənninin tədris edilməsi təklif olundu.

Həmçinin, Milli Elmlər Akademiyasının Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin Jurnalistika fakültələri ilə birgə kurs və treninqlərin, tələbələrin elmi müəssisə və təşkilatlarda istehsalat təcrübəsinin təşkili, elm jurnalistikasının müxtəlif problemlərinin həllinə həsr olunmuş birgə tədbirlərin keçirilməsinin vacibliyi vurğulandı. Bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması üçün alim-populyarizatorlar, peşəkar elmi jurnalistlər, elmin populyarizatorları və elmi kommunikatorların öz qüvvələrini səfərbər etmələrinin məqsədəuyğunluğu qeyd edildi.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !