Milli Şura növbəti güc nümayişi nə çıxır - - Azər Həsrət

Milli Şura növbəti “güc nümayişi”nə çıxır - Azər Həsrət

Deməli, məlum və məşhur Rüstəm İbrahimbəyovun Moskvadan Bakıya uzanaraq qurdurduğu və sonra da ortalıqda buraxıb aradan çıxdığı Milli Şura yanvarın 19-da mitinq keçirmək qərarı verib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətə hələ cavab verilməmiş daş atıb başlarını tuturdular ki, bəs, hakimiyyət izn verməyəcək.

Əslində, bu iznin verilməməsi onlara lazım idi və işlərinə də əməlli-başlı yarayırdı. Çünki izn verilməyəndə deyəcəkdilər ki, hakimiyyət bizdən qorxdu, gücümüzü nümayiş etdirməyə qoymadı, nə bilim, “rejim” elə getdi, “rejim” belə gəldi və s. Beləcə qışın bu soyuğunda isti evlərində oturub isti çaydan içərək sağa-sola Facebook hücumları edəcək, bunu trolların hesabına “kütləviləşdirəcək” və stəkanda fırtına yaratmağa çalışacaqdılar.

Di gəl ki, olmadı! Dünən xəbər çıxdı ki, Bakı hökuməti bunlara mitinq üçün izn verib. Deyib ki, gedin, o “Məhsul” stadionu, o da siz. Yığın başınıza adamlarınızı, qanun və qaydalar çərçivəsində mitinqinizi keçirin. Biz də hökumət olaraq sizin təhlükəsizliyinizi təmin etmək üçün bütün Bakı polisini ayaqda hazır tutacağıq.

Əlqərəz, Milli Şura bu həftə öz mitinqini keçirir. Məkan eyni olacaq. Elə gələnlər də eyni olacaq. Əslində, hakimiyyətə də bu lazımdır. Ki, bütün dünyaya bir daha göstərsin ki, Azərbaycanda müxalifətin öndəgedənləri adına iddia edənlərin sosial bazası nə qədərdir.

Heç fikir verdinizmi hakimiyyət bu mitinqə izni necə rahatlıqla verdi? Əvvəllər bəzən müzakirə olardı, hansısa təkliflər olardı, yeri, vaxtı dəyişməklə bağlı. Yaxud da şüarlarla bağlı hökumətimiz bəlli xəbərdarlıqlar edərdi. İndisə elə etmir. Deyib ki, gedin, o stadion, o da siz. Keçirin mitinqinizi.

Zarafat öz yerində, amma məsələnin ciddi tərəfi də var. İş ondadır ki, hakimiyyətin siyasi texnoloqları bu gedişlə Milli Şura adlı amorf qurumu növbəti dəfə tələyə salır. Çünki onlarda özəlliklə də Mehman Hüseynovun sonda sabun köpüyü kimi havaya sovrulan işinin ardından yeni ümidlər yaranıb. Düşünürlər ki, növbəti dəfə “narazı kütlə”yə əl uzadıb xal qazana bilərlər. Lakin vaxt məsələsində hesabı düzgün seçməyiblər. Gecikiblər. Ehtiraslar da tam səngiyib, işə yaramayacaq. Hələ 20 Yanvar olayının növbəti ildönümünün düz bir günlük ərəfəsini seçmələrini də gözdən qaçırmayaq. Belə bir gündə, belə bir durumda effektiv etiraz aksiyası keçirmək baş tutacaqmı? Təbii ki, yox. Sadəcə istənilən səbəbdən bəhanə qazanıb mühacirət etmək istəyənlər mitinqə gələcək. Digər bir kəsim isə hələ də Əli Kərimli, Cəmil Həsənli kimi siyasi uğursuzlara sadəlövhcəsinə inananlar olacaq. Hə, bir az da “rejim”ə nifrəti olanlar gələcək mitinqə. Vur-tur, aşağı-yuxarı 2 min nəfər. Hələ mən insaflı adam olduğum üçün bu boyda rəqəmi yazıram. İndi görün “insafsızların” proqnozu necə olardı?

Əlqərəz, hakimiyyət bu mitinqə izn verməklə növbəti gedişini etdi, uduşunu qazandı və Milli Şura adı altında fəaliyyət göstərənlərin nə qədər zəif olduğunu dünyaya göstərmək üçün fürsəti fövtə vermədi. Bu qədər sadə yəni.

Bu mitinq növbəti dəfə əsas müxalifət adına iddia edənlərin Facebook-da trollar/saxta hesablarla saldıqları səs-küyün sabun köpüyü olduğunu təsdiqləyəcək. Bununla da müxalifətin sosial bazasının faktiki olaraq yoxluğu növbəti dəfə öz təsdiqini tapacaq. Bu isə hakimiyyətin əlinə işləyəcək.

Şeytana uymaq istəməzdim, amma sadəcə sualım yaranır. Bizim bildiklərimizi görəsən elə bu Milli Şuranın başbilənləri bilmirmi? Heç şübhəsiz bilir. Hələ bizdən də qat-qat yaxşı bilir onlar bunu. Bəs sosial bazanın kasadlığını sübut edəcək bu mitinqə niyə qərar verirlər? Olmaya yenə də köhnə söhbətlərdir? Deyirəm, bunlar axı lazım gələndə hakimiyyətlə anlaşıb müxalifətin özünün yerə vurulmasında əvvəllər az oyundan çıxmayıblar. Bəlkə yenə də söhbət o söhbətdir? Nə bilim, vallah. İmanımı yandıra bilmərəm. Sadəcə ağlıma gəldi, yazdım… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !