İLK GƏLİŞİNDƏ OLDUĞU QƏDƏR SEVİMLİ... - - Rafael Hüseyn (+ViDEO)

İLK GƏLİŞİNDƏ OLDUĞU QƏDƏR SEVİMLİ... - Rafael Hüseyn (+ViDEO)

O axşamın hər anı tarixdir.
O gün yalnız səhnədə və pərdə arxasındakılar deyil, elə tamaşaya baxanların da hər biri özündə bir tarix daşıyır.
Qocaman şahidlərdən eşitdikcə, köhnə mətbuatdan oxuduqca, arxivlərdən tapdıqca həmin bilgiləri illərcə ayrıca bir qovluğa yığmışam.
İndi baxıram ki, o gün göstərilən tamaşa özü nə qədər qeyri-adi idisə, həmin axşamın içərisində və ətrafında cərəyan edənlər də bir o qədər adilikdən uzaqmış.
Bir neçə gün əvvəldən qəzetlərdə xəbərlər dərc edilmişdi ki, “Nicat” cəmiyyəti gənc publisist və musiqiçi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını tamaşaya qoyacaq.
Tamaşadan 3 gün öncə -- 1908-ci il yanvarın 9-da “Kaspi” qəzetində dərc edilmiş məqalə oxucunu həvəsləndirirdi: “Bu, müsəlman həyatında ilk operadır, özü də ayın 12-də Tağıyev teatrında oynanacaqdır. Maraqlı tamaşa olacağı gözlənilir. Gənc kompozitor Füzuli poeması əsasında opera yazmış və onun əsərlərindən operaya daxil etmişdir. Şərq mahnıları əsərə ustalıqla qoşdururulmuşdur. Truppa təşkil edilmiş və müəllifin rəhbərliyi altında tamaşa hazırlanır”.
Biz adətən teatr, opera tariximizdən söz açarkən XIX əsrin sonları, XX yüzilin əvvəllərində qadınların səhnədə yoxluğu ucbatından kişilərin məcburən qadın rollarını da ifa etməsindən, xüsusən opera və operettalarda ifa həm də oxumaqla bağlı olduğundan bu çətin missiyanı illər boyu Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov kimi fədakarların məharətlə yerinə yetirməsindən minnətdarlıqla bəhs edirik.
Axı çayçı şagirdi işləyən və sonralar Gəncədə yaşayaraq xanəndəlik etmiş Əbdürrəhim Fərəcovun o ilk tamaşada ifa etdiyi Leylidən başqa da əsərdə qadın surətləri vardı. Ən azı Leylinin anası, Məcnunun anası səhnədə qadın qiyafəsində görünüb oxumalı idi.
Və birinci tamaşada Ümmülqeys – Məcnunun anası M. Kazımovski, Ümmülleyli – Leylinin anası isə C.Vəzirov idi.
Həmin gecədən 111 il ötür. Amma səhnəmizin gerçək aşiqlərindən və fədailərindən olmuş Mirmahmud Kazımovskinin adaşı olan nəvəsi bu gün o ilk tamaşadan sanki hadisə lap təzəcə baş veribmiş kimi həyəcanla, iftixarla danışır. Çünki bu hisslər o ailədə onillər boyu həmişə belə diri olub, isti-isti qalıb.
Çox illər sonra, qürbətdə, Fransada olub-keçənləri xatırlayan, adı ilk afişada müəlliflərdən biri kimi yazılmış, özü də birinci tamaşada İbn Səlamı oynamış Ceyhun Hacıbəyli riqqətlə yada salırdı ki, camaat səhnədə cərəyan edənlərə mane olar deyə hətta arada əl çalmağa da cəsarət etmirdi...
Kimlər yoxmuş o tanmaşaya baxanların arasında!
Elə ikicəsini bilsəniz səhnədəkilərin hansı həssas auditoriya ilə üz-üzə olduqlarını anlayacaqsınız.
Tamaşadan 3 gün qabaq “Nicat” maarrif cəmiyyətinə bir teleqram Gürcüstandan, digəri Şamaxıdan gəlibmiş.
Şamaxıdan Abbas Səhhət, Gürcüstandan isə tanınmış acar yazarı və siyasi xadim Məhəmməd Abaşidze rica edirlərmiş ki, onlara lojada yer saxlansın.
XXI əsrdir. Artıq xeyli var ki, bu Üzeyir incisi – “Leyli və Məcnun” əbədi ömrünün ikinci əsrini başlayıb.
1900-cü illərdə “Leyli və Məcnun” Bakıdan, Qafqazdan tezliklə İrana, Orta Asiyaya ayaq açmışdı.
Bunlar hələ böyük səyahətlərin müqəddiməsi imiş.
Nə qədər ki Azərbaycan sovet onillərini yaşayırdı, SSRİ tərkibində idi, “Leyli və Məcnun” bu nəhəng məkanın da ayrı-ayrı respublikalarında, şəhərlərində göründü və sevildi.
İndi isə “Leli və Məcnun”un sorağı Amerika Birləşmiş Ştatalrından, Böyük Britaniyadan, Fransadan gəlir...
Və əlbəttə ki, zaman ötdükcə belə ünvanlar artacaq.
Bu, mayasında məhəbbət dayanan, məhəbbətlə yaradılmış, məhəbbətlə yaşadılmış “Leyli və Məcnun”un layiq olduğu qismətdir.

Yanvarın 8-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” Üzeyir Hacıbəylinin solmaz “Leyli və Məcnun” operasının səhnəyə gəlişinin 111-ci ildönümünə həsr ediləcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !