Muzeydə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub - (+FOTOLAR)

Muzeydə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “O, həm də şair idi” mövzusunda məruzə ilə çıxış edib. R.Hüseynov konfransın ölkə başçısının "Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında" 23 iyun 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu söyləyib. Qeyd edib ki, M.Hüseynzadə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.

O, daha sonra bəşəriyyətin faşizm əsarətindən xilas olmasında Mehdi Hüseynzadənin göstərdiyi misilsiz xidmətlərdən danışıb. Akademik M.Hüseynzadənin sovet kəşfiyyatı tərəfindən əvvəlcədən hazırlanaraq 1942-ci ildə məqsədli şəkildə almanlara əsir düşməsinə şərait yaradıldığını və Azərbaycan legionunda xidmət keçən zaman SSRİ-yə zəruri informasiyalar göndərdiyini bildirib. Qeyd edib ki, M.Hüseynzadə daha sonra almanların əsirliyindən qaçaraq İtaliya və Yuqoslaviya partizanlarına qoşulub, burada göstərdiyi qəhrəmanlıqlarına görə, "Mixaylo" ləqəbi ilə tanınıb.

Akademik "Mixaylo"nun hərbi şücaətinin sovet cəmiyyətinə ölümündən 13 il sonra məlum olduğunu və 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildiyini söyləyib. O, həmin illərdə Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu diqqətə çatdırıb.

R.Hüseynov 2011-ci ildə özünün təşəbbüsü ilə Sloveniyanın Nova Qoritsa regionundakı Şempas qəsəbəsində Mehdi Hüseynzadənin xatirəsinə muzeyin yaradıldığını və açılış mərasimində ölkə başçısının da iştirak etdiyini xatırladıb. Akademik sözügedən muzeydə Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatların, qəhrəmanın müəllifi olduğu rəsm əsərlərinin sərgiləndiyini bildirib.

R.Hüseynov "Mixaylo"nun Azərbaycan xalqının yaddaşında "Uzaq sahillərdə" bədii filmi ilə əbədiləşdirildiyini, qəhramənlıqlarına kitablar yazıldığını, musiqilər bəstələndiyini deyib. O, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, İkinci Dünya Müharibəsində Azərbaycan neftçilərinin fədakarlıqlarına, həmçinin Mehdi Hüseynzadənin şücaətini əks etdirən yeni filmlərin çəkilməsinə böyük ehtiyac olduğunu söyləyib.

Sonra yazıçı-publisist, filoloq Azər Hacıbəyli, Sloveniyanın Nova Qoritsa şəhərində M.Hüseynzadənin şərəfinə ucaldılmış abidənin müəllifi, Xalq rəssamı Akif Əsgərov və digərləri çıxış edərək "Mixaylo"nun qəhrəmanlıqlarından, Azərbaycan tarixindəki rolundan danışıblar.

Konfrans daha sonra muzeyin "Mehdi Hüseynzadə guşəsi"ndə davam etdirilib. Burada iştirakçılar M.Hüseynzadənin müəllifi olduğu rəsm əsərləri və xatirə əşyalarından ibarət sərgi ilə tanış olublar.
Sonda ailəsi adından Hənifə Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Nərgiz Qəhrəmanova 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !