RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB - (+FOTOLAR)

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Yanvarın 25-də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə baxılıb. Bölmənin elmi müəssisə və təşkilatlarından olan alimlər mühüm elmi nəticələrə dair məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıblar. Sonra bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA prezidentinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb.

Akademik Ə.Əmiraslanov bölmə institutları üzrə 18 problemi əhatə edən 91 mövzu üzrə 255 tədqiqat işinin 461 mərhələdə aparıldığını, həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən bir sıra multidissiplinar elmi-tədqiqat proqramlarının icra olunduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, bölmədənkənar tibb müəssisələrində 31 problem, 140 mövzu, 311 işi əhatə edən tədqiqatlar aparılıb, aqrar elm və təhsil müəssisələrində isə 26 problem, 106 mövzu, 296 iş üzrə tədqiqat işləri davam etdirilib. Məruzəçi bölmənin institutlarında 5, tibb sahəsi üzrə 64, aqrar elm və təhsil müəssisələri üzrə 28 elmi nəticənin tətbiq olunduğunu vurğulayıb.

Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, hesabat ilində 402-si xaricdə, onlardan 143-ü impakt faktorlu jurnallarda olmaqla 885 məqalə, 163-ü xaricdə olmaqla 430 tezis, 3-ü xaricdə olmaqla 17 kitab, 10 xaricdə olmaqla 19 monoqrafiya, 15 dərslik və dərs vəsaiti çap olunub.

Ə.Əmiraslanov bildirib ki, hesabat ilində bölmənin institutları tərəfindən biri xaricdən olmaqla 10, tibb sahəsində 5-i xaricdə olmaqla 7, aqrar sahə elmi müəssisələrində 5-i xaricdə olmaqla 36 patent alınıb.
Hesabat ilində bölmənin institutları tərəfindən təşkil olunmuş respublika və beynəlxalq səviyyəli tədbirlərdən danışan alim AMEA Rəyasət Heyətinin, BTEB-in və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitu¬tunun təşkilatçılığı ilə görkəmli alim, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Cəlal Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini qeyd edib. Natiq bu tədbirlər sırasında AMEA, Biologiya və Tibb Elmləri Bölməsi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Beynəlxalq Fotosintez Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş və akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 9-cu beynəlxalq konfrans və “Cəlal Əliyev qiraətləri” adlı tədbiri xüsusi qeyd edib. Bildirib ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat” konfransın gedişində Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton-Ray tərəfindən Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Renə təqdim edilib.
Məruzəçi bölmənin beynəlxalq əlaqələrindən danışaraq bildirib ki, Böyük Britaniyanın Kyu Kral Botanika Bağları, Almaniyanın Freie Universiteti, ABŞ Kənd Təsərrüfatı Departamenti, ABŞ Missuri Botanika Bağı, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzi, Buğda və Qarğıdalının yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, Niderland Krallığının Vageningen Universiteti və “Rijk Zwaan Breeding” təşkilatı, Fransanın Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu və onun Bordo və Aviqnon Mərkəzləri və Monpelye Universiteti, Almaniyanın Hannover, Frankfurt, Ştutqart uni-versitetləri, Ukrayna Tibb Elmləri Akademiyasının Herontologiya İnstitutu, Rusiyanın Dokuçayev adına Torpaq İnstitutu, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Mərkəzi Sibir Botanika Bağı, həmin Bölmənin Sitologiya və Genetika İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Həştərxan Dövlət Universiteti, ABŞ-ın Botanika Bağları Cəmiyyəti, Türki¬yənin Hacettepe, Ankara, Mustafa Kamal Atatürk universitetləri, İtaliyanın Milli Tədqiqat Şurası Davamlı Bitki Mühafizəsi İnstitutu, Rusiya, ABŞ, Türkiyə, İran, Gürcüstan və s. ölkələrin 60-dan çox digər elmi tədqiqat və təhsil müəssisələri, genbankları, nəbatat bağları, eləcə də beynəlxalq mərkəzləri ilə elmi əlaqələr inkişaf etdirilib.

Natiq bildirib ki, keçən il AMEA Rəyasət Heyətinin qərarı ilə Bölmənin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Cənubi Koreyanın Seul Universi¬teti ilə müştərək beynəlxalq laboratoriya və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmuno¬fiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.

Bölmə institutlarının əməkdaşlarının 2018-ci ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layi-hələrində iştirak etdiyini deyən alim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bəzi xarici fondlar tərəfindən maliyyələşdirilən 58 layihə əsasında 32 xarici alimlə birgə tədqiqatlar aparıldığını diqqətə çatdırıb.

Elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətlərin gücləndirildiyini qeyd edən akademik hesabat ilində bölmənin institutları ilə respublikanın tədris mərkəzləri arasında əməkdaşlığın davam etdirildiyini, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universitetinin və başqa ali təhsil müəssisələrinin müvafiq kafedraları ilə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırıb.

Bölmənin institutlarında elmi kadrların hazırlanmasından danışan alim qeyd edib ki, 2018-ci ildə doktoranturaya 18, magistraturaya 15 nəfər qəbul olunub, 82 doktorant, 139 dissertant elmi tədqiqatlarını davam etdirib, 14 elmlər və 30 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 11 elmlər, 12 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.

Sonra iclasda AMEA Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı da dinlənilib. Məruzə ilə çıxış edən ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, mərkəzin ötən ilki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, AMEA Rəyasət Heyətinin qərarları, Akademiya rəhbərliyinin sərəncamları əsas götürülüb.

Natiq vurğulayıb ki, "Azərbaycan Respublikası İqtisadiyyatının əsas sektorları üzrə Strateji Yol Xəritələri"ndəki tapşırıqların icrası üzrə AMEA-nın "Tədbirlər Planı"na uyğun olaraq "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"na dair yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması istiqamətində tədqiqatlar davam etdirilib. Y.Şükürlü tut ipəkqurdunun yeni yaradılmış, məhsuldar 2 cins və 2 hibridinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edildiyini diqqətə çatdırıb.

AMEA-ya məxsus 3 hektar təcrübə sahəsində Çin Xalq Respublikasından gətirilmiş 15 min tut tingindən ibarət plantasiya salındığını deyən alim bildirib ki, həmin tinglərdən götürülən qələm materialı əsasında 3 min ədəd tut tingi yetişdirilib. Məruzəçi Bolqarıstandan gətirilmiş süni yemlə bəslənən 3 tut ipəkqurdu hibridi və tut yarpağı ilə bəslənən 2 rayonlaşdırılmış cins üzərində müqayisəli tədqiqatların yerinə yetirildiyini əlavə edib.

Mühüm nəticələr haqqında məlumatları diqqətə çatdıran mərkəz rəhbəri hesabat ilində yeni istiqamətlər üzrə təsdiq edilmiş iş planlarına uyğun olaraq 8 şöbədə 8 mövzu daxilində tədqiqat işlərinin yerinə yetirildiyini deyib. Vurğulayıb ki, hesabat ilində mərkəz əməkdaşlarının 4-ü xaricdə olmaqla 30 məqaləsi, 7-si xaricdə olmaqla 23 tezisi dərc olunub. Alimlərin 16 beynəlxalq konfransda iştirak etdiyini söyləyən natiq xarici, eləcə də impakt faktorlu jurnallarda da əsərlər çap olunduğunu əlavə edib.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq olunub, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə olub. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev qurumun ötən ilki elmi fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd olunub ki, mərkəzin əməkdaşları Lənkəran-Astara bölgəsinin floristik tərkibinin öyrənilməsi və müxtəlifliyin qiymət¬ləndi¬ril¬məsi, nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyət¬ləri; Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması; Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçiriblər.

Statistik məlumatları diqqətə çatdıran natiq bildirib ki, ötən il mərkəzdə 3 mövzu əsasında 2 problem üzrə tədqiqatlar aparılıb, 4 iş başa çatdırılıb.

F.Quliyev vurğulayıb ki, çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib.

Alim Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarının yeni "LənkəranMeyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edildiyini diqqətə çatdırıb. O əlavə edib ki, yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

Məruzəçi Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparıldığını və genefondun qorunması üçün təkliflərin hazırlanmasını diqqətə çatdırıb.

Hesabat ilində Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji tədqiqatların davam etdirildiyini deyən natiq yeni abidələrin aşkar olunduğunu söyləyib. LREM-in Arxeologiya şöbəsinin nəzdində təşkil olunan arxeoloji fonduna daxil olan tapıntıların bir hissəsi xüsusi ekspozisiyada nümayiş olunur. Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.

F.Quliyev bildirib ki, mərkəzin əməkdaşları "Biomüxtəliflik Proqramı" çərçivəsində Almaniyanın Bavariya meşələrində praktiki treninqlərdə iştirak ediblər. İran İslam Respublikasının bir sıra elmi müəssisələri ilə, o cümlədən Əkinçilik Nazirliyinin Gilan vilayətinin Cihad Kənd Təsərrüfatı və Əkinçilik İdarəsi, Əkinçilik Tədqiqat Mərkəzi, Çay Tədqiqat İnstitutu ilə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

Məruzəyə dair müzakirələr aparılıb və suallar cavablandırılıb. Hesabatın təsdiq olunması, statistik məlumatların AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !