Akademik Valeriy Ulyanişevin 120 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib - (+FOTOLAR)

Akademik Valeriy Ulyanişevin 120 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 25-də AMEA-nın Əsas binasında tanınmış bioloq, akademik Valeriy Ulyanişevin 120 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin Azərbaycanda mikologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Valeriy Ulyanişev yeni elmi istiqamət və ideyalarla Azərbaycan mikologiya elm sahəsini zənginləşdirib, gənc kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Alim tərəfindən Qafqaz və Azərbaycan üçün elmə məlum olmayan 100-dən artıq yeni göbələk növü aşkar edilib.

Akademik Valeriy Ulyanişevlə bağlı xatirələrini bölüşən AMEA rəhbəri onun Azərbaycanda kənd təsərrüfatı üçün mühüm sayılan bir sıra problemlərin tədqiqi, o cümlədən pambıqda vilt, hommoz xəstəliklərinə, taxıl və meyvədə parazitlik edən göbələklərə qarşı mübarizə üsullarını hazırladığınıdiqqətə çatdırıb.

Sonra Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək Azərbaycan elmində özünəməxsus yer tutmuş Valeriy Ulyanişevin mənalı ömür yolundan söz açıb. Natiq həyatını elmə həsr etmiş görkəmli alimin əsasən mikologiya və fitopatologiya sahəsində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın mədəni və yabanı bitkilərinin növ müxtəlifliyini öyrənməyə böyük əmək sərf etmiş V.Ulyanişev apardığı tədqiqatlara görə 1964-cü ildə elm üzrə Lenin mükafatına, 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına layiq görül¬üb¬, həmçinin “Qır¬mızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilib.

Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin “Akademik V.Ulyanişevin həyatı, elmi və elmi-təşkilati fəaliyyəti haqqında” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan elm tarixinin ən dəyərli səhifələrindən birinin tanınmış alim V.Ulyanişevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, görkəmli alim Azərbaycanda göbələk növlərinin yayılması ilə yanaşı, onların ekologiyasına və mikofloranın coğrafi analizinə xüsusi diqqət ayırmışdır. Onun tərəfindən respublikada ilk dəfə olaraq parazit göbələklər öyrənilib və bitki xəstəlikləri ilə mübarizə tədbirləri hazırlanıb.

Qeyd olunub ki, 1927-ci ildə mədəni bitkilərin xəstəlik törə¬dicilərini öyrənmək üçün Azərbaycana dəvət almış V.Ulyanişev həmin ildə Zaqafqaziya Xalq Komissarlığının Bitkilərin mühafizəsi şö¬bə¬sində Fitopatologiya laboratoriyasını yaradaraq və ona rəhbərlik edib. 1937-ci ildə isə Botanika İnstitutunda fəaliyyətə başlayan alim bu müəssisədə İbtidai bitki¬lərin sistematikası şöbəsini yaradaraq, 1992-ci ilədək həmin şöbəyə rəh¬bərlik edib. O, taxıl bitkilərində sürmə göbə¬ləkləri ilə xüsusi işlər aparıb, bərk və yumşaq buğdanı, çovdarı yoluxduran bir parazit göbələk növünün üç bioloji formasını ayırd edib və həmin göbələklə mübarizə tədbirlərini hazırlayıb.

“Valeriy Ulyanişev Azərbaycanda mikologiya elminin inki¬şafı və mikoloji herba¬ri¬nin yaradılması isti¬qamətində əhəmiyyətli işlər gör¬üb” - deyə bildirən V.Əlizadə onun yaratdığı şöbənin respublikada göbələk, yosun və şibyələr üzrə nəzəri-tətbiqi tədqiqatları istiqamət-ləndirdiyini bildirib. Qeyd edib ki, V.Ulyanişev 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilib. O, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına böyük əmək sərf edib, 20-dən artıq elmlər namizədi və doktoru hazırlayıb.

V.Əlizadə əlavə edib ki, akademik V.Ulyanişev 1963-1972-ci illərdə bitki mühafizəsi üzrə elmi-tədqiqat işlərinin koordinasiyası üzrə Zaqafqaziya şurasının sədri, 1964-ci ildən isə analoji Ümumittifaq şurasının üzvü olub. O, 1964-1974-cü illərdə Ümumittifaq Botanika Cəmiyyətinin Azərbaycan bölməsinin sədr müavini kimi çalışıb. Alim “Azərbaycanın mikoflorası”nı 3 cild, 4 kitab olaraq hazırlayaraq nəşr etdirib.
Tədbirdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Mikologiya və alqologiya kafedrasının müdiri, professor Aleksandr Kurakov, biologiya elmləri doktoru Arif Bayramov və digərləri çıxış edərək görkəmli alimin xatirəsinin daima Azərbaycan xalqının ürəyində yaşayacağını, onun bioloji müxtəlifliyin mühafizəsi və davamlı inkişafa dair apardığı tədqiqatların ölkəmizdə strateji əhəmiyyətli işlərin həyata keçirilməsinə xidmət edəcəyini bildiriblər.

Sonda akademik V.Ulyanişevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !