AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib - (+FOTOLAR)

AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri, mühüm nəticələrin icraçıları və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik tədbirdə bölməyə daxil olan elmi müəssisələrin və müvafiq kənar təşkilatların illik hesabatlarının dinləniləcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamları xatırladan akademik bildirib ki, AMEA-da yubileylə bağlı bir sıra işlər görülüb. Natiq AMEA-nın Rəyasət Heyətinin bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq, İctimai Elmlər Bölməsinin elmi müəssisələrində tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin hesabat ilində görülən digər işlərdən danışıb.

Sonra çıxış edən bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, hesabatlar Rəyasət Heyətinin "AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında" müvafiq qərarına uyğun olaraq hazırlanıb. Akademik hesabatların institut və təşkilatlarda görülən işlər, həyata keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq, il ərzində alınan mühüm elmi nəticələr və digər göstəricilərə əsasən hazırlandığını əlavə edib.

Alim bölmənin institutlarında keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlərdən, beynəlxalq əməkdaşlıq istiqamətində atılan əhəmiyyətli addımlardan, AXC-nin 100 illik yubileyi münasibətilə görülən işlərdən danışıb.

Mühüm elmi nəticələri diqqətə çatdıran akademik bildirib ki, hesabat ilində bölmə üzrə 9 elmi istiqamətdə 34 problem üzrə 139 mövzu, 325 iş üzərində elmi tədqiqat işləri aparılıb. Bölmənin institutları tərəfindən 2232 əsərin nəşr edildiyini deyən alim vurğulayıb ki, bunlardan 161-i kitab, 1721-i məqalə, 350-si isə tezisdir. N.Axundova 8 kitabın, 326 məqalənin və 48 tezisin xaricdə çap olunduğunu əlavə edib.

Bölmə üzrə 35 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyini deyən akademik-katib cari ildə İEB alimlərinin əsərlərinə 1370 istinadın olduğunu diqqətə çatdırıb. Natiq hesabat ilində bölmənin yeni impakt faktorlu jurnallarının təsis edildiyini də söyləyib. 2018-ci ildə bölmə tərəfindən 19 beynəlxalq və 27 respublika konfransının keçirildiyini bildirən N.Axundova fəlsəfə doktorluğu üzrə 8, elmlər doktorluğu üzrə 12 nəfərin müdafiə etdiyini, o cümlədən 5 qrant qazanıldığını vurğulayıb.

Tədbirdə Abbasqulu Ağa Bakıxanov adına Tarix, Arxeologiya və Etnoqrafiya, akademik Ziya Bünyadov adına Şərqşünaslıq, Fəlsəfə, İqtisadiyyat, Hüquq və İnsan Haqları, Elm Tarixi, Qafqazşünaslıq institutları və Milli Azərbaycan Tarixi Muzeyinin hesabatları təqdim edilib.

Daha sonra bölmə üzvlərinin və kənar təşkilatların mühüm nəticələri diqqətə çatdırılıb.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, bölmə hesabatların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Sonda cari məsələlərə baxılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !