Tarixçi alim Zemfira Hacıyevanın məqaləsi “İRS” beynəlxalq Azərbaycan jurnalında dərc olunub - (+FOTO)

Tarixçi alim Zemfira Hacıyevanın məqaləsi “İRS” beynəlxalq Azərbaycan jurnalında dərc olunub (+FOTO)

AZpress.AZ xəbər verir ki, Moskvada dərc olunan “İRS” beynəlxalq Azərbaycan jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu nömrəsində Azərbaycanın incisi olan Qarabağın tarixi və ermənilərin apardığı işğalçılıq siyasətinə dair məqalələr yer alıb.

AMEA Rəyasət Heyəti aparatının Elmi irs mərkəzinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyevanın “Ermənistan kilsəsi: dövlət içində dövlət?” adlı məqaləsi də “İRS” jurnalının növbəti nömrəsində dərc olunub.

Tarixçi alimin rus dilində çap olunmuş elmi məqaləsində bir çox arxiv sənədləri və mənbələr araşdırılıb, ermənilərin Osmanlı İmperiyası və İrandan Rusiyanın işğal etdiyi Azərbaycan torpaqlarına köçürülməsində Ermənistan Havari kilsəsinin (Qriqorian kilsəsi) tarixi rolu haqqında məlumat verilib. Bundan əlavə, erməni ekstremist qruplarının Osmanlı imperiyasına qarşı təşkil etdiyi terrorçuluq və dağıdıcı fəaliyyətlər, XX əsrin əvvəlləri, eləcə də sonlarında azərbaycanlılara qarşı etnik təmizləmə məsələlərinə diqqət yetirilib.

Məqalədə qeyd olunur ki, tarixən dövlətçilik ənənələrinə malik olmayan ermənilər daim başqa xalqlar və dövlətlərin hakimiyyəti altında yaşamışlar. Eramızdan əvvəl 60-cı illərdə ermənilər Roma imperiyasının əsarəti altında idilər. 387-ci ildə Ermənistan Roma və Sasanilər imperiyası arasında bölünmüş, dövlətin Qərb hissəsi Roma, Şərq hissəsi isə İrana verilmişdir.

Erməni tarixinin saxtalaşdırılmasında siyasiləşdirilmiş Qriqorian kilsəsi xüsusi rol oynamışdır. Bu kilsənin Səfəvilərə qarşı fəaliyyəti həmin ərazilərdə erməni dövlətinin bərpa edilməsi uğrunda mübarizə ilə bağlı olmuşdur.

Ermənilərin öz dövlətçilik ənənələri olmadığı halda, onları əsrlər boyu dəstəkləyən Qreqorian kilsəsi bu milllət üçün praktiki olaraq dövləti əvəz etmiş, kilsə ermənilərin yalnız mənəvi deyil, eyni zamanda dünyəvi və siyasi həyatına təsirsiz ötüşməmişdir.

Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotr 1724-cü il noyabrın 10-da ermənilərin Xəzər dənizi sahilləri, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərman imzalamışdı. Fərmanda ermənilərin Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planı nəzərdə tutulurdu. 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan ərazisi Rusiya ilə İran arasında bölüşdürüldü, tarixi torpaqlarımız olan İrəvan və Naxçıvan bölgələrində “Erməni vilayəti” yaradıldı.

Araşdırmada XIX əsrin əvvəllərində ermənilərin Cənubi Qafqazda apardıqları müstəmləkəçilik siyasəti, eləcə də XX əsrin əvvəllərində erməni ekstremistlərinin dinc müsəlman əhalisi və görkəmli siyasi xadimlərə qarşı törətdikləri qətllər barədə tarixi faktlar yer almışdır.

Bununla da, gələcəkdə Azərbaycan ərazilərində erməni dövlətinin yaradılmasının əsası qoyulmuş, bu torpaqlarda ermənilərin məskunlaşdırılmasına, azərbaycanlılara qarşı soyqırımlar və qırğınların həyata keçirilməsinə start verilmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )