Mərkəzi Elmi Kitabxanada “Foto və söz” kitabının təqdimatı olub -

Mərkəzi Elmi Kitabxanada “Foto və söz” kitabının təqdimatı olub

 Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında yazıçı-jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin “Foto və söz” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təqdimatı keçirilən kitabın fotojurnalistika sənətinin öyrənilməsində əhəmiyyətindən danışıb. Bildirib ki, mətbuatda foto əsas ifadə vasitələrindəndir. Fotoda əks olunanları çox vaxt sözlə operativ qaydada demək olmur. Fotoqraflar, mobil telefon sahibləri, internetdə saysız-hesabsız foto mənbələri bu gün peşəkar fotojurnalisti əvəz edə bilmir. Azərbaycanda ayrıca fotojurnalistika sənətini tədris edən ali təhsil ocaqları hələlik yoxdur və həllini gözləyən məsələlərdəndir.

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu və başqaları çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edilib ki, kitabda fotoqrafiyanın tarixi, inkişaf mərhələləri, dünyada fotoaparat istehsalı, fotonun həm də əmtəə kimi rolu, Azərbaycanda fotoqrafiyanın inkişafında rol oynamış şəxslər, jurnalistika janrında fotoqrafiyanın rolu və yeri, redaksiyalarda fotoya münasibət və digər məsələlər yer alıb. Müəllif öz təcrübəsi əsasında və təqdim etdiyi özəl fotoların timsalında gələcək fotojurnalistlərə tövsiyələr verir, həmçinin ev tapşırıqları təqdim edir. Ən əsası isə foto ilə sözün uzlaşdırılması məsələsi misallar əsasında, müəllifin öz yaradıcılığı nümunəsində təqdim edilir ki, bu da kitabın dəyərini artıran cəhətlərdən başlıcasıdır. Şirməmməd Nəzərli öz təcrübəsinə, dünya foto ustalarının irsinə, tanınmış fotojurnalistlərin əməyinə istinadla fotoqrafiyada sözün rolunu qabartmaq yollarını aydınlaşdırır. O, bir müəllifin digər yaradıcılıq sahələrinə yönələ biləcəyini əyani misallarla, yəni öz bədii yaradıcılığı timsalında göstərir. Həmçinin reportaj, portret, mənzərə və digər foto janrlarından bəhs edərkən özünün çəkdiyi foto nümunələrini əyani vəsait qismində təqdim edir. Kitabda müəllifin bu cür foto nümunələrinin sayı 170-dən çoxdur.

Bildirilib ki, “CBS” nəşriyyatında çapdan çıxan kitab Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin elmi şurasının qərarı ilə metodik vəsait kimi tövsiyə edilib. Ümumilikdə 18 fəsil, 228 səhifədən ibarət kitab gələcəyin jurnalistləri, foto həvəskarları, peşəkar fotoqraflar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin məsləhətçiləri BDU-nun professoru Cahangir Məmmədli və Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğludur.

Sonda çıxış edən müəllif tədbirin iştirakçılarına təşəkkürünü bildirib.