İnqilabi struktur islahatları - büdcəyə qənaət və çevik idarəetmə

İnqilabi struktur islahatları – büdcəyə qənaət və çevik idarəetmə

Struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir

Xəbər verdiyimiz kimi, yanvarın 14-də prezident İlham Əliyev tərəfindən dövlət idarəetmə aparatında struktur dəyişikliklərini nəzərdə tutan bir neçə fərman imzalayıb.

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək.

Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv olunub. Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilərək onların fəaliyyətinin ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunmasına qərar verilib.

Prezidentin digər fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirir, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edir.

Nəhayət, prezidentin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv olunaraq onun bazasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.

İdarəetmədə çeviklik və səmərəlilik artır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edir ki, aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir: “Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Cənab prezidentin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi – səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı cənab prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir”.

V.Qasımlının sözlərinə görə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir: “Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Struktur islahatları, xüsusilə “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstəməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcəkdir.

Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir”.

Mərkəz rəhbəri hesab edir ki, struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatar və keyfiyyətli olacaq: “Bir pəncərə və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas süjet xəttidir. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı daimi olaraq sosial tarazlıq qorunub. Bu dəfə də struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab prezidentdən xüsusi tapşırıqlar alıb”.

İslahatlar davam etdirilməlidir

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, idarəetmə strukturunun optimallaşdırılması, büdcə vəsaitlərindən istifadənin rasionallaşdırılması məqsədilə paralel orqanların ləğvi, birləşdirilməsi və dövlət idarəçiliyinin daha yaxşı təşkil edilməsi məqsədəmüvafiqdir: “Ayrı-ayrı nazirliklərin, Prezident Administrasiyasının yanında fondların, agentliklərin və katibliklərin fəaliyyət göstərməsi doğru yanaşma deyil. Bu, idarəetmə aparatının şişməsinə gətirib çıxarır. Bilik Fondu dörd il idi ki yaradılmışdı, görünür, özünü doğrultmayıb. Elmin İnkişafı Fondunun əsas məqsədi fundamental elmi tədqiqatların maliyyələşdirilməsidir. Doğrusu, bu fondun fəaliyyətində indiyədək səmərəli nəticə görməmişəm”.

SAM-ın ləğvinə gəlincə, Q.İbadoğlu hesab edir ki, belə mərkəzlər müstəqil olmalıdır: “Orada tədqiqat və faəliyyət azadlığı olmalı, alternativ fikirlər istehsal olunmalıdır. Strateji Araşdırmaları Mərkəzi 2007-ci ildə yaradılmışdı. Bu mərkəzdə müəyyən bacarıqlı kadrlar toplansa da, ümumi fəaliyyətində ciddi uğurlar müşahidə olunmadı. İstənilən halda, hər hansı beyin mərkəzinin ləğvinin tərəfdarı deyiləm. Bu baxımdan, düşünürəm ki, mərkəzin müstəqilliyinin təmin olunması onun faydalı fəaliyyətini təmin edərdi”.

İqtisadçı-alimin fikrincə, digər istiqamətlər üzrə həyata keçirilən dəyişikliklər idarəetmədə çevikliyin təmin olunması baxımından müsbət addımlardır: “Hesab edirəm ki, bu addımlar davam etdirilməlidir. Eyni zamanda bu cür addımların xüsusi hazırlanmış islahatlar paketinin tərkib hissəsi kimi müəyyənləşdirilməsi çox vacibdir. Diqqətimi cəlb edən məsələlərdən biri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğvidir. Bu agentlik müasir çağırışlara uyğun olan bir sahədə fəaliyyət göstərirdi. Bu sahənin dövlət dəstəyi olmadan, sırf kommersiya əsasları ilə inkişaf etdirilməsi mümkün deyil. Bu baxımdan, hesab edirəm ki, hansısa formada bu sahəyə dövlətin dəstəyi təmin olunmalıdır”.

Aqrar sahədə islahatlar üçün mühüm amillər vardı

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Nicat Nəsirli bildirir ki, 2018-ci ildə dövlət səviyyəsində qida və kənd təsərrüfatına baxışlar mahiyyətcə dəyişdi, aqrar siyasəti həyata keçirən mərkəzi icra qurumunun rəhbərinin dəyişdirilməsi isə ciddi islahatların aparılacağını deməyə əsas verirdi: “Əslində islahatların aparılması üçün mühüm amillər vardı, aqrar sektor ölkənin ümumi inkişafı fonunda çağırışlara cavab vermirdi. İllərdir aqrar siyasətin qarşısına qoyulmuş xidmətyönümlü sahəyə çevrilmək, məşğulluq səviyyəsinin yüksəldilməsi, təsərrüfatlarda dəyər zəncirinin yaradılması kimi hədəflər həyata keçirilmirdi. Faktdır ki, bu gün fermerlərin istehsal prosesini təşkil etmək üçün çoxsaylı xidmətlərə ehtiyacı var və bu xidmətlər fasiləsiz olaraq verilməlidir. Fikrimcə, ötən ilin ikinci yarısından başlamış institutsional islahatların əsas məqsədi kənd təsərrüfatının xidmət sektorunun müasir tələblər səviyyəsində yenidən təşkilidir.

Rayonlardakı kənd təsərrüfatı idarələrinin ləğv edilərək DAİM mərkəzlərinin yaradılması, KTN-in xidmət qurumlarında aparılan kadr islahatları, texnika və damazlıq heyvan bazarında biznes münasibətlərinin formalaşdırılması məqsədilə ”Aqrolizinq” sistemində aparılan köklü dəyişiklik, kənd təsərrüfatı kreditləri alətlərinin yenidən təşkili, arıçılığın subsidiyalaşmağa cəlb edilməsi, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Tətqiqatlar Mərkəzinin fəaliyyətə başlaması, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin ləğv edilərək yenidən təşkili istiqamətində atılan addımlar, eyni zamanda Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması kənd adamlarına göstərilən xidmətlərin lazımi səviyyədə olmamasını göstərirdi və yəqin ki, bu sahədəki problemləri xeyli dərəcədə aradan qaldıra biləcək. Əvvəlki dövrlərdə hesab edirdilər ki, xidmətlərin operativ çatdırılması üçün hər xidmət üzrə ayrıca qurumların yaradılması vacibdir, indi isə siyasət onun üzərində qurulub ki, bütün xidmətlər vahid pəncərədən təqdim edilsin”.

Mütəxəssis hesab edir ki, 2019-cu ildə qarşıda duran hədəflər baxımından instutsional islahatların aparılması vacib addımdır: “Bu il elektron kənd təsərrüfatı sisteminin qurulması, aqrolizinq xidmətlərinin özəlləşdirilməsi, damazlıq heyvan və gübrə dəstəyinin optimallaşdırılması, xırda təsərrüfatların birləşdirilməsi-kooperasiya münasibətlərinin yaradılması, qida məhsulları üzrə özünütəminetmə səviyyəsinin 100 faiz həddinə çatdırılması, torpaqların məhsuldarlığının yüksəldilməsi, yem əkinçiliyinin genişləndirilməsi, əl əməyi və digər problemlərin aradan qaldırılması kimi problemlər həllini tapmalıdır. Əks təqdirdə, aqrar iqtisadiyyatda əsaslı dönüşün yaranması mümkün olmayacaq”.

İslahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək

Kənd Təsərrüfatı Nazirliyində isə hesab edirlər ki, nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək: “Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.

İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq.

Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə göstəriləcək, agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək”.

Nazirlikdən bildirildiyinə görə, hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir: “Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq. İmzalanan fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib”. minval.info

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )