AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - (+FOTOLAR)

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsinə dair AMEA-nın təkliflərindən danışıb. Bildirilib ki, hazırda ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilir. Natiq vurğulayıb ki, bu işlərin davamı olaraq Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elmi və elmi- pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq Sərəncam imzalayıb və bu sənədin icrası ilə bağlı AMEA-nın öhdəsinə düşən bir sıra vəzifələrlə bağlı təkliflər hazırlanıb.

Tədbirdə AMEA Kimya Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti məsələsinə baxılıb. Bölmənin elmi müəssisə və təşkilatlarından alimlər mühüm elmi nəticələrə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Sonra çıxış edən bölmənin akademik-katibi, akademik Vaqif Fərzəliyev bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərancamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. Dövlət proqramlarının Tədbirlər Planının müvafiq bəndlərinin icrasından danışan alim "Аzərbаycаn Rеspublikаsındа sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illərdə Dövlət Proqramı" üzrə həyata keçirilən işlər haqqında geniş məlumat verib.
Bölməyə dair statistik məlumatları nəzərə çatdıran akademik ötən ildə elmi müəssisələrdə 12 problemə aid 43 mövzu üzrə tədqiqat işinin aparıldığını və 2 mövzunun tamamlandığını deyib. Qeyd edib ki, bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 14 mühüm elmi nəticə əldə ediblər. Natiq elmi müəssisələr tərəfindən təklif edilən 4 tətbiqi xarakterli işin müxtəlif təşkilatlarda sınaqdan keçirildiyini və müsbət nəticələr əldə olunduğunu diqqətə çatdırıb. Akademik-katib ötən il bölmə institutlarının 30 Azərbaycan patenti, 33 qrant aldığını qeyd edib.
Bölmənin kadr hazırlığından danışan akademik bildirib ki, elmi müəssisələrdə fəlsəfə doktoru hazırlığı üzrə 45 doktorant və 56 dissertant, elmlər doktoru hazırlığı üzrə 33 doktorant və 30 dissertant təhsil alır. V.Fərzəliyev bölmənin elmi müəssisələrində 24 fəlsəfə və 6 elmlər doktoru dissertasiyasının müdafiə olunduğunu, 13 işin isə müdafiəyə hazırlandığını diqqətə çatdırıb. Əlavə edib ki, hesabat ilində magistratura pilləsinə dövlət sifarişi əsasında 15 nəfər qəbul olunub.

Nəşriyyatçılıq fəaliyyəti haqqında məlumat verən məruzəçi bildirib ki, institutların əməkdaşları tərəfindən hazırlanmış 9 monoqrafiya və 1 kitab işıq üzü görüb. 258 məqalə İmpakt faktorlu jurnallarda çap olunub ki, bunlardan 130-u "Clarivate Analytics" bazasına daxil edilib. 488-i xaricdə olmaqla 1147 məqalə və tezis nəşr olunub.

Natiq bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin hesabat ilində də davam etdirildiyini, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirildiyini söyləyib. Akademik-katib hesabatda ölkə Prezidentinin fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə Kimya Elmləri Bölməsi üzrə mühüm elmi nəticələr Akademiyanın illik hesabatına daxil edilib. Dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər bəyənilib. Kimya sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı və digər istiqamətlərdə tapşırıqlar verilib.

Sonra AMEA-nın Gəncə Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi təqdim olunub. Bölmənin sədri, akademik Fuad Əliyev bildirib ki, hesabat ilində elmi müəssisələrdə tədqiqatlar zamanı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. Vurğulayıb ki, hesabat ilində Gəncə Bölməsinin elmi müəssisələri "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri", "Azərbaycan-2020: gələcəyə baxış İnkişaf Konsepsiyası", "Azərbaycan Respublikasında Bioloji Müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya", "Azərbaycan Elminin İnkişaf Doktrinası", AMEA-nın Ümumi Yığıncağının müddəalarının və dövlət proqramlarının əsasında elmi tədqiqat işlərini həyata keçiriblər.

Bölmənin statistik göstəriciləri haqqında məlumat verən natiq bildirib ki, elmi müəssisələrdə 6 problemi əhatə edən 23 mövzuda 38 mərhələdə 27 iş üzrə tədqiqatlar aparılıb. Vurğulayıb ki, institutlarda hesabat ilində cəmi 157 kitab, monoqrafiya, məqalə və tezislər nəşr olunub. F.Əliyev xaricdə 53 məqalə, 21 tezis, 2 kitab və monoqrafiyanın dərc olunduğunu əlavə edib. Akademik vurğulayıb ki, İmpakt faktorlu jurnallarda 38 məqalə işıq üzü görüb. Bölmənin elmi işçilərinin əsərlərinə olan istinadların sayı 75-dir. Hazırda bölmənin elmi müəssisələrində elmlər doktorluğu hazırlığı üzrə doktoranturada 2, fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturada 10, dissertanturada isə 3 nəfər təhsil alır. Ötən il fəlsəfə doktorluğu üzrə 4, elmlər doktorluğu üzrə 2 dissertasiya işi müdafiə olunub.
Akademik Fuad Əliyev hesabat ilində bölmənin beynəlxalq elmi əlaqələrinin davam etdirildiyini bildirib. Qeyd edib ki, əməkdaşlar Türkiyənin TÜBİTAK ali elmi qurumu, İtaliyanın Aralıq dənizi hövzəsi və Yaxın Şərq Tədqiqatları Mərkəzi və digər xarici qurumlarla birgə fəaliyyət göstəriblər.
Elm və təhsilin inteqrasiyasından danışan məruzəçi bildirib ki, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin Gəncə Bölməsində baza kafedraları yaradılıb, gənc elmi kadrların hazırlanması məqsədilə elmi əsərlərin, məqalələrin və monoqrafiyaların nəşri, müştərək elmi-tədqiqat işlərinin, akademik və informasiya mübadilələrinin aparılması istiqamətində birgə işlər görülüb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. AMEA-nın Gəncə Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı qəbul olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !